AZ | RU | EN

Uşaq əməyi problemi həmkarlar ittifaqlarının diqqət mərkəzində

20 Apr 2012

 

 

namiq22002- ci ildə BƏT iyunun 12-ni uşaq əməyinə qarşı mübarizə günü elan edib. Dünyanın 80 ölkəsində fəaliyyət göstərən160 təşkilatının üzvlərinə müraciət edərək, onları uşaq əməyinə qarşı mübarizəni gücləndirməyə çağırıb. ÜHİF hesab edir ki, uşaq əməyindən istifadə uşaqların və işçilərin hüquqlarının pozulması deməkdir. Həmkarlar ittifaqları bu neqativ hala göz yummamalı, uşaqları işdən ayırıb məktəblərə cəlb etməli və əmək standartlarını müdafıə etməlidir. Təşkilat müraciətində bildirir ki, həmkarlar ittifaqları təkcə iyunun 12-də uşaqların taleyi barədə fikirləşməməklə kifayətlənməməlidir. Uşaq köləliyinə qarşı etiraz gündəlik fəaliyyətimizin tərkib hissəsi olmalıdır.

Bütün bu fikirlər aprelin 11-dən 13-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində «Uşaq əməyi və təhsili məsələləri» mövzusunda keçirilmiş regional seminar-treninqdə səslənmişdir. Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə təşkil olunmuş tədbirdə Qırğızıstan, Qazaxıstan, Tacikistan və Azərbaycanın dövlət strukturlarının, sahibkarlar və həmkarlar ittifaqları birliklərinin nümayəndələri iştirak etmişlər. Onlar uşaq əməyinin aradan qaldırılması üzrə təcrübə mübadiləsi aparmışlar.

Seminar iştirakçıları uşaq əməyinin geniş yayılmasının əsas səbəbləri, işləyən uşaqlar qarşısında duran maneələr, bu sahədə beynəlxalq siyasətin əsasları, təhsil qanunvericiliyi və ölkələrdə təhsilin vəziyyəti mövzuları ətrafında geniş müzakirə aparmışlar. Sonra iştirakçılar qruplara bölünərək uşaq əməyinin istismarının dayandırılması üçün təklif və ideyalarını bölüşüblər.

Yekdil fikirlərdən biri bu olub ki, problemin mahiyyəti heç bir ölkədə tam dərk edilməyib. Uşaq əməyi dedikdə uşaqların psixi və fıziki sağlamlığına zərər vuran və onların mükəmməl inkişafına maneçilik törədən hər hansı bir iş növü nəzərdə tutulur. İşləyən uşaqların əməyi bir qayda olaraq ödənilmir və yaxud standartlardan az ödənilir. Uşaq əməyindən istifadə işçilərin əmək müdafiəsinin ümumi səviyyəsini aşağı salır. Bununla da həmkarlar ittifaqlarının öz üzvləri üçün əlverişli iş şəraiti yaradılması və əməkhaqlarının artırılması uğrunda cəhdlərinə maneçilik törədir. Təcrübə məşğələləri iştirakçılara iqtisadiyyatın konkret sahələrində uşaq əməyinin aradan qaldırılması üzrə ideyaları müzakirə etməyə və arqumentasiya sistemini hazırlamağa kömək etmişdir.

 Seminar-treninqi BƏT-in baş mütəxəssisləri Serqeus Qlovaskas, Snejana Bedalli, məsləhətçisi Piter Mats və başqaları aparırmışlar. Seminarda AHİK-in Zəhmətkeşlərin Mədəni-Məişət Problemləri üzrə Analitik Tədqiqat Şöbəsinin müdiri Namiq Hüseynov uşaq əməyi problemlərinin aradan qaldırılması ilə əlaqədar çıxış etmişdir.

FAYDALI KEÇİDLƏR