AZ | RU | EN

Səttar Mehbalıyev Beynəlxalq Əmək Təşkilatının 102-ci sessiyasında çıxış etmişdir

13 Jun 2013

 

İyunun 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı S.Mehbalıyev sessiyada  həmin məsələ ilə bağlı çıxış etmişdir.

AHİK sədri öz çıxışında qeyd etmişdir ki, müzakirəyə çıxarılmış problem demoqrafik inkişaf səviyyəsi müxtəlif olan ölkələrin əmək bazarlarının sosial-iqtisadi fəaliyyəti üçün maraqlı və aktualdır. Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının klassifikasiyasına uyğun olaraq, insanların xüsusi çəkisi 65 yaş və ondan yuxarısı 4 faizdən az təşkil edirsə, ölkələrin əhalisi “gənc”, 4-7 faiz təşkil edirsə “yaşlanan”, 7 və ondan yuxarı faiz təşkil edirsə “yaşlı” hesab olunur.

Hazırda inkişaf etmiş ölkələrdə əhalinin yaşlanması prosesi daha sürətlə davam edir. Əksər Avropa ölkələrində əhalinin 65 yaşdan yuxarı olan hissəsi 15-17 faizi təşkil edir. Bu bir tərəfdən doğum səviyyəsinin aşağı düşməsi, digər tərəfdən isə uzunömürlülüyün artması ilə əlaqədardır. Verilən məlumatlara əsasən, yaxın gələcəkdə planetin əhalisinin orta yaşı sürətlə artacaq və 2030-cu ilə kimi 35 yaşa çatacaqdır.

S.Mehbalıyev demişdir ki, mənim sadaladığım demoqrafik dəyişikliklər həmçinin Azərbaycana da aiddir. Əgər 20 il əvvəl bizim dövlətimizin əhalisini nisbətən gənc adlandırmaq mümkün idisə, indi «yaşlanan» hesab oluna bilər. Bu müddət ərzində insanların xüsusi çəkisi 65 yaş və ondan yuxarı 4,8 faizdən 5,8 faizədək artmışdır, ancaq əhalinin 15 yaşadək çəkisi 33,1 faizdən 22,3 faizə enmişdir. Uzunömürlülük isə dayanmadan yüksələrək hazırda 74 yaş həddinə yaxınlaşır.

Azərbaycanın müstəqilliyinin əldə olunduğu ilk illərdə, respublikadakı qeyri-sabit siyasi və sosial-iqtisadi şəraitdə Azərbaycan xalqının iradəsi və mentalitetinin əleyhinə olaraq ölkəmiz qədim Azərbaycan torpağı olan Dağlıq Qarabağda separatçı münaqişəyə cəlb olundu. Həmin münaqişənin mahiyyəti üzərində geniş dayanmadan yalnız onu qeyd etmək istəyirəm ki, bu, bizim sülhsevər xalqımızın həyatında çox şeyi dağıtdı. Bunlardan biri də bizim respublika əhalisinin demoqrafik inkişafının pozulması oldu. Doğum səviyyəsi üzrə göstərici aşağı düşdü: əgər 1990-cı illərin əvvəlində əhalinin hər 1000 nəfərinə 26,6 nəfər doğulan uşaq düşürdüsə, sonrakı illərdə bu rəqəm 18-dən bir az çox idi.

Demoqrafik dəyişiklikləri xarakterizə edərkən qeyd etməmək olmaz ki, ölkə əhalisinin ümumi artımı fonunda  əmək qabiliyyətli yaşdan aşağı olan əhali bir-neçə dəfə azalmışdır. Bu isə iqtisadiyyatın işçi qüvvəsi ilə təmin edilməsində problem yarada bilər. Biz bu problemi görürük, onun həll edilməsi üzərində işləyirik və əminəm ki, bugünkü görüşümüz bizi başqa ölkələrin təcrübəsi ilə də  yaxından tanış edəcəkdir.

Əmək resursları 2000-2011-ci illərdə 4685,8 min nəfərdən 6101,2 min nəfərədək artmış və orta illik artım 118 min nəfər təşkil etmişdir. Bu isə ötən dövrdəkindən bir-neçə dəfə aşağıdır. «Qara qızıl» ın insan kapitalına yönəldilməsi siyasətini həyata keçirən Azərbaycana dünya böhranının nəticələrindən qaçmaq mümkün olmuşdur. Ölkədə qəbul olunmuş bir sıra geniş proqramlar ümumdaxili məhsulun yüksəldilməsinə (2003-cü ildən etibarən 3 dəfə çoxalıb), əhalinin məşğulluğunun artmasına, layiqli əmək üçün şəraitin yaradılmasına istiqamətləndirilmişdir.

AHİK sədri daha sonra demişdir: 2007-2012-ci illər ərzində respublika iqtisadiyyatına demək olar ki, 100 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur ki, bunun da 60 milyardı daxili ehtiyatlar hesabına olmuşdur. Nəticədə 1 milyon 100 mindən çox əlavə iş yerləri yaradılmışdır. Bunun 70 faizi ölkənin regionlarında daxili miqrasiyanın əhəmiyyətli dərəcədə  azalmasına, işsizliyin səviyyəsinin 11%-dən 5,2%-ə enməsinə səbəb olmuşdur. 130 min ailə və yaxud 600 min insan bu gün ünvanlı sosial yardım alır.

Biz sevinirik ki, son illər ərzində respublikada doğum səviyyəsinin yüksəlməsi tendensiyası nəzərə çarpır. Əminik ki, gələcəkdə əməkhaqlarının mərhələlərlə yüksəlməsi respublikada «Sosial müavinətlər haqqında»  Qanunun həyata kesirilməsi ilə doğum səviyyəsinin artımının stimullaşdırılmasına, gənc ailələr üçün mənzil tikintisinin ipoteka şərtlərini asanlaşdırılmasına, Azərbaycan Respublikasında demoqrafiyanın inkişafı və əhalinin yerləşdirilməsi haqqında Dövlət Proqramının həyata keçirilməsinə, ölkənin gəncləşməsinə və kadr potensialının möhkəmləndirilməsinə kömək edəcəkdir.

Əhalinin yaşlanmasının ümumdünya tendensiyalarını təhlil edərkən  bir çox ölkələr üçün demoqratik şəraitin kəskinləşməsinin ümumi səbəblərini müəyyən etmək olar: əhalinin bəzi təbəqələrinin həyat səviyyəsinin pisləşməsi, gəlirlərin səviyyəsinə görə cəmiyyətdə təbəqələşmənin güclənməsi, sahələrin infrastrukturunun zəif inkişafı və onun xidmətindən bir çox insanın istifadə edə bilməməsi, ərzaq məhsullarının keyfiyyətinin aşağı düşməsi, müxtəlif cür xəstəliklərin yayılması, ekoloji tarazlığın pozulması, ətraf mühitin çirklənməsi, millətlərarası  və dövlətlərarası münaqişələr, qaçqınların və məcburi köçkünlərin olması, miqrasiya proseslərinin zəif tənzimlənməsidir.

S.Mehbalıyev ümidvar olduğunu bildirmişdir ki, bu və ya digər çatışmamazlıqların aradan qaldırılması inkişaf etmiş ölkələr kimi inkişaf etməkdə olan ölkələrin də strateci proqramlarında  mərkəzi yeri tutmalıdır. Bundan başqa hesab etmişdir ki, əhalinin yaşlanması problemi sosial partnyorların danışıqlar prosesində əsas mövzu olmalıdır.

Bunlarla yanaşı, 1980-cı il tarixli 162 saylı «Yaşlı əməkçilər haqqında Tövsiyələr»in müddəalarının maksimum geniş istifadəsinə nail olmaq lazımdır. Nəzərə alsaq ki, söhbət işləyən yaşlı insanların sosial müdafiəsindən gedir, o zaman Birləşmiş Əmək Təşkilatı bizim ölkələrin bu sənədin mahiyyətini və onun tətbiqinin qaydalarını mənimsəmələrinə kömək göstərə bilərdi.

Çıxışının sonunda AHİK sədri vurğulamışdır ki, əhalinin yaşlanması təbii proses olaraq qaçılmazdır və dönməzdir. Lakin müvafiq tədbirlər vaxtında işlənib hazırlansa və həyata keçirilsə, bu prosesin neqativ nəticələrindən qaçmaq olar.

 Qeyd edək ki, Beynəlxalq Əmək Təşkilatının 102-ci sessiyası öz işini iyunun 20-dək davam etdirəcəkdir.

cenevre-sedr1  

FAYDALI KEÇİDLƏR