AZ | RU | EN

Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır

24 Feb 2014

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tədbirdə çıxış edərək ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri qətliamın bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirmişdir. Beynəlxalq ictimaiyyətin bu soyqırımına siyasi-hüquqi qiymət verməsinin vacibliyi vurğulanmışdır.

S.Mehbalıyev qeyd etmişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır. “Xocalıya ədalət!” əslində “Azərbaycana ədalət!” deməkdir. Bu kampaniyaya qoşulmaq isə Vətənini, xalqını sevən hər bir azərbaycanlının borcudur.

24.02.14 24.02.14.3

2012-ci ildə Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar dövlət başçımız  İ.Əliyevin təşəbbüsü ilə Bakı şəhərində siyasi baxışlarından asılı olmayaraq yüz minlərlə insanın qatıldığı izdihamlı yürüş təşkil edilmiş, Azərbaycan və türk diasporunun təşəbbüsü ilə dünyanın iri mədəniyyət mərkəzlərində tədbirlər keçirilmişdir. Qardaş Türkiyə Respublikasında Xocalı faciəsinin 20 illiyi ilə bağlı bizim iştirakımızla keçirilmiş həmrəylik nümayişləri bir daha erməni vandalizminin iç üzünü dünyaya nümayiş etdirdi. Bu il həmin tədbirin təkrar edilməsinə qərar verilmişdir.

Anım mərasimində  tarix elmlər doktoru Vəkil Həsənov, Yazıçılar İttifaqının poliklinikasının Həmkarlar İttifaqı Təşkilatının sədri Şəhanə Şükürova və başqaları Xocalı soyqırımı ilə bağlı geniş çıxışlar etmişlər.

Vurğulanmışdır ki, Azərbaycan həmkarlar ittifaqları Qarabağ probleminin həlli ilə bağlı Prezident İlham Əliyevin fəaliyyətini tam müdafiə edir, bu problemin sülh yolu ilə həll olunmasını istəyir. Lakin qarşı tərəfin danışıqlarda saxta mövqeyi bizi qane edə bilməz. Azərbaycan xalqı ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlarından istifadə etmək, o cümlədən torpaqlarının güc yolu ilə geri qaytarılması hüququnu özündə saxlayır. Dövlətimiz lazım gəldikdə bu hüququndan istifadə edəcəkdir. Buna beynəlxalq hüquq normaları, BMT, ATƏT və digər təşkilatların qətnamələri, müstəqil Azərbaycanın iqtisadi gücü və siyasi iradəsi imkan verir.

FAYDALI KEÇİDLƏR