AZ | RU | EN

Taksimdə möhtəşəm yürüş

03 Mar 2012

  sedr1Bakının, Taksim meydanının möhtəşəmliyinin təsiri altında Rusiyada, Fransada, ABŞ-da, çox-çox ölkələrdə "Xocalı soyqırımını tanı" şüarı altında kütləvi tədbirlər təşkil edildi. 

 

Soykökü bir olan insanların birliyinin, həmrəyliyinin rəmzinə çevrilmiş yürüşlər, təbii ki, dövlətimizin yeritdiyi səbrli, cəsarətli və uzaqgörən siyasətinin nəticəsi idi.

Dövlətimizin Qarabağda, o cümlədən Xocalıda baş vermiş faciələrə dünya ictimaiyyətinin ədalətlə yanaşması yönümündə apardığı genişmiqyaslı işlərə Azərbaycan həmkarlar ittifaqları da həmişə dəstək vermiş, əlindən gələn köməyi əsirgəməmişdir.

Hələ İstanbul yürüşündən təxminən bir həftə əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev Ankaraya səfər etmişdi. Səfər zamanı qardaş ölkənin, demək olar ki, bütün həmkarlar ittifaqı mərkəzlərində olmuş, bu qurumların başqanları ilə görüşmüşdür. "Türk-İş", "Hak-İş", "Türkiyə Kamu-İş", "Toleyis", "Memur-Sen", "Türk-Metal" sendikalarının rəhbərləri ilə, qısa müddət çərçivəsində olsa da, geniş, hərtərəfli söhbətlər aparmışdır.

Məram və məqsədini açıqlamışdır. Söhbətlərin əsasında hər iki qardaş ölkənin məruz qaldığı erməni təcavüzündən danışılmışdır. Bildirilmişdir ki, erməni kartı bütün türk dünyasına qarşı çevrilmişdir.

Türkiyənin, Azərbaycanın sürətlə inkişafı, böyük gələcəyi, regionda, dünya siyasi arenasında qazandıqları imic bir çox dövlətləri qıcıqlandırır. Görürlər ki, biz bir olanda daha güclüyük. Birliyimizin, tərəqqimizin qarşısını almaqdan ötrü xislətcə şantajçı olan ermənilərin uydurmalarından məharətlə istifadə edirlər.

Türkiyəyə qarşı "soyqırımı" iddiası, dava-dərman gücünə saxlanılan ölümcül xəstə kimi, 100 ildir böyük dövlətlərə lazım olan məqamda gündəmə gətirilir. Qafqazda isə tarixin müəyyən dövrlərində ermənilər silahlandırılıb Azəri türklərinə qarşı yeridilir. Təkcə XX əsrdə ermənilər on minlərlə azərbaycanlını qətlə yetirib. Ən dəhşətli faciə isə 1992-ci ildə Qarabağın qədim yaşayış məntəqəsində - Xocalı şəhərində törədilib. 600 nəfərdən çox sakin vəhşicəsinə öldürülüb. 8 ailə bütövlüklə məhv edilib. Şəhər yerlə-yeksan olub. O gecə ermənilər əsl soyqırımı məhz Xocalıda həyata keçirdilər.

Görüşlərdə ümummilli liderimiz Heydər Əliyevin "Bir millət iki dövlət" ifadəsi bir daha xatırlandı. Qeyd olundu ki, sevincimizi də, kədərimizi də birlikdə yaşamaqdan başqa çarəmiz yoxdur. Deyildi ki, bunu son illərin hadisələri də sübut edir. Fransa senatının soyqırımı inkar edənlərə qarşı cəza tədbirləri barədə qərarına ilk etiraz bildirən məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oldu. Onun tapşırığı ilə Azərbaycan diplomatiyası inadkar işlər apardı. Azərbaycan diasporu ayağa qalxdı. Xalqımız Fransanın Bakıdakı səfirliyinin qarşısında mütəmadi mitinqlər keçirdi.

Türkiyə həmkarlar ittifaqı liderləri Azəri türklərinin Fransa senatının qərarına qarşı etiraz hərəkatını yüksək dəyərləndirdilər.

S.Mehbalıyev bildirdi ki, biz belə bir hərəkatı haqlı olaraq türkiyəli qardaşlarımızdan da gözləyirik. Əlbəttə, mənə çatan məlumata görə, türk xalqı böyükmiqyaslı yürüşə hazırlaşır. Bu yürüşlərdə iştirak etmək üçün Azərbaycandan da çoxsaylı insan gəlib. Onların arasında mənim həmkarlarım - Milli Məclisin üzvləri də var. Mən çox istərdim ki, yürüşdə həmkarlar ittifaqı təşkilatları bütün üzvləri ilə iştirak etsinlər.

S.Mehbalıyevin müraciəti böyük məmnuniyyətlə qarşılandı.

AHİK sədri Bakıya qayıtdıqdan sonra müxbirimizə verdiyi müsahibəsində dedi ki, türkiyəli həmkarlarım mənim təklifimə gözlədiyimdən də artıq əməl etdilər. Sendika mərkəzlərinin başqanları, rəhbər işçiləri, bölgələrdə fəaliyyət göstərən qurumlarının məsulları, sıravi üzvləri həmin gün böyük dəstələrlə, şüar və plakatlarla, başlıcası isə ürək dolu məhəbbətlə Taksim meydanına gəldilər. Gəlişləri ilə möhtəşəm yürüşün möhtəşəmliyini bir az da artırdılar.

 

B.RZAYEV (ÜLFƏT qəzeti 03.03.2012)

FAYDALI KEÇİDLƏR