Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikamızda koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk günlərdən ölkə vətəndaşlarının sağlamlığının, sosial təminatının qorunmasını əsas vəzifə kimi müəyyənləşdirib, bütün dövlət qurumlarına diqqəti bu sahəyə yönəltməyi tapşırıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) da Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə bağlı həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edir.
Maartın 11-də AHİK-in İcraiyyə Komitəsi xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, təqaüdçülərə ərzaq yardımlarının paylanmasını nəzərdə tutan yeni qərar qəbul edib. Bu məqsədlə respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq sovqatının paylanılması qərara alınıb.
Martın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkil etdiyi maşın karvanı ərzaq sovqatlarını ünvanlarına çatdırmaq üçün 76 şəhər və rayona yola düşüb. Azərbaycanın bütün bölgələrini əhatə edəcək bu aksiyada yerlərdəki həmkarlar ittifaqı fəalları da iştirak edəcəklər.
Xatırladaq ki, 2020-ci il aprelin 29-da da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası aztəminatlı ailələrə maddi və mənəvi yardım məqsədilə respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 ailəyə maşın karvanları ilə 68 ton ərzaq sovqatı göndərib.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan Prezidentinin atdığı addımlar vətəndaşlarımızın sağlamlığının və rifahının qayğısına qalmağın dövlətimizin başçısı üçün ən vacib məsələ olduğunu bir daha təsdiq etdi. O qeyd edib ki, koronavirus pandemiyası şəraitində həmkarlar ittifaqları təşkilatları tərəfindən maddi və mənəvi yardımların göstərilməsi davam etdiriləcək.