AZ | RU | EN

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb

12 Dec 2014

 

Əvvəlcə tədbir iştirakçıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. AHİK sədri, millət vəkili Səttar Mehbalıyev çıxış edərək H. Əliyevin dövlət, xalq qarşısında tarixi xidmətlərindən danışıb.
Sədr qeyd etdi ki, bu günlərdə ölkəmizin bütün bölgələrində xalqımız ümummilli liderin anım gününə toplaşır, onun iqtisadiyyatımızın inkişafı, mənəvi dəyərlərimizin qorunub saxlanılması naminə gördüyü işləri minnətdarlıqla xatırlayır, ruhuna dualar oxuyur.
Biz uzun illər ulu öndərlə əlaqəli şəkildə işləmişik. O, liderlik fəaliyyətinin bütün dövrlərində həmkarlar ittifaqını diqqət mərkəzində saxlayıb, təşkilatımızın böyük himayəçisi olub. Tövsiyələri, məsləhətləri, ideyaları həmkarlar ittifaqlarının təşkilati baxımdan möhkəmlənməsi, cəmiyyətdə gedən proseslərə təsir göstərə biləcək qüvvəyə çevrilməsi böyük əhəmiyyət kəsb edirdi. Müstəqillik qazandığımız ilk illərdə hakimiyyəti ələ keçirmiş naşı qüvvələr bütün mövcud qurumlara bolşevikcəsinə yanaşaraq onların dağıdılmasına qərar vermişdilər.

12.12.14.1 12.12.14.4

O cümlədən həmkarlar ittifaqını parçalamağa, işçilərin əlindən almağa çalışırdılar. Təşkilatımız ağır günlərini yaşayırdı. Həmkarlar ittifaqı "olum-ölüm" sualı qarşısında qalmışdı. Müqavimətimizi qırmaq üçün zorakılıqdan belə çəkinmirdilər. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı həmkarlar ittifaqına ikinci həyat verdi. 1994-cü ildə ümumilli lider "Həmkarlar ittifaqları haqqında" qanun imzalamaqla cəmiyyətdə təşkilatımızın statusunu bərpa etdi. Beləliklə, həmkarlar ittifaqının hüquqi bazasının əsası qoyuldu. İşçi insanların sosial, iqtisadi hüquqlarının müdafiəçisi olan qurumun qarşısında yeni perspektivlər açıldı.
Səttar Mehbalıyev Ümummilli liderin azərbaycançılıq siyasətinin bəzi məqamlarına toxunaraq bildirib ki, yaşlı nəslin yaxşı yadındadır, ötən əsrin 60-cı illərinin sonuna qədər Azərbaycan Sovet Sosialist Respublikası müttəfiq respublikalar arasında iqtisadi, sosial durum baxımından sonunculardan sayılırdı. Xalqımız haqqında ittifaq miqyasında heç də yaxşı olmayan imic formalaşmışdı. Orduda gənclərimiz xidmət sahələrinə, qara işlərə cəlb olunurdular. Beləliklə, hərbi təlimlərdən xəbərsiz gedib, xəbərsiz də qayıdırdılar.
1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi təyin olunandan sonra SSRİ-də başqa bir Azərbaycan yarandı. Kənd təsərrüfatı görünməmiş sürətlə inkişaf etdi. Şəhərlərimiz nəhəng sənaye mərkəzlərinə çevrildi. Bakıda bütün sovetlər ölkəsinin məhsullarının alıcısı olan kondisioner zavodu və sair müəssisələr tikildi. Öz dövrü üçün nadir müəssisələrdən hesab edilən dərin özüllər zavodu inşa edildi. Mənzil tikintisi geniş vüsət aldı.
Konfederasiya sədri sonra ümummilli liderin əsrin müqaviləsinin bağlanması üçün göstərdiyi siyasi hünərdən də danışıb. O, vurğuladı ki, regionun böyük dövlətləri ona təzyiqlər göstərdilər. Heydər Əliyev təzyiqləri qəbul etməyən liderlərdən idi. Öz fenomen ağlı, siyasi iradəsi ilə bütün təzyiqləri sonda heçə endirdi. Əksər siyasi nəhənglərin belə, əfsanə saydığı ideyanı reallaşdırmağı bacardı.
S.Mehbalıyev dedi: Heydər Əliyev fəaliyyəti illərində Azərbaycan iqtisadiyyatının elə bir təməlini hazırlayıb miras qoyub ki, o heç vaxt sarsılmayacaq.
Natiq bu təməl üzərində ölkə başçısı cənab İlham Əliyevin qurduğu çiçəklənən Azərbaycanın uğurlarından da söz açdı.
Bütün həmkarlar ittifaqı üzvlərini dövlətimizə, onun lideri İlham Əliyevə bundan sonra da dəstək olmağa çağırdı.
Mərasimdə Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyev, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Sadiq Qurbanov ümummilli liderin təmsil etdikləri sahələrin inkişafına göstərdiyi qayğıdan danışdılar. 

Dekabrın 12-də Azərbaycan həmkarlar ittifaqlarının əməkdaşları Fəxri Xiyabana gedərək ulu öndər Heydər Əliyevin məzarını siyarət ediblər.

  12.12.14.3 12.12.14.2 bust

FAYDALI KEÇİDLƏR