AZ | RU | EN

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin və XI Məclisinin iclası keçirilmişdir

02 Jul 2012

Sədr əvvəlcə iclas iştirakçılarını ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin növbəti iclasının gündəliyi ilə tanış edib. Sənəd səsə qoyularaq qəbul edilib. İclasın gündəliyində şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı təşkilatlarında keçirilmiş hesabat-seçki yığıncaqlarının nəticələri və İttifaqın Nizamnaməsinə verilən düzəlişlərin, dəyişikliklərin və əlavələrin ümumiləşdirilməsi barədə, işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında qanunvericiliyə, eyni zamanda kollektiv müqavilələrin hüquqi məsələlər üzrə şərtlərinə əməl edilməsinə Ağcabədi və Laçın rayon komitələrinin nəzarətləri barədə, Suraxanı və Nərimanov rayon təhsil müəssisələrində əmək normalarının tətbiqi, iş və dərs bölgüsünün aparılmasına, əmək haqlarının müəyyənləşdirilməsinə və ödənilməsinə həmkarlar ittifaqı komitələrinin nəzarətləri barədə, Tər-tər və Ağdam rayon təhsil müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi, kollektiv müqavilədə nəzərdə tutulmuş əməyin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinin vəziyyəti barədə, həmkarlar ittifaqı üzvlərinin yay istirahətlərinin təşkili üçün görüləcək əlavə tədbirlər barədə, Təhsil İşçiləri Evlərinin fəaliyyəti barədə, Bakı Dövlət Universiteti tələbə həmkarlar ittifaqı komitəsinin keçirdiyi «İlin ən yaxşı tələbəsi» müsabiqəsinin digər ali məktəblərdə keçirilməsi təşəbbüsünün dəstəklənməsi barədə, 2012-ci ilin III rübü üzrə sanatoriya yollayışlarının bölgüsünün təsdiqi barədə məsələlər, eləcə də cari məsələlər öz əksini tapıb.

Gündəlikdə duran birinci məsələ ilə bağlı ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə məruzə edib.

27.06.12.1 27.06.12

Məruzədə ATİAHİ-nin xidmətinə daxil olan şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrində keçirilmiş hesabat-seçki yığıncaqlarına hazırlıq prosesi və keçirilmə prosesi ilə bağlı ətraflı məlumat verilib. Qeyd olunub ki, İttifaqın Nizamnaməsinə müvafiq olaraq ATİAHİ Respublika Komitəsinin 16 noyabr 2011-ci il tarixində keçirilmiş X Məclisində «2012-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi barədə» qərar qəbul olunub və həmin qərara uyğun olaraq 2012-ci ilin yanvar-mart aylarında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının ilk həmkarlar ittifaqı təşkilatlarında, aprel-iyun aylarında isə şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrində hesabat-seçki yığıncaqları keçirilib. Hesabat-seçki yığıncaqlarının yüksək səviyyədə təşkili məqsədilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ayrı-ayrı bölgələrdə, o cümlədən Bakı, Gəncə, Şəki şəhərlərində, Bərdə, Masallı, Göyçay rayonlarında ilk təşkilatların, rayon komitələrinin sədrləri və fəalları, eləcə də Respublika Komitəsinin rəhbər və məsul işçilərinin iştirakı ilə geniş seminar müşavirələr keçirilib. Seminarlar ATİAHİ-nin xidmətinə daxil olan bütün şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrini əhatə edib, bu tədbirlərdə ittifaqın xidmətində olan ilk təşkilatlarda, eləcə də şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrində hesabat-seçkilərin keçirilməsi haqqında təlimatın ayrı-ayrı bəndləri ətraflı təhlil edilmiş, seminar iştirakçılarını maraqlandıran suallara müfəssəl cavablar verilib.

Məruzədə qeyd olunub ki, hesabat-seçkilərin keçirilməsi barədə məlumatlar vaxtaşırı olaraq Ülfət, Təhsil işçisi qəzetlərində dərc edilib. Respublika Komitəsinin məsul işçilərinin iştirak etdikləri konfranslar barədə rəyləri və Komitəyə daxil olan məlumatların araşdırılması zamanı aydın olub ki, ittifaqın xidmətində olan şəhər, rayon və rayon hüquqlu təşkilatların əksəriyyəti öz məsuliyyətlərini düzgün müəyyən edərək hesabat-seçkilərlə əlaqədar hazırlıq işlərini yüksək səviyyədə təşkil edib, yığıncaqların «Həmkarlar ittifaqı orqanlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi barədə Təlimat»a uyğun keçirilməsinə nail olublar.

Hesabat-seçki konfranslarında şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitəsi sədrləri görülmüş işlərlə bağlı geniş hesabat məruzəsi ilə çıxış edib, hesabat dövrü ərzində təşkilatın fəaliyyətində əldə olunmuş uğurlar, çatışmazlıqlar barədə yığıncaq iştirakçılarına məlumat veriblər. Həmçinin bu konfranslarda təftiş komissiyalarının hesabatları dinlənilib, ittifaq üzvləri isə çıxış edərək həmkarlar ittifaqı komitəsinin fəaliyyəti ilə bağlı öz fikir və mülahizələrini bildirib, rəy və təkliflərini səsləndiriblər.

Məruzədə həmçinin hesabat-seçki konfransları zamanı səsləndirilmiş təkliflər, irad və nöqsanlar barədə ətraflı məlumat verilib.

Müzakirə olunan məsələ ilə bağlı mövqeyini bildirən ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev hesabat-seçkilərinin həmkarlar ittifaqı təşkilatlarının həyatında mühüm əhəmiyyət kəsb edir. Sədr həmçinin məsələ ilə bağlı öz irad və təkliflərini bildirib, nöqsanlara yol vermiş şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərini çatışmazlıqların aradan qaldırılması ilə bağlı tövsiyələrini verib.

Daha sonra qərar layihəsi oxunub və qəbul olunub.

İclasda həmçinin gündəlikdə duran digər məsələlərlə bağlı məruzələr dinlənilib və qərarlar qəbul olunub.

Rəyasət Heyətinin İclasında həmçinin ATİAHİ Respublika Komitəsinin XI Məclisinin keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Rəyasət Heyətinin iclasından sonra Məclisin iclası keçirilib.

İclasda ilk öncə XI Məclisin gündəliyi səsə qoyularaq qəbul olunub. Gündəlikdə əsasən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclis üzvləri arasında qismən dəyişiklik edilməsi barədə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVI hesabat-seçki konfransının çağırılması barədə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVI hesabat-seçki konfransının gündəliyi barədə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVI konfransına hazırlanmış hesabat məruzəsinin təsdiqi barədə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVI konfransında hesabat verəcək məruzəçinin təyin edilməsi barədə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVI hesabat-seçki konfransının rəhbər orqanları ilə əlaqədar təkliflər barədə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nizamnamə komissiyasının təşkili barədə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVI hesabat-seçki konfransın təşkilat komitəsi barədə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının fəaliyyətinin əsas istiqamətlərini hazırlayacaq işçi qrupunun təsdiq edilməsi barədə və cari məsələlər öz əksini tapıb.

Gündəlikdə öz əksini tapan məsələlərlə bağlı məruzələr olunub və qərarlar qəbul edilib. XI Məclisdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVI hesabat-seçki konfransının 10 oktyabr 2012-ci il tarixində Bakı şəhərində keçirilməsi qərara alınıb.

FAYDALI KEÇİDLƏR