“Türkiyənin itirilməsi ABŞ üçün uğurlu deyil”

692

“ABŞ kimi dünyada böyuk nüfuz sahib olan dövlətin prezidentinin dilindən yalançı, uydurma və heç bir tarixi fakta əsaslanmayan “erməni soyqırımı” kəlməsinin eşidilməsi çox məyyusedici bir məqamdır. Hadisələri araşdırmaq üçün tarixə nəzər salsaq, görərik ki, ermənilərin iddia etdiyi “erməni soyqırımı” əslində baş verməyib.

Bunu sübutu Ermənistanın Türkiyənin təklif etdiyi həmin dövr hadisələrini araşdırmaq üçün birgə komissiyanın yaradılması təklifindən imtina etməsidir. Türkiyə dəfələrlə arxivləri açmağa hazır olduğunu bildirib. Amma Ermənistanın bundan nə üçün boyun qaçırması heç kimə sirr deyil”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisinin deputatı Səttar Möhbalıyev bildirib.

“Çox təəssüflər olsun ki, bəzi dövlətlər bu yalançı iddialara inanır və ya öz siyasi məqsədləri üçün yararlanmağa çalışırlar. Türkiyənin regionda nüfuzunun artması, bölgədə böyük güc və söz sahib olması, təbii ki, bir çox maraqlı dövlətləri narahat edir. Həmin regionda ABŞ-ın qarışıq planları da göz qabağındadır. Artıq Türkiyə ilə başqa dildə danışmağın mümkün olmadığını görənlər bu cür əsassız bəyanatlardan istifadə edib, Türkiyənin nüfuzuna xələl gətirməyə çalışırlar. Heç bir tarixi və dövlətçilik ənənəsi olmayan, özgə torpaqları hesabına yaradılmış, daim təcavüzkar və soyqırımı siyasəti həyata keçirən bir dövlətin yalançı maraqlarına xidmət edən “erməni soyqırımı” ifadəsinin işlədilməsi, təbii ki, ABŞ-ın yaxın gələcəkdəki siyasətində öz mənfi fəsadlarını göstərəcək. NATO-nun üzvü və alyansda böyük hərbi güc sahibi olan Türkiyənin itirilməsi, təbii ki, ABŞ üçün uğurlu deyil”.

“Aprelin 24-də Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında da dövlətimizin başçısı bu qərarın tarixi səhv olduğunu, bu yanaşmanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu qeyd edib. Həmçinin cənab Prezident Azərbaycanın hər zaman Türkiyənin, Türkiyənin də hər zaman Azərbaycanın yanında olduğunu məmnunluqla ifadə edib. Bu da onu göstərir ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə heç vaxt siyasət meydanında həmişə, o cümlədən gərgin məqamlarda biri-birini tək qoymayacaq”, – S. Möhbalıyev fikirlərinə əlavə edib.