Zəfər Komandanı

783

Tarixboyu gələcək hədəfləri özündə ehtiva edən, mütərəqqi ideyalar ətrafında sıx birləşməyi bacaran xalqlar qarşıya qoyduqları məqsədlərə doğru daha inamla irəliləyib və uğurlu nəticələr əldə ediblər.

Fəqət bu da inkaredilməz reallıqdır ki, hansısa ideyanın mütərəqqi mahiyyətiözlüyündə hələ onun uğuruna təminat vermir: perspektiv hədəflərlə bağlı ideyalar o vaxt həyati və cəlbedici təsir bağışlayır ki, onun reallaşdırılması mexanizmləri barədə aydın təsəvvürlər mövcud olsun. Bu cür yetkin baxışın olması xalqın mandatı əsasında ölkəyə rəhbərlik missiyasını üzərinə götürmüş liderlərin idarəçilik keyfiyyətlərindən və gələcəklə bağlı optimal qərarlar qəbul etmək məharətindən asılıdır.
Xalqa layiqli xidmət məramı
2003-cü ilin 31 oktyabrında səlahiyyətlərinin icrasına başlayan dövlət başçısı cənab İlham Əliyevötən 17 ildə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə yanaşı, UluÖndərin xaos və anarxiyadan qurtardığı respublikamızın “Güclü dövlət – müstəqil siyasət” konsepti əsasında inkişafını təmin edib. Ötən illərdəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə və praqmatizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləyib. Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu ictimai həyatın bütün sahələrində böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olub.
Əgər 1993-2003-cü illərdə dövlət müstəqilliyinin daxili və xarici təhdidlərdən qorunub saxlanılması, iqtisadiyyatın dirçəldilməsi, ölkəmizin beynəlxalq arenada tanıdılması praktiki məqsədlər idisə, son17 ildə obyektiv həyat reallıqları yeni hədəflər müəyyənləşdirib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycanın bugünkü reallıqları bir daha müstəqilliyimizin üstünlüklərini göstərir. Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır. Bunun başlıca səbəbi müstəqil olmağımızdır. Müstəqillik ən böyük sərvətdir. Hər bir vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə müstəqilliyimizə töhfə verməlidir. Elə etməliyik ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin”.
“Biz xalqın xidmətçisiyik”, – deyən Azərbaycan Prezidenti ötən 17 ildə cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalışmaqla, hər bir fərdin marağına cavab verən çevik və qətiyyətli qərarlar qəbul edib. Azərbaycanın siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə etdiyi yüksək nəticələrin möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə və vətəndaş sülhünə əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Bu gün respublikamızda mövcud olan daxili sabitlik, əmin-amanlıq, milli barışıq mühiti demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin başlıca təminatlarından biridir.
Müasir dövrdə hər bir dövlətin gücü və qüdrəti “insan meyarı”, yəni həyat keyfiyyətinin, şəxsiyyətin dövlət tərəfindən təmin olunan vəziyyətinin önə çəkilməsi ilə ölçülür. Şəxsiyyət azadlığı, insanların maddi rifah səviyyəsi, hər bir fərdin özünü cəmiyyətdə təsdiqetmə imkanı – “insan meyarının” bu və digər elementləri onu dövlətin inkişafının qiymətləndirilməsinin əsas meyarlarına çevirir. Bu mənada əminliklə demək olar ki, tarixin heç bir mərhələsində Azərbaycan cəmiyyəti son illərdəki kimi sürətli dəyişikliklərə uğramayəb, insan amili belə aktual, öncül məsələ kimi gündəmə çıxmayıb.
Dünya təcrübəsi göstərir ki, təbii sərvətlərin zənginliyi bəzi hallarda dövlətlərə və xalqlara rifah, səadət və inkişaf deyil, əksinə, böyük faciələr, ağlasığmaz problemlər gətirir. Neftdən səmərəsiz istifadə nəticəsində bir çox ölkəni acınacaqlı vəziyyətə salmış “Holland sindromu” kimi arzuolunmaz presedent mövcuddur. Azərbaycan isə təbii sərvətlərindən maksimum səmərəli və məqsədyönlü şəkildə istifadə etməklə, ilk növbədə, çoxşaxəli iqtisadi inkişafa nail olub, eləcə də əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində uğurlu nəticələr qazanıb. “Neft bizimüçün məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün vasitədir”, – deyən dövlət başçısı İlham Əliyevin yeritdiyi məqsədyönlü strategiya nəticəsində 2021-ci ilin dövlət büdcəsində qeyri-neft sektoru 54 faizə yüksələcək. Pandemiyaşəraitində qeyri-neft sektorundakı artım hökumətin fəaliyyətinin yüksək səmərəlilik əmsalı kimi xüsusi vurğulanmalıdır.
Pandemiyaya qarşı çevik strategiya
Dünyanın koronavirus pandemiyasından (COVID-19) ciddi ziyançəkdiyi, hətta inkişaf etmiş ölkələrin belə bu qlobal bəladan sarsıldığı bir zamanda Azərbaycanın pandemiyaya qarşı mübarizədə mütərəqqi model ortaya qoyması bir daha təsdiqləyir ki, ölkəyə rəhbərlik edən liderin müdrik qərarları bəzən bütöv bir xalqı faciədən hifz edir.
Son 9 ayda mühüm dövlət proqramlarının işlənib hazırlanması və qəbulu sosial təcrid tədbirləri nəticəsində iş yerlərini müvəqqəti itirmiş vətəndaşlara və sahibkarlıq subyektlərinə ciddi dəstək olub. Prezident cənab İlham Əliyevin19 mart 2020-ci il tarixli Sərəncamı əsasında pandemiyanın iqtisadiyyata, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə dəyəri 2,5 milyard manataçatan sosial-iqtisadi dəstək paketinin qəbulu cəmiyyətdə ciddi dəstək və razılıqla qarşılanıb. Pandemiya dövründə mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri üçün ciddi güzəştlərin nəzərdə tutulması iş adamlarına dəyən zərərin kompensasiya edilməsi baxımından olduqca əhəmiyyətlidir.
Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən 300 mindən çox insanın əməkhaqlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən dəstəklənməsi, 300 minə yaxın mikro sahibkarın, ümumilikdə, 600 minə yaxın insanın dövlətdən maddi yardım alması ölkə rəhbərinin daim xalqın yanında olduğunun əyani təsdiqidir.
Pandemiya dövründə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən sosial dəstək aksiyası da aztəminatlı vətəndaşların problemlərinin həlli baxımından əhəmiyyətli olub. “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən aksiya çərçivəsində respublika üzrə 100 minədək aztəminatlı ailəyə ərzaq yardımlarının paylanılması təmin edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanınçağırışlarına qoşulan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası pandemiya ilə bağlı həyata keçirdiyi sosial tədbirlərdə yaxından iştirak edir. Belə ki, sosial dəstək tədbirləri çərçivəsində Azərbaycan həmkarlar ittifaqları təşkilatları qısa müddət ərzində 5.372.588 manat vəsait xərcləyiblər.
Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışı ölkəmizin ilk gündən pandemiyaya qarşı sistemli, ardıcıl və preventiv tədbirlər həyata keçirdiyini bir daha nümayiş etdirdi.
İl ərzində ölkədə pandemiya ilə bağlı laboratoriyaların sayı 8 dəfə artırılıb, 10-dan çox yeni müasir xəstəxana, o cümlədən modul tipli xəstəxana tikilib, COVID xəstələri üçün 10 mindən çox çarpayı yeri yaradılıb. Həkim çatışmazlığı probleminin həlli üçün 5 ölkədən – İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən mütəxəssislər dəvət edilib.
Yeni karantin tədbirləri ilə bağlı işsiz vətəndaşlara və biznes subyektlərinə maliyyə dəstəyinin davam etdirilməsi nəzərdə tutulub və bu baxımdan respublikamız dünyanın lider dövlətləri sırasında yer alıb. Azərbaycanın 2021-ci ilin əvvəlindən etibarən könüllülük və dövlət hesabına vaksinləşmə prosesini başlamaq niyyəti vətəndaşların sağlamlığının dövlətimiz üçün prioritet məsələ olduğunu bir daha təsdiqləyir. Bu məqsədlə aparıcı vaksin istehsalçıları olan “Sputnik V”, “AstraZeneca”, “Sinofarm”, “Sinovac”, “Moderna”, “Pfizer BioNTech” kimi firmalarla danışıqlar aparılıb, Azərbaycan ölkələrin vaksinlərə ədalətli istifadə imkanını təmin etmək üzrə Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə beynəlxalq”COVAX” təşəbbüsünə ilk qoşulan ölkələrdən olub. Ölkəmizin vaksinləmə strategiyası çoxplatformalılığı nəzərdə tutmaqla, vaksinlərin elmi cəhətdən əsaslandırılmış təhlükəsizliyini prioritet məsələ kimi diqqətə çəkir.
Dekabrın 3-4-də Azərbaycan Prezidentinin təşəbbüsü, 70-dən çox dövlət və hökumət başçısının iştirakı ilə BMT Baş Assambleyasının koronavirus pandemiyasına həsr olunmuş 31-ci xüsusi sessiyasının keçirilməsi ölkəmizin bu bəşəri bəlaya qarşı səylərin birləşdirilməsində maraqlı olduğunu, habelə pandemiyaya qarşı qlobal mübarizə işinə sanballı töhfələr verdiyini bir daha təsdiqlədi.
Uğur salnaməsi
Azərbaycan 2020-ci ili həm də böyük tarixi Zəfərlə başa vurur. 44 günlük Vətən müharibəsində qazandığımız layiqli qələbə bu gün hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, hər kəsdə qürur və fəxarət hissi doğurur.
Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin də haqlı olaraq qeyd etdiyi kimi, müharibənin başlanmasının məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Birləşmiş Millətlət Təşkilatının hələ 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan işğalçılıq siyasətini uzun illər ərzində davam etdirməyə çalışıb. Beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymayan, işğalçılıq niyyətindən əl çəkməyən bədxah qonşumuz uzun illər ərzində cəbhə xəttində vəziyyəti süni yolla gərginləşdirməyə, təxribatlar törətməyə və bu yolla mövcud “status-kvo”nu qoruyub saxlamağa çalışıb.
Atəşkəslə bağlı hələ 12 may1994-cü il tarixdə imzalanmış Bişkək protokolundan sonra aparılan danışıqlar prosesinin məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi, habelə münaqişə ilə bağlı nizamlama planlarına etinasız yanaşması səbəbindən nəticə verməməsi bu gün beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Qarşı tərəfin BMT-nin nizamlama ilə bağlı 4 məlum qətnaməsinə əməl etməməsi, beynəlxalq hüququn sərhədlərin toxunulmazlığı prinsipini uzun illərdir ki, pozması Azərbaycan tərəfindən haqlı olaraq bütün dünyaya bəyan edilir. Bununla belə, 30 ilə yaxın müddətdə Ermənistanda hakimiyyətdə olan siyasi qüvvələr ölkədaxili gərginliyi azaltmaq, ictimaiyyətin diqqətini ciddi sosial-iqtisadi və siyasi problemlərdən yayındırmaq, vaxt qazanmaq məqsədilə Ermənistan-Azərbaycan münaqişəsindən siyasi alət kimi yararlanmağa çalışıblar.
Ərazisi işğala məruz qalmış Azərbaycanın30 ilə yaxın müddətdə diplomatik təmkin nümayiş etdirməsi, beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin münaqişəni danışıqlar yolu ilə tənzimləmək çağırışlarına həssaslıqla yanaşması, lakin bunun müqabilində işğalçı Ermənistana ciddi beynəlxalq təzyiqin göstərilməməsi son illərdə vəziyyəti daha da gərginləşdirmişdi. BMT ilə yanaşı, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Konfransı Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qətnamə və bəyanatlarına məhəl qoymayan Yerevanın aşkar şəkildə ərazi ilhaqı siyasəti yürütməsi, Dağlıq Qarabağa dünya praktikasında mövcud olan ən yüksək müxtariyyət statusunun verilməsi təklifi ilə razılaşmaması danışıqlar prosesini “dalana dirəmişdi”. Prezidentİlham Əliyevin bəyan etdiyi kimi, “Əgər beynəlxalq ictimaiyyət qətnamələrin yerinə yetirilməsini təmin edə bilmirsə, Azərbaycan bunu özü edəcək”.
Ermənistan rəhbərliyinin son 2 ildə danışıqlardan faktiki olaraq imtina edərək Azərbaycana qarşı qəbuledilməz və əsassız şərtlər irəli sürməsi, terrorçu qruplaşmaları, muzdlu döyüşçüləri işğal etdiyi ərazilərimizdə yerləşdirməsi, cəbhə bölgəsində və qoşunların təmas xəttində açıq təxribatlar törətməsi hərbi əməliyyatların bərpası ehtimalını zamanla daha da artırırdı. Bu azmış kimi, son aylarda Şuşa şəhərində qondarma Dağlıq Qarabağ rejimimin”rəhbəri”nin “andiçmə mərasimi”nin təşkili, “Dağlıq Qarabağ parlamenti”nin Xankəndidən Şuşaya köçürülməsi barədə qərarın qəbulu düşmənin növbəti təxribatları, Azərbaycanı yeni müharibəyə təhrik etmək cəhdləri idi.
44 günlük müharibədə 5 min kvadratmetrədək ərazisini, 5 rayonunu, 2 şəhər tipli qəsəbəsini, 300-dək kəndini işğaldan azad edən Azərbaycan Ermənistanı hərbi kapitulyasiya barədə sənədi imzalamağa məcbur etdi. Beləliklə, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanın işğalçılıq siyasətiüzündən 30 il müddətində həllini tapmayan münaqişənin qısa müddətdə hərbi-siyasi həllinə nail olaraq beynəlxalq hüquq normalarının və ədalətin bərpasını təmin edib. Azərbaycan döyüş meydanında parlaq qələbə qazanmaqla, siyasi meydanda da istəyinə nail olub. Üçtərəfli 10 noyabr sazişinin imzalanması ilə faktiki olaraq Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixə çevrilib.
10 noyabr sazişinə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan dinc yolla azad edilməsi məhz Azərbaycanın şanlı hərbi qələbəsi nəticəsində mümkün olub. Ermənistan döyüş meydanında məğlub olmasaydı, öz xoşu ilə torpaqlarımızdan çıxmayacaqdı. Möhtərəm Prezidentİlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan döyüş meydanında Ermənistan ordusunu sarsıdaraq, hərbi texnikasının 80 faizini məhv edərək onun saxta “yenilməzlik mifi”ni darmadağın edib.
Saxta mifologiyanın süqutu
Azərbaycanın hərbi-siyasi qələbəsi nəticəsində imzalanmış məlum üçtərəfli Bəyanat əsasında dekabrın 1-də Laçın rayonunun işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda Ermənistanın son 30 ildə təcavüzkar siyasətini reallaşdırmaq üçün sərf etdiyi böyük maliyyə vəsaitinin, iqtisadi, siyasi və diplomatik cəhdlərinin tam fiasko ilə üzləşməsi deməkdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin araşdırmalarına görə, 1995-2020-ci illərdə Ermənistanın hərbi xərcləri 7,9 milyard dollar təşkil edib, üstəlik formalaşdırdığı marionet və qondarma rejimin xərcləri də təcavüzkar dövlətin üzərinə düşüb. Halbuki qeyd olunan müddətdə Ermənistanın özünün iqtisadiyyatına qoyulmuş birbaşa investisiyaların həcmi təxminən 8 milyard dollar civarında olub. Bu, 2020-ci il səviyyəsi ilə Ermənistanın 2,5 illik dövlət büdcəsinə bərabərdir.
İşğalçı siyasət yürüdən Ermənistan faktiki olaraq son 25 ildə Azərbaycanın liderliyi ilə regionda həyata keçirilən bütün strateji əhəmiyyətli neft-qaz, nəqliyyat-kommunikasiya, logistika layihələrindən məhrum olmaqla özünütəcrid vəziyyətinə düşüb. Bakı-Tblisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP və s. kimi layihələrin Ermənistan ərazisindən keçməməsi bu ölkənin hər il yüz milyonlarla ölçülən gəlirdən məhrum olması deməkdir. Prezident cənab İlham Əliyev bununla bağlı haqlı olaraq deyib: “Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropayaçatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın. Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı”.
Militarist siyasət yürüdən, yaxın və uzaq perspektivə hesablanan bütün planlarını işğalçılıq marağı üzərində kökləyən, hər 4 nəfərindən biri yoxsulluq içində yaşayan Ermənistan ciddi sosial-iqtisadi, infrastruktur layihələrinin icrasından məhrum olub, strateji əhəmiyyətli müəssisələrini Rusiya və digər ölkələrə satmağa məcbur qalıb. Hazırda Ermənistanın dəmir yolları 100 faiz Rusiyaya məxsusdur. İşğal faktına son qoyulması ilə Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlarda həyata keçirdiyi qeyri-qanuni məskunlaşma siyasəti, habelə Livan və Suriya əsilli ermənilərin Azərbaycan ərazilərində yerləşdirilməsiüçün sərf etdiyi milyonlarla dollar vəsait puç olub.
Ermənistan beynəlxalq konvensiyaları pozaraq Azərbaycan ərazisindəki faydalı qazıntıların – o cümlədən Zəngilan rayonundakı Vejnəli, Kəlbəcər rayonundakı Söyüdlü (Zod) qızıl yataqlarının qanunsuz mənimsənilməsini həyata keçirərək külli miqdarda valyuta əldə etsə də, hazırda bu imkandan məhrum olub. Ermənistanın cəmi ixracının dəyəri 2019-cu ildə 2,6 milyard ABŞ dolları olub, bunun 16 faizini və yaxud 415 milyon dollarını qızıl və qiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatların ixracı təşkil edib. Təcavüzkar ölkənin ixracında xüsusilə qızıl strateji məhsullardan biri kimi daim ön sırada yer alıb.
İşğal altındakı Azərbaycan ərazilərindəki təbii yaylaqlardan, otlaqlardan, örüş sahələrindən qeyri-qanuni şəkildə istifadə edərək maldarlıqla məşğul olan erməni fermerlər artıq əllərindəki çoxlu sayda iri və kiçik buynuzlu mal-qaranı satmağa məhkum olublar.
Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının münbit torpaqlarından taxılçılıq məqsədilə qeyri-qanunişəkildə istifadə etmiş erməni fermerlərin hesabına buğda və arpa məhsullarına olan ehtiyacının 25 faizə qədərini təmin edən, ildə təxminən 190 min tonadək taxıl yığan Ermənistan bu imkandan da məhrum edilib. Ermənistanın eks-kənd təsərrüfatı naziri Artur Xaçatryan məğlubiyyət nəticəsində ölkəsinin ciddi ərzaq böhranı ilə üzləşəcəyini, idxaldan asılılığının güclənəcəyini, drama təzyiqlərin daha da artacağını bildirib.
44 günlük müharibə nəticəsində ordusu demək olar ki, məhv edilən Ermənistan həm də 1 milyard dollardan çox maliyyə itkisinə məruz qalıb, gündəlik müharibə xərcləri təxminən 30-35 milyon ABŞ dolları təşkil edib. Ermənistanın xarici borclarının həcmi bu il 8 mlrd. dollara yüksəlib və ÜDM-in 70 faizinə yaxınlaşıb.
Ermənistan 30 ildən çox müddətdə işğalçı siyasət yürüdərək özünü regional layihələrdən təcrid etsə də, heç bir məqsədinə nail ola bilməyib. Bu gün faktiki olaraq Ermənistan regionda müstəqilliyini tamamilə itirib, müstəmləkə altında olan dövlətə çevrilib. Prezident İlham Əliyev qeyd etdiyi kimi: “Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu”.
Son 30 il ərzində faktiki olaraq müstəqil dövlət ola bilməyən Ermənistan yalnız işğalçılıq siyasətindən əl çəkib konstruktiv mövqe nümayiş etdirməklə, zamanla regional müstəvidə üzləşdiyi təcrid vəziyyətindən qismən çıxa, müəyyən layihələrdə iştirak imkanı qazana bilər.
Böyük qayıdış və reabilitasiya proqramı
Xüsusi qeyd etmək istərdik ki, 2021-ci ildə ərazilərimizin bərpası və yenidən qurulması tədbirləriüçün 2,2 milyard manat vəsaitin nəzərdə tutulması gələn ilin “Böyük qayıdış” planının reallaşdırılması baxımından mühüm mərhələ olacağını, işğalçılardan təmizlənmiş rayon və şəhərlərin yol-nəqliyyat infrastrukturunun bərpası, elektrik enerjisi, su, rabitə, mavi yanacaq və s. təminatı istiqamətində mühüm layihələrin reallaşdırılacağını deməyə ciddi əsaslar yaradır. Ayrılmış vəsaitin müəyyən qismi, eyni zamanda qeyd olunan ərazilərdə müasir inzibati infrastrukturun yaradılmasına, mədəni-tarixi abidələrin bərpası və yenidən qurulmasına yönəldiləcək.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara artıq ənənə halını almış səfərləri həm də erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış, yerləyeksan edilmiş şəhər, rayon və kəndlərin bərpası və yenidən qurulması layihələri ilə yerində qərar qəbul etmək məqsədi daşıyır.
Dövlət başçısının tapşırığı əsasında hazırlanan baş planlar işğaldan azad edilmiş yaşayış məskənlərinin – şəhər və rayonların, qəsəbələrin müasirliklə tarixiliyin sintezinə əsaslanan şəhərsalma-arxitektura elementləri əsasında bərpasına və yenidən qurulmasına imkan yaradır.
İşğaldan azad edilmiş bəzi ərazilərin qısa müddətdə elektrik enerjisi ilə təchiz edilməsi, eyni zamanda “Azərenerji” və “Azərişıq” ASC-yə bölgənin enerji infrastrukturunun bərpası istiqamətində verilən tapşırıqlar qlobal böhran şəraitində ölkəmizin güclü iqtisadi-maliyyə potensialının göstəricisidir. İşğaldan azad edilmiş ərazilərin bol sulu çayları, eyni zamanda Xudafərin, Sərsəng, Suqovuşan və digər su anbarları təkcə su elektrik stansiyaların yaradılmasına, yeni enerji güclərinin alınmasına deyil, eyni zamanda suvarma infrastrukturunun bərpasına imkan yaradır.
İşğaldan azad edilmiş ərazilərdə həm respublika, həm də yerli əhəmiyyətli 2700 kilometrədək (km) yolların bərpasının nəzərdə tutulması, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında uzunluğu101,5 km təşkil edən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun çəkilişinə başlanılması regionun gələcək iqtisadi inkişafı baxımından vacib əhəmiyyət kəsb edir. Bundan əlavə, bölgənin tamamilə sıradan çıxmış dəmir yolu xətləri şəbəkəsinin bərpa planına əsasən, yaxın perspektivdə uzunluğu 104 km olan Yevlax-Xankəndi dəmir yolu xəttinin Bərdə-Ağdam hissəsinin, habelə 43 km olan Horadiz-Ordubad, 51 km olan Yevlax-Xankəndi, 39,1 km olan Mincivan-Qafan, 6,3 km olan Qazax-Barxudarlı dəmir yolu xətlərinin bərpasının nəzərdə tutulması təkcə iqtisadi deyil, siyasi baxımdan da əhəmiyyətlidir.
Ermənistan ərazisindən keçərək Azərbaycanla Naxçıvanı birləşdirəcək yeni avtomobil və dəmir yollarının çəkilişi daha sərfəli, alternativ nəqliyyat-kommunikasiya marşrutu yaratmaqla, təkcə respublikamızın deyil, ümumən region dövlətlərinin (Türkiyə, Rusiya, Ermənistan, habelə Orta Asiya və Şərq ölkələri) geoiqtisadi maraqlarına uyğundur. Yeni nəqliyyat-kommunikasiya xətləri nəticəsində Azərbaycan Naxçıvan MR-ə və Türkiyənin şərq hissəsinə daha əlverişli çıxış əldə edəcək. Bu yollar eyni zamanda Rusiya Federasiyasının Türkiyəyə Gürcüstandan kənar yeni avtomobil və dəmir yolu marşrutu əldə etməsinə imkan yaradacaq.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılacaq infrastruktur və biznes layihələrində təkcə yerli deyil, xarici şirkətlərin də iştirakının nəzərdə tutulması bölgədə iqtisadi fəallığın artmasına, respublikamızın investisiya cəlbediciliyinin yüksəlməsinə yeni perspektivlər açacaq.
Vətən müharibəsi iştirakçılarına qayğı örnəyi
Azərbaycan dövlətinin son 25 ildə apardığı sosial siyasətin prioritet istiqamətlərindən biriniölkəmizin Silahlı Qüvvələrinin şəxsi heyətinin, eləcə də şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarının sosial müdafiəsinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların cəmiyyətdə layiqli statusunun təmini məsələləri təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən 17 ildə ölkədə reallaşdırılan hərbi-vətənpərvərlik təbliğatı və sosial müdafiə tədbirləri cəmiyyətdə orduya və hərbi qulluqçulara yüksək etimad və rəğbətin təmin olunmasına, hərbçilərin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərinin adekvat dəyərləndirilməsinə hesablanıb.
Ötən illərdə həm Böyük Vətən müharibəsi, həm Əfqanıstan, həm də Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin mənzil, torpaq sahəsi və avtomobillərlə təminatı, əlillərin yerli və xarici sanatoriyalara göndərilməsi, onlarüçün reabilitasiya mərkəzlərinin açılması, pensiya və müavinətlərinin davamlı şəkildə artırılması, onlara vergi güzəştlərinin tətbiqi və s. xüsusi qeyd olunmalıdır.
Heydər Əliyev Fondunun, şəxsən Fondun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə ötən 15 ildə veteran hərbçi və şəhid ailələri üçün Bakının rayonlarında və regionlarda çoxsaylı fərdi ev və yaşayış binaları inşa olunub, onlara müxtəlif sosial yardımlar edilib. Prezident İlham Əliyev xalqa çoxsaylı müraciətləri və xarici KİV-ə müsahibələrində Azərbaycan Ordusunun yüksək döyüş ruhunu, peşəkarlıq səviyyəsini, hərbçilərimizin yüksək şücaət və rəşadətini xüsusi vurğulayıb, şəhidlərin xatirəsini ehtiramla yad edərək onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını bəyan edib.
Dövlət başçısının dekabrın 7-dən etibarən imzaladığı 9 sərəncam əsasında Silahlı Qüvvələrin hərbi qulluqçularının müxtəlif orden və medallarla təltif edilmələri Vətən müharibəsində xüsusi igidlik və cəsarət, qəhrəmanlıq göstərmiş hərbçilərimizin və şəhidlərimizin xidmətlərinin dövlət səviyyəsində yüksək dəyərləndirilməsidir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli “Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanının ləğv edilməsi barədə” Fərmanı əsasında yaradılmış Fondun məqsədi Azərbaycan Ordusunun müasir tələblərə uyğun inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirməklə yanaşı, hərbi qulluqçuların sosial müdafiəsini daha da gücləndirməkdən ibarətdir.
Dövlət başçısının 8 dekabr 2020-ci il tarixli”Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərmanı müharibə iştirakçılarına və şəhid ailələrinə yardım və ictimai dəstək mexanizmlərinin formalaşdırılmasına, xeyriyyəçilik, humanizm və filantropiya ənənələrinin ictimai şüura aşılanmasına xidmət edir. Belə bir Fondun yaradılması ilə müharibə iştirakçılarının, şəhid ailələrinin üzləşdiyi problemlərin həllində dövlət qurumlarının, sıravi vətəndaşların, sahibkarların, ictimai fəal şəxslərin, vətəndaş cəmiyyəti təsisatlarının və s. iştirakı təmin edilir, yardımların ünvanlılığı və şəffaflığı təmin olunur.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) COVID-19 pandemiyası və erməni silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində zərər görmüşlərin, cəbhədə şəhid olan əsgər və zabitlərin ailələrinə, qazilərə müvafiq yardımlar göstərir. AHİK-in İcraiyyə Komitəsinin 14 dekabr2020-ci il tarixli iclasında “YAŞAT” Fonduna300.000 (üç yüz min) manat vəsait köçürülməsi barədə qərar qəbul edilib və vəsait Fondun hesabına köçürülüb.
Qeyd olunanlar bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətində yalnız bir amil prioritetdir – Azərbaycan xalqının və dövlətinin milli maraqları. Vətən müharibəsinin gedişi və yekunları cənab İlhamƏliyevin necə vətənpərvər, qətiyyətli və prinsipial Prezident olduğunu bir daha təsdiqlədi. Dövlət başçısı heç bir beynəlxalq gücə boyun əymədən, xarici təzyiqləri dəf edərək xalqımızı milli hədəflərə doğru apardı və tarixi Zəfəri təmin etdi!
Bu gün hər bir azərbaycanlı ürəkdən inanır ki, tarixi qələbədən sonra respublikamız daha sürətlə inkişaf edəcək və qısa zamanda cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulacaqdır.
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı
 
“AZƏRBAYCAN” qəzeti 
 
24.12.2020-ci il