AZ | RU | EN

Türkiyəli qonaqlar AHİK-də qəbul edildi

15 Apr 2016

Aprelin 15-də Bakıda keçirilən Türkiyənin "Hak-İş" Konfederasiyası İcraiyyə Komitəsi toplantısının iştirakçıları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev tərəfindən qəbul edilib.

 S. Mehbalıyev bildirib ki, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətləri var və bu ölkələr hər zaman beynəlxalq səviyyədə bir-birinə dəstək verir. S. Mehbalıyev AHİK-in fəaliyyəti haqqında məlumat verərək qeyd edib ki, konfederasiya Türkiyədə fəaliyyət göstərən həmkarlar ittifaqlarının təcrübəsindən faydalanmağa çalışır: “Bu baxımdan biz ilk növbədə qardaş ölkə ilə təcrübə mübadiləsi aparırıq.  Məqsədimiz eyni zamanda xarici əlaqələrin gücləndirilməsinə nail olmaqdır.
S.Mehbalıyev Azərbaycanda həmkarlar ittifaqlarının yaranma tarixindən danışaraq bildirdi ki, 1904-cü ildə neft sənayesi sahəsində çalışan işçilərlə sahibkarlar arasında bağlanan "Mazut müqaviləsi" həmkarlar ittifaqının fəaliyyətinin başlanğıcı hesab olunur.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra həmkarlar ittifaqları tam yeni formada fəaliyyət göstərməyə başladı. 1993-cü ildə Konfederasiya yaradıldı və bütün sahələrdə fəaliyyət göstərən təşkilatlar könüllü şəkildə burada birləşdilər. 
Hamımıza bəllidir ki, həmkarlar ittifaqlarının əsas məqsədi işçilərin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsidir və biz işimizi məhz bu istiqamətdə qururuq.
Həmkarlar ittifaqları öz üzvlərinin - istehsal və qeyri-istehsal sahəsində çalışan işçilərin, təhsil alan şəxslərin, pensiyaçıların əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasını həmişə ön planda saxlayır.
Sonra Konfederasiya sədri bildirdi ki, Azərbaycan həmkarlar ittifaqları işçilərin hüquqlarının müdafiəsi ilə yanaşı, eyni zamanda onların asudə vaxtlarının səmərəli keçirilməsi, sağlam həyat tərzinin geniş təbliğatı, insan alverinin qarşısının alınmasında iştirakı, miqrantların hüquqlarının qorunması kimi məsələlərin də həllində öz töhfələrini verməyə, bütün imkanlarından istifadə etməyə çalışır.
İşçilərin istirahətlərini daha səmərəli təmin etmək məqsədilə AHİK-in üzv təşkilatlarından 6-sı öz vəsaitləri hesabına İstirahət Mərkəzləri inşa edib. Bu istiqamətdə işlər bu gün də davam edir.
 “HAK-İş” Konfederasiyasının rəhbəri Mahmut Arslan AHİK sədrinə səmimi qonaqpərvərliyə görə minnətdarlıq etdi və bildirdi ki,  Hak-İş Konfederasiyası olaraq İcraiyyə Komitəsinin səyyar iclasını Azərbaycanda keçirməyimizə məmnunuq.Azərbaycan və Türkiyə hər zaman bir-birinə dəstək olub. Qardaş ölkənin müstəqilliyini tanıyan ilk dövlət də məhz Türkiyədir. Azərbaycanın siyasi və iqtisadi sahələrdə sürətli inkişafı Türkiyəni sevindirir. Ölkələrimiz yaxşı və pis gündə hər zaman bir-birinin yanında olub və olacaq.
Mahmut Arslan “HAK-İŞ” Konfederasiyası ilə AHİK arasında əməkdaşlığın səmərəli şəkildə inkişaf etdiyini vurğulayaraq təşkilatlarımızın əlaqələrinin bundan sonra da davam edəcəyini bildirib.

FAYDALI KEÇİDLƏR