AZ | RU | EN

Səttar Mehbalıyev Bakıda səfərdə olan İUF-un nümayəndə heyəti ilə görüşüb

13 Apr 2012

 

Dünyada aktual olan etibarlı ərzaq təminatı probleminə toxunan S.Mehbalıyev sözügedən məsələ ilə bağlı Azərbaycanda həyata keçirilən tədbirlərdən də bəhs edib. O bildirib ki, “Ərzaq təhlükəsizliyi Dövlət Proqramı”nın icrasının təmini, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi, kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi, güzəştli kreditlər, cins mal-qaranın lizinq qaydasında verilməsi, 2015-ci ilədək daxili imkanlar hesabına əhalinin ərzaq məhsulları ilə 100 % təmin edilməsi və s. ərzaq təhlükəsizliyinin təmin edilməsində dövlət siyasətinin əsas istiqamətləridir.

Aprelin 17-20-si tarixlərində Bakıda BMT-nin tərkib hissəsi olan Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Avropa və Şərqi Asiya üzrə Regional   konfransının keçiriləcəyini diqqətə çatdıran S.Mehbalıyev bildirib ki, tədbirin keçirilməsində məqsəd milli hökumətlər və beynəlxalq qurumların ərzaq təhlükəsizliyi istiqamətində siyasətlərinin əlaqələndirilməsi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsidir. Onun sözlərinə görə, regional konfransda bölgəni təmsil edən ictimai birliklər, о cümlədən kənd təsərrüfatı və qida sənayesi üzrə həmkarlar ittifaqlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub. S.Mehbalıyev həmçinin əlavə edib ki, bugünkü görüşün də məqsədlərindən biri bölgədəki həmkarlar ittifaqlarının birgə mövqeyini müəyyənləşdirməkdir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” Dövlət Proqramı layihəsinin hazırlanma prosesində AHİK-in mütəxəssislərinin də iştirak etdiyini diqqətə çatdıran S.Mehbalıyev qeyd edib ki, hazırda AHİK bu proqramın layiqincə həyata keçirilməsi üçün kənd təsərrüfatı və qida sənayesi sektorlarında çalışan insanların hüquqlarını qorumağa görə onları həmkarlar ittifaqları sıralarına cəlb etməyə çalışır.

Sədr xatırladıb ki, 2009-cu ildən AHİK “Kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqları təşkilatlarının yaradılması” pilot layihəsini həyata keçirir.

 İUF-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Kirill Buketov, bu təşkilatın kənd təsərrüfatı sektorunun koordinatoru Svetlana Boinçan, Qırğızıstan Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Kumuşbek Mambetov, Qazaxıstan Aqrar Sənaye Kompleksi İşçiləri Alma-ata vilayəti üzrə Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Tastan Tokseltov və başqa qonaqlar səfərləri ilə bağlı məlumat veriblər. Bildirilib ki, onlar FAO-nun Bakıda keçiriləcək konfransında iştirak edəcəklər. Onlar ərzaq təhlükəsizliyi ilə bağlı ümumiləşdirilmiş fikirlər, həmkarlar təşkilatlarının fikir və tələbləri, ideyalarını mərkəzi qərargahı Cenevrədə olan İUF-a təqdim edəcəklər.

13.04.12.2 13.04.12.1

FAYDALI KEÇİDLƏR