AZ | RU | EN

Üzv təşkilatlar

 Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 

 

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Azərbaycan Mədəni-Maarif İşçiləri Həmkarlar İttifaqının varisi olaraq 9 iyun 1920-ci ildə yaranmışdır. O vaxta qədər isə Azərbaycanda bir neçə müəllim ittifaqı kortəbii formada fəaliyyət göstərmiş və öz fəaliyyətlərini yalnız maaşlarının artırılması tələbi ilə məhdudlaşdırmışlar. Sonrakı illərdə Azərbaycan Mədəni-Maarif İşçiləri Həmkarlar İttifaqı – Maarif, Ali Məktəb, Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı (MAMEİİHİ), Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqı (XTEİHİ) və 1990-cı ildən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) adlanır.

İttifaqın əsas məqsədi ölkəmizin təhsil sistemində fəaliyyət göstərən dövlət və özəl müəssisələrinin, təşkilatlarının, ali, orta ixtisas və peşə təhsili, ümumorta təhsil müəssisələrinin işçilərinin, tələbələrinin, aspirantlarının əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etməkdir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 75 şəhər və rayon komitələrini, 25 ali məktəb, 42 orta ixtisas məktəbi, 56 texniki peşə məktəbi və lisey, 5060 məktəbəqədər, məktəbdənkənar, orta ümumtəhsil məktəbləri həmkarlar ittifaqı komitələrini və 391 min nəfərdən çox üzvü, 5866 həmkarlar ittifaqı təşkilatını öz ətrafında birləşdirir.

Qadın üzvlərin sayı 254931 nəfərdir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının ali orqanı 5 ildən bir çağırılan qurultaydır. Qurultaylararası dövrdə ali orqan ildə bir dəfədən az olmayaraq keçirilən Məclisdir. Məclislərarası dövrdə isə icraedici orqan rübdə bir dəfədən az olmayaraq çağırılan Rəyasət Heyətidir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi kollektiv müqavilələrin və sazişin hazırlanması, bağlanması və onlarda dəyişikliklər edilməsi üçün kollektiv danışıqlar aparmaq hüququna malikdir. Respublika Komitəsi və həmkarlar ittifaqı təşkilatları bu məqsədlə işəgötürənlə 1 kollektiv saziş, 5849 kollektiv müqavilə bağlamışdır.

İttifaq beynəlxalq əməkdaşlıq çərçivəsində bəzi ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə təcrübə və informasiya mübadiləsi məqsədilə ikitərəfli əlaqələr qurur, eyni zamanda bir sıra beynəlxalq həmkarlar ittifaqlarının tam hüquqlu üzvüdür. ATİAHİ 1992-ci ildən Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Beynəlxalq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin, 2000-ci ildən Belçika Respublikasının Brüssel şəhərində yerləşən Beynəlxalq Təhsil Birliyinin, 2006-cı ildən isə Türkiyə   Respublikasının Ankara şəhərində yerləşən Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin üzvüdür.

 


FAYDALI KEÇİDLƏR