AZ | RU | EN

“Üçtərəfli komissiyanın yaradılmasının üstünlükləri. BƏT-in baxışı, dünya təcrübəsi” mövzusunda seminar keçirilmişdir

08 May 2014

 

 

Seminarda AHİK sədrinin birinci müavini İlyas Əliyev çıxış edərək son illərdə Azərbaycanda hökm sürən stabil sosial-iqtisadi inkişafın, ictimai-siyasi həyatdakı mütərəqqi dəyişikliklərin həmkarlar ittifaqları, işəgötürənlər və işçilər arasında münasibətlərin əhəmiyyətli surətdə dəyişməsinə gətirib çıxardığını bildirmişdir.
Diqqətə çatdırılmışdır ki, AHİK hökumət ilə, işəgötürənlərlə konstruktiv dialoq qurmağa nail olmuş, sosial-əmək münasibətlərinin yeni sisteminin formalaşması işinə əhəmiyyətli töhfələr vermiş, sivil sosial tərəfdaşlığı inkişaf etdirmişdir.
Qeyd edilmişdir ki, AHİK mütəmadi olaraq Baş Kollektiv Sazişin bağlanması ilə bağlı öz mövqeyini sosial tərəfdaşların müzakirəsinə çıxarır, daha aktual məsələlər üzrə onlarla danışıqlar və məsləhətləşmələr aparır. Muzdlu işçilər və sahibkarlar təşkilatlarının nümayəndələri, icraedici orqanlarla birgə BƏT-in 98-ci Konvensiyasına əsaslanaraq müvəqqəti və ya daimi komissiyaların yaradılması haqqında qərar qəbul edilmişdir.

07.05.14.1 07.05.14.2

BƏT-in baş mütəxəssisi Sergiyus Qlovaskas seminarın məqsədi haqqında danışaraq bildirmişdir ki, belə tədbirlərin keçirilməsi maarifləndirmə istiqamətində atılan mühüm addımlardandır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının beynəlxalq əlaqələrini müsbət qiymətləndirən BƏT-in nümayəndəsi ölkəmiz ilə təmsil etdiyi qurumun əlaqələrinin yüksələn xətt üzzrə inkişaf etdiyini demişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Sahibkarlar İşəgötürənlər Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndəsi Mehman Mehmanov, BƏT-in Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev seminarın əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, Azərbaycan hökumətinin, AHİK-in və ASK-nın nümayəndələrindən ibarət üçtərəfli komissiya yaradılmışdır. Bu komissiya indiyədək bütün münaqişəli məsələləri həll edirdi. Lakin Baş Kollektiv Sazişin, yəni, sosial-iqtisadi siyasət üzrə əsas sənədin həyata keçirilmə təcrübəsi göstərir ki, respublikamızda daim fəaliyyət göstərən və bütün problemli məsələləri kompleks şəkildə həll etmək səlahiyyətinə malik olan bir orqanın yaradılmasına ehtiyac vardır. MDB ölkələrində üçtərəfli qurumlar əsas etibarı ilə qanunlar əsasında (Rusiya, Belarus, Qırğızıstan, Moldova) və dövlət başçısının qərarları ilə (Qazaxıstan, Ukrayna) yaradılır.
Diqqətə çatdırılmışdır ki, 2012-2013-cü illər üzrə bağlanan Baş Kollektiv Sazişdə Azərbaycanda da sosial və iqtisadi məsələlər üzrə üçtərəfli komissiyanın yaradılması nəzərdə tutulmuşdur.
Artıq komissiyanın Əsasnaməsi işlənib hazırlanmışdır. Yeni Əsasnaməyə ölkədə sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən etmək üçün təkliflər vermək, sosial-əmək münasibətlərini tənzimləmək, sosial stabilliyi qorumaq məqsədilə sosial dialoqun inkişafına dəstək vermək kimi tələblər daxil edilmişdir.
Vurğulanmışdır ki, AHİK-in mütəxəssisləri tərəfindən işlənib hazırlanmış üçtərəfli komissiyanın Əsasnaməsi, sosial tərəfdaşların da təklifləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuş və müvafiq işçi qrupu yaradılmışdır.
Seminarda bildirilmişdir ki, Azərbaycan Həmkarlar İttifaqları dünya təcrübəsindən yararlanaraq öz üzvlərinin sosial və iqtisadi hüquqlarının müdafiəsi sahəsində mövcud olan problemlərin həllini razılaşdırılmış siyasətin həyata keçirilməsində, sosial tərəfdaşlar olan Azərbaycan hökuməti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə konstruktiv əməkdaşlıq etməkdə, Beynəlxalq Əmək Təşkilatının prinsiplərinə uyğun şəkildə üçtərəfli komissiyanın yaradılmasında və onun uğurla fəaliyyətində görür.
Seminarda BƏT-in eksperti Xarri Taliqa “Üçtərəfli komissiyanın yaradılmasını dünya təcrübəsi” mövzusunda geniş məruzə etmişdir.
Belə bir inam ifadə olunmuşdur ki, BƏT-in dəstəyi ilə keçirilən seminar iştirakçıları beynəlxalq ekspertlərlə birlikdə üçtərəfli komissiyanın formalaşması, onun qarşısında duran vəzifələr barədə dünya təcrübəsini və BƏT-in konvensiyalarının tələblərini nəzərə alaraq öz tövsiyələrini verməklə, sosial tərəfdaşlarla aparılan işin bir daha canlandırılmasına öz töhfələrini verəcəklər.
Mayın 8-də seminar öz işini yekunlaşdırmışdır.

 

FAYDALI KEÇİDLƏR