AHİK-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi ilə əlaqədar tədbir keçirilib

677

Mayın 7-də müasir Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) onlayın formatda tədbir keçirilib.

Tədbirdə çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ulu öndərin Azərbaycan tarixində yeri və rolu, tarixi əhəmiyyətli xidmətləri, uğurlu fəaliyyəti və xilaskar missiyaları barədə danışıb.
Qeyd edib ki, tariximizin bənzərsiz siması olan Heydər Əliyevin bütün fəaliyyətinin kökündə xalqına, dövlətinə, Vətəninə olan sonsuz məhəbbət dayanırdı və xalqı üçün nə edirdisə, onu böyük şövqlə, sevərək edirdi. Ulu öndər özünün dühası, özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi nöqtədə birləşdirmək bacarığı ilə dövlətə rəhbərlik fəaliyyətinin bütün mərhələlərində xalqın rəğbət və etimadını, inamını qazanıb.

AHİK sədri ümummilli liderin Azərbaycan cəmiyyətinin vahidliyinin, bütövlüyünün təmin olunmasını özünün strateji vəzifəsi saydığını, ölkəni sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan vermədiyini deyib.

Çıxışda qeyd olunub ki, ulu öndər istər 1969-cu ildə, istərsə də 1993-cü ildə hakimiyyətə gələrkən ölkədə böhran vəziyyəti hökm sürürdü,həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilərkən də orada durum o qədər də yaxşı deyildi. Ulu öndər hər üç halda üzərinə götürdüyü missiyanı uğurla yekunlaşdıraraq xilaskar rolunu oynayıb və bugünkü çiçəklənən Azərbaycanın uğurlarının kökündə məhz ulu öndərin bu, unudulmaz tarixi xidmətləri dayanır.­

S.Möhbalıyev bildirib ki, 1993-cü ildə Prezident seçiləndən sonra ali rəhbərin sərkərdəlik məharəti ilə Ermənistanın Azərbaycana qarşı apardığı hücum əməliyyatlarının dayandırıldığını və ardınca Füzuli rayonunun 20, Cəbrayıl rayonunun , həmçinin Horadiz qəsəbəsinin işğaldan azad olduğu tarixi “Horadiz” əməliyyatını xatırladaraq bunu münaqişənin gedişində əsaslı dönüş adlandırıb.

Ulu öndərin həmkarlar ittifaqlarına diqqət və qayğısından danışan AHİK sədri qeyd edib ki, ötən əsrin 90-cı illərin əvvələrində rəhbərlik etdiyi quruma o vaxtkı hakimiyyətin münasibəti birmənalı olmayıb. Həmkarlar ittifaqlarının işinə yerli-yersiz müdaxilələr olunduğunu, hətta qurumun mülkiyyəti hesab olunan inzibati binanın başqa bir quruma verilməsi cəhdi olduğunu qeyd edib. Məhz ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra bu cür təzyiqlərə son qoyuldu, həmkarlar ittifaqlarının həyatında yeni mərhələ başladı. Ümummilli lider daim həmkarlar ittifaqının fəaliyyətini diqqətdə saxlayırdı, qayğıları ilə maraqlanırdı və bugünkü fəaliyyətimiz, uğurlarımız üçün ona borcluyuq.

AHİK sədri bildirib ki, ulu öndərin layiqli davamçısı kimi, Prezident İlham Əliyevin də diqqət və qayğısını öz üzərimizdə həmişə hiss edirik və bu, bizi daha da ruhlandırır və məsuliyyətimizi artırır.

Tədbirdə daha sonra Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri Hikmət Osmanov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Cəmilə Səttarova, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri Cahangir Əliyev, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının sədri Fəzail Bağırov çıxış edərək ulu öndərin həyat yolundan, siyasi fəaliyyətindən, quruculuq işlərindən, kadr siyasətindən söz açıblar və xatirəsini ehtiramla yad ediblər.