AZ | RU | EN

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı başa çatıb

02 May 2017

Mayın 2-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və  tələbələrinin Respublika bədii yaradıcılıq festivalının yekun konserti keçirilib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov  festivalın gənclərimizin milli ruhda formalaşması baxımından əhəmiyyətindən danışıb. Bu tədbiri dövlətimizin gənc nəslin mənəvi tərbiyəsinə göstərdiyi qayğının təzahürü kimi qiymətləndirib. O, festivalın keçirilməsində əməyi olan hər kəsə, xüsusilə Münsiflər Heyətinə təşəkkür etdi və tələbələrə uğurlar arzulayıb.

Sonra Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika  Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək deyib ki, artıq ənənə halını almış bu festivalın əvvəlki illərlə müqayisədə iştirakçılarının sayına görə miqyası xeyli genişlənib. Artıq bu tədbirdə yalnız ali təhsil müəssisələrində təhsil alan tələbələr deyil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri və şagirdləri də iştirak edirlər.

S.Möhbalıyev sonra deyib, festivalı keçirməkdə əsas məqsədimiz gənclərimizə milli vətənpərvərlik ruhu, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət hissləri aşılamaqdır. Onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərməkdir. İncəsənətimizin, mədəniyyətimizin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək ver-məkdir.

Festivala 14 ali, 17 orta ixtisas və 18 ilk peşə-ixtisas təhsili müəssisəsinin tələbə və şagirdlərindən ibarət özfəaliyyət kollektivləri qatılıb. Bu il festivalın yekun konsertində ümumilikdə 250-yə yaxın tələbə iştirak edir. Birinci və ikinci mərhələnin iştirakçılarının sayı isə min nəfərdən çox  olub.

Bu isə o deməkdir ki, biz kütləviliyə nail olmağı bacardıq. Yaxşı haldır ki, tələbələrimiz bu festivala xüsusi maraq göstərirlər. Qaliblərin müəyyən edilməsi Azərbaycan Respublikasının tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət Münsiflər Heyəti tərəfindən həyata keçirilib. Münsiflər Heyətinə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh xanım Əliyeva rəhbərlik edib. Fürsətdən istifadə edib Münsiflər Heyətinə, başda Fərəh xanım Əliyeva olmaqla, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradovaya, əməkdar incəsənət xadimləri şair Baba Vəziroğluna, bəstəkar Nailə Mirməmmədliyə, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevə, xalq artisti Samir Cəfərova, Milli Konservatoriyanın müəllimi Arslan Növrəsliyə təşəkkürümü bildirirəm.

Səttar Möhbalıyev deyib, bu gün Azərbaycan mədəniyyəti davamlı inkişaf yolu keçir və bütün dünyaya təbliğ olunur. Heç şübhəsiz ki, bu inkişafın əsasında ümummilli lider Heydər Əliyevin ideyaları dayanır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin himayədarı idi. O, mədəniyyətin və incəsənətin inkişafı ilə yanaşı,  mədəni irsimizin qorunub saxlanmasına və təbliğinə də diqqətlə yanaşıb.

Qürur hissi ilə bildirirəm ki, ulu öndərin Azərbaycanın gələcək inkişafı ilə bağlı arzuları onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

 Son illərdə müstəqil Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi mədəniyyətin tərəqqisi sahəsində də əsaslı nailiyyətlər əldə edib və özünün yeni dövrünü yaşayır.

Möhtərəm Prezidentimizin Azərbaycana rəhbərlik etdiyi illər ərzində mədəniyyətimiz, incəsənətimiz daha da inkişaf edib, onun imzaladığı fərman və sərəncamlar bu işə güclü stimul yaradıb. Heydər Əliyevin mədəniyyət sahəsindəki siyasətinin reallaşması işində Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da xidmətləri əvəzsizdir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. Ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbə və şagirdlərinin bədii yaradıcılıq festivalı ATİAHİ Respublika Komitəsinin gənclərlə bağlı həyata keçirdiyi tədbirlərin tərkib hissəsidir. Respublika Komitəsi tərəfindən vaxtaşırı olaraq gənclər arasında belə müsabiqələr, festivallar, yarışlar təşkil olunur.
Mən bir daha bədii yaradıcılıq festivalının iştirakçılarını ürəkdən təbrik edir, hər birinizə xoşbəxtlik və səadət arzulayıram.

Yekun konsertində incəsənətin müxtəlif janrları üzrə özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər və musiqiçilər çıxış ediblər.

Münsiflər Heyətinin qərarı ilə 12 qalib I yerə, 11 qalib II yerə, 10 qalib isə III yerə layiq görülüb.

Müxtəlif nominasiyalar üzrə keçirilən festivalın qalibləri Təhsil Nazirliyinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və hədiyyələri ilə təltif olunacaqlar. Həmçinin fəal iştirakçılara diplomlar təqdim ediləcək.

FAYDALI KEÇİDLƏR