Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib

750

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “Böhranı qabaqlamaq və ona hazır olmaq – dayanıqlı əməyin mühafizəsi sistemlərinə investisiya qoymaq” mövsusunda videokonfrans keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı, həmçinin beynəlxalq təşkilatların, sosial tərəfdaşlığın, aidiyyəti dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

Nazir S. Babayev çıxışı zamanı ölkəmizdə əməyin mühafizəsi istiqamətində silsilə addımlar atıldığını, ilk dəfə olaraq 2020-ci ildə Əməyin Təhlükəsizliyinin Standartlaşdırılması üzrə Texniki Komitənin təsis edildiyini, digər tərəfdən Əmək Məcəlləsinə geniş dəyişiklik layihəsi hazırlandığını bildirib. Nazir qeyd edib ki, əməyin mühafizəsi Azərbaycanda dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir və BƏT-nin əməyin mühafizəsi ilə bağlı konvensiyaları ölkəmiz tərəfindən qəbul edilib, əməyin mühafizəsi sahəsində dolğun milli qanunvericilik yaradılaraq daim təkmilləşdirilir. Nazir həmçinin bütün işçilərin işəgötürənlər tərəfindən iş yerlərində bədbəxt hadisələrdən sığortalanmasının vacibliyini vurğulayıb.

Daha sonar çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev pandemiya şəraitində əməyin mühafizəsi istiqamətində görülən işlərdən söz açıb. Sədr qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə pandemiyaya qarşı təxirəsalınmaz profilaktik tədbirlərin həyata keçirilməsi üçün zəruri qərarlar qəbul edilib, sosial təcrid qaydalarının tətbiqi ilə əlaqədar bir çox müəssisə və təşkilatların fəaliyyəti dayandırılıb, iş vaxtları azaldılıb, məsafəli iş rejiminə keçirilib, kollektivlər daxilində virusun yayılmasının qarşısının alınması üçün məhdudlaşdırıcı tədbirlər müəyyən edilib.

S.Möhbalıyev pandemiya dövründə Azərbaycan həmkarlar ittifaqları tərəfindən 76 şəhər və rayonda yaşayan 3 900 aztəminatlı ailəyə 2 dəfə olmaqla 136 ton ərzaq sovqatı paylandığını, maddi yardımlar göstərildiyini qeyd edib və bildirib ki, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə rəhbərlik etdiyi qurum tərəfindən 6 milyon manatdan çox vəsait sərf edilib.

Konfederasiya sədri əmək qanunvericiliyinin və əməyin mühafizəsi tələblərinin yerinə yetirilməsi ilə bağlı əmək müfəttişləri tərəfindən aşkara çıxarılmış nöqsanların 93 %-dən çoxunun aradan qaldırılmasına nail olunduğunu bildirib. Onun sözlərinə görə, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyət göstərdiyi müəssisələrdə 2020-ci il ərzində istehsalatda xəsarət alanların sayı 24,4 %, istehsalat xəsarəti nəticəsində həlak olanların sayı isə 28,1 % azalıb.­­

S.Mehbalıyev qeyd edib ki, 2009-cu ildən Konfederasiyanın üzv və tabeliyindəki müəssisə və təşkilatlarda həmkarlar ittifaqı nəzarətinin səmərəliliyini yüksəltmək, onlar üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaq, hər bir iş yerində təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində həmkarlar ittifaqı təşkilatlarını və işəgötürənləri mənəvi və maddi cəhətdən həvəsləndirmək məqsədilə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsi keçirilir.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı çıxışları zamanı mövzu ilə bağlı öz fikirlərini bölüşüb və təkliflərini irəli sürüblər.

Daha sonra mövzu ilə bağlı təqdimatlar dinlənilib.