AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Əmək və Sоsial Münasibətlər Akademiyasında aparılan təmir-bərpa işləri ilə tanış olub

1039

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan Əmək və Sоsial Münasibətlər Akademiyasının binasında aparılan yenidənqurma və təmir-bərpa işləri ilə tanış olub.

S.Möhbalıyev əvvəlcə akademiyanın həyətinə baxış keçirib, həyata keçirilən abadlıq işlər ilə maraqlanıb. Qeyd edək ki, binanın arxa və yan hissələrindəki sahəyə asfalt örtüyü çəkilib, qarşısındakı meydana qranit daş döşənib, yeni ağaclar və gül kolları əkilib.
Sonra AHİK sədri müəllim heyəti üçün nəzərdə tutulmuş otaqlarda, tələbələr üçün tədris zallarında, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalında, akt zalında, kitabxana və oxu zalında aparılan işlərlə tanış olub.
Akademiyanın rektoru Hüseyn Qaraşov görülən işlər barədə AHİK sədrinə ətraflı məlumat verib. Bildirilib ki, təmir işləri bütün fakültələri əhatə edir, otaqların divarları və tavanı rənglənir, döşəməyə yeni parket vurulur, pəncərə çərçivələri yeniləri ilə əvəzlənir.
AHİK sədri akademiyanın tələbə yataqxanasına da baxış keçirib, yaradılan şəraitlə tanış olub, mövcud problemlərin həlli istiqamətində tövsiyələrini verib. Sədr, öz növbəsində, bir sıra çatışmazlıqları akademiya rəhbərliyininin diqqətinə çatdırb və bu kimi məsələlərin həllində Konfederasiya tərəfindən müvafiq dəstəyin göstəriləcəyini qeyd edib.
Daha sonra S.Möhbalıyev həmin binada yerləşən AHİK-in üzv təşkilatlarına baş çəkib, otaqları gəzib, işçilərlə söhbətləşərək problemlərini dinləyib. Bəzi təşkilatların yerləşdiyi ofis otaqlarının təmirə ehtiyacı olduğu, işçilər üçün daha rahat və təhlükəsiz iş şəratinin yaradılması bildirilib.