AZ | RU | EN

XXIII hesabat-seçki konfransı keçirilib

25 Apr 2017

Aprelin 25-də Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) XXIII hesabat-seçki konfransı keçirilib.Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın məzarını və sonra isə Şəhidlər xiyabanını ziyarət ediblər.

Konfransda DMHİ Respublika Komitəsinin sədri Fəzail Bağırov hesabat məruzəsi ilə çıxış edib. O, son iki ildə dəmir yolunda aparılan islahatlar barədə məlumat verib. Deyib ki, “Azərbaycan Dəmir Yolları” QSC müxtəlif beynəlxalq layihələrin fəal iştirakçısı olub. Bu il istismara veriləcəyi gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi respublikamızın tranzit potensialının artırılmasına xidmət göstərəcək. 

Komitə sədri söyləyib ki, hesabat dövründə Dəmiryolçuların MHİRK-in 10 plenumu, Rəyasət Heyətinin 65 iclası keçirilib. Plenumlarda dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş 14, Rəyasət Heyətinin iclaslarında 441 məsələyə baxılıb və müvafiq qərarlar qəbul edilib.

F.Bağırov vurğulayıb ki, QSC rəhbərliyi ilə Dəmiryolçuların Müstəqil HİRK-in arasında 2017-2019-cu illər üçün bağlanmış sahə sazişin şərtlərinə əsasən dəmiryolçuların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması baxımından böyük imkanlar yaradılıb. Qeyd etməliyəm ki, bu gün dəmir yolunda orta aylıq əməkhaqqı 350 manat təşkil edir. Bundan əlavə, sazişdə dəmiryolçular üçün böyük imtiyazlar da əks olunub ki, onları da sizin nəzərinizə çatdırıram. İşçilərə əməkdə xidmətlərə görə, iş stajindan asılı olaraq, əməkhaqqı ilə birlikdə əlavələr verilir. Təqaüdə çıxan işçilərə, iş stajlarından asılı  olaraq,  uzunmüddətli və qüsursuz əmək fəaliyyətlərinə görə  orta aylıq əməkhaqqının  1 və ya 2 misli  həcmində vəsait ödənilir.

Zərərli və ağır şəraitdə  işləyən işçilərə əsas məzuniyyətlə bərabər 5 təqvim günü əlavə məzuniyyət, elektrovoz, teplovoz, dizel və motorlu vaqon  qatarının maşinist və onların köməkçilərinə əmək məzuniyyəti ilə yanaşı 6 təqvim günü və əlavə 5 təqvim günü məzuniyyət verilir. Çernobıl qəzasının ləğvində iştirak etmiş və zərər çəkmiş dəmiryolçulara sanatoriyalara yollayışın və ya 400 (dörd yüz) manat miqdarında pul kompensasiyası ödənilir.

Fəzail müəllim gender problemlərinin həllinin də  Dəmiryolçuların  MHİRK-in işində əsas bir məsələ kimi daim diqqət mərkəzində olduğunu deyib.

O, nəzərə çatdırıb ki, RK işçilərin təklif və şikayətlərinə də həssaslıqla yanaşır.
Komitənin iqtisadiyyat şöbəsi tərəfindən hesabat dövründə Departament, MMC, idarə və müəssisələrdə 250-yə yaxın yoxlama və təhlillər aparılıb. Yoxlamaların nəticəsi Komitənin Rəyasət Heyətinin iclaslarında müzakirə olunaraq işçilərə ödənilməli olan 450 min manat əməkhaqqı və digər müavinətlər qaytarılıb.

Həmçinin 344 nəfərin işdən azad olunmasına razılıq verilməmiş və həmin işçilərin əmək hüquqları qanuna müvafiq qaydada qorunaraq onlar iş yerlərində saxlanılıblar. 17 nəfər isə əvvəlki iş yerinə bərpa edilib.

Hesabat dövrü ərzində "Əla yol işçisi -ilin ən yaxşı mütəxəssisi" mükafatına  layiq görülmüş 73 nəfər dəmiryolçuya Komitənin Fəxri Fərmanı və  ümumilikdə 17500 manat miqdarında pul mükafatı təqdim  olunub.

Əməkdə yüksək  nailiyyətlər əldə  qazandıqlarına, lokomotivləri nümunəvi  saxladıqlarına,  hərəkətin  təhlükəsizliyini təmin  etdiklərinə görə 30  nəfər  maşinistə "F.Ağayev adına"  mükafat təqdim edilib, onlara Fəxri Fərman və  ümumilikdə  9000 manat miqdarında  pul  mükafatı verilib.

Həmçinin hesabat dövrü ərzində "İlin ən  yaxşı müəssisəsi" fəxri adına layiq görülən 22 müəssisəyə ümumilikdə  16000 manat miqdarında lazım olan məişət avadanlıqları  verilib .

RK sədri 2015-2016-cı illərdə dəmiryolçulara pulsuz 143 mənzilin verildiyini də diqqətə çatdırıb.
F.Bağırov məruzədə Hİ üzvlərinin istirahətinin təşkili, təşkilatın beynəlxalq əlaqələri və sair məsələlərə də geniş yer ayırdı.

Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının baş katibi Gennadi Kosolapov, Rusiya Dəmiryolçularının və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqının sədr müavini Natalya Burova, Oktyabr Dəmir Yolu Həmkarlar İttifaqının sədr müavini Tatyana Şebalova çıxış edərək MHİRK-in beşillik fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Tədbirdə bir çox strukturların həmkarlar ittifaqı sədrlərinin çıxışları da dinlənildi. Hesabat dövründə başçılıq etdikləri HİK-lərin fəaliyyəti barədə məlumat verdilər. Təklif etdilər ki, AHİK-in V qurultayında AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin bu qurumun sədri vəzifəsinə namizədliyi irəli sürülsün. 

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov qeyd edib ki, dəmir yolunun nəqliyyat sektorunda xüsusi yeri var. Son iki il ərzində burada böyük işlər aparılıb. Həm infrastruktur yenilənib, həm də işçilərin sosial rifahı yaxşılaşdırılıb, əməkhaqları artırılıb. Təcrübəli kadrlara geniş yer verilib. Biz imkanımız daxilində işçilərimizin sosial problemlərini həll edirik. Onlar üçün müəssisələrimizin vəsaiti hesabına müasir tələblərə cavab verən iş yerləri yaradırıq. Mənzil problemlərinin aradan qaldırılmasına xidmət edən tədbirlər həyata keçiririk.  Əlbəttə, dəmir yolunda aparılan işlər qarşılıqlı fəaliyyət nəticəsində daha səmərəli olur. Ona görə də həmkarlar ittifaqı təşkilatlarını daha fəal olmağa, əməkdaşlığa və problemləri birgə həll etməyə çağırıram. 

AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin böyük bir tarixə malik olduğunu nəzərə çatdırıb.  O deyib ki, son illər bu sahəyə yeni texnika və texnologiyalar tətbiq olunur, sürətli inkişafın gözəl mənzərəsini müşahidə edirik. Bu da işçilərin layiqli, təhlükəsiz iş yerləri ilə təmin edilməsi üçün yaxşı şərait yaradır. Dəmir yolunun inkişafı işçilərin sosial problemlərinin həlli istiqamətində də müəyyən irəliləyişlərin əldə olunmasına səbəb olub. İqtisadi vəziyyətin ağırlığına baxmayaraq, cəmiyyət rəhbərliyi insan amilini ön planda tutur, hər kəsin əməyini layiqincə dəyərləndirməyə çalışır.

AHİK sədri irəliləyişlərin əldə olunmasında həmkarlar ittifaqı təşkilatlarını fəal olmağa çağırıb.

Sədr nəzərə çatdırıb ki, AHİK yaranan dövrdən ümummilli lider Heydər Əliyev tərəfindən çox böyük dəstək görüb. Bu gün həmin dəstək Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısı həmkarlar ittifaqı üzvlərinin əməyini yüksək qiymətləndirir. Əmək Məcəlləsinə, "Həmkarlar ittifaqları haqqında" qanuna edilən əlavə və dəyişikliklər işçilərin əmək və sosial hüquqlarının müdafiəsinə xidmət edir. Bundan başqa, hər il hökumət, işəgötürənlər və həmkarlar ittifaqı arasında Baş Kollektiv Saziş imzalanır. Bütün sosial məsələlər bu sazişlə tənzimlənir.

Layiqli əməklə bağlı dövlət proqramı qəbul olunub. Burada da əsas məsələ layiqli iş yerinin yaradılması və işçilərin layiqli əməkhaqqı ilə təminatıdır.

AHİK sədri DMHİRK və onun sədri Fəzail Bağırov haqqında da xoş sözlər söyləyib. Təşkilatın işini müsbət qiymətləndirib. Cəmiyyət rəhbərliyi ilə həmkarlar ittifaqları arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümidvar olduğunu deyib 

Daha sonra MHİRK-in təsis etdiyi "İlin ən yaxşı müəssisəsi" müsabiqəsinin qaliblərinə qiymətli hədiyyələr, bir qrup həmkarlar fəalına AHİK-in Fəxri fərmanları təqdim edilib.

Fəzail Bağırov yenidən Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib.
Konfransdan sonra qonaqların Bakının tarixi yerlərinə və Bakı Sərnişin Stansiyasına ekskursiyası təşkil olunub.

FAYDALI KEÇİDLƏR