AZ | RU | EN

Əsaslı islahatlar sosial rifahın yüksəldilməsini tam təmin edəcək

14 Dec 2012

Özülü ümummilli lider, müdrik siyasətçi Heydər Əliyev tərəfindən qoyulmuş və dünyanın aparıcı dövlətlərinin dəstəklədiyi dövlətçilik kursu Prezident İlham Əliyevin analitik siyasi təfəkkürü sayəsində məharətlə və detallarına qədər nüfuz edilməklə, sistemli şəkildə və bütün aspektlər nəzərə alınmaqla uğurla davam etdirilir. Azərbaycanda dəmir məntiqə əsaslanan daxili və xarici siyasətin aparılması onu deməyə əsas verir ki, ölkə bəşəri dəyərlərə doğru istiqamətlənmiş siyasi kursdan heç vaxt dönməyəcək, hüquqi dövlət və vətəndaş cəmiyyətinin tam təntənəsinə nail olmaq üçün bütün mövcud resurs və qüvvələrindən istifadə edərək qloballaşan dünyanın mütərəqqi tələblərinə cavab verəcək, öz prinsipial mövqeyini qoruyacaqdır.

 

Son 10 ilə yaxın bir müddətdə Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatın bütün sahələrində mühüm işlər görülmüşdür. Müxtəlif sahələr üzrə həyata keçirilən dövlət proqramları Azərbaycanı qısa zaman kəsiyində sürətlə inkişaf edən ölkəyə çevirmişdir. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı" dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi respublikamızın hərtərəfli tərəqqisinə təkan vermişdir. Son 10 ildə 1 milyondan çox yeni iş yerləri açılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 7,6 faizə enmiş, büdcə xərcləri 12 dəfə, ümumi daxili məhsul 3 dəfə artmışdır. Hazırda Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB məkanında birinci, dünya miqyasında isə 51-ci yerdədir. Bu gün Azərbaycanda adambaşına 7 min dollar ÜDM düşürsə, 2020-ci ildə bu göstərici təqribən 13 min dollar olacaqdır. Bu da Azərbaycanı inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevirməyə imkan verəcəkdir.

İnnovasiyalı strategiyanın qəbul edilməsinə üstünlük verilən respublikamızda ölkənin bütün potensialı dövlət müstəqilliyinin əbədiliyi ideyasına səfərbər olunmuşdur. Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, qanunun aliliyinin bərqərar olunması sahəsində görülən işlər dünya dövlətləri tərəfindən maraqla izlənilir. Təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrindəki irəliləyişlər xalqın dəstəyi ilə reallığa çevrilir.

Böyük quruculuq meydanını xatırladan ölkədə genişmiqyaslı tikinti-abadlıq işləri aparılır. Çoxsaylı körpülər, yollar salınmış, minlərlə məktəb, idman-sağlamlıq kompleksləri, xəstəxanalar, mədəniyyət müəssisələri, turizm-istirahət mərkəzləri inşa edilərək xalqın istifadəsinə verilmişdir. Hazırda iqtisadiyyatın diversifikasiyası istiqamətində, yəni, qeyri-neft sektorunun, xüsusilə də, sənayenin sürətli inkişafında mühüm işlər görülür. Neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə yeni sənaye sahələri yaradılır. Dövlətimizin hərbi qüdrəti yüksəldilir, sosial məsələlərin həlli istiqamətində böyük iradə göstərilir, intellektual resurslara keçidin təmin edilməsi üçün mühüm və təxirəsalınmaz tədbirlər cəmiyyətin proqressiv inkişafı istiqamətində normaya çevrilir. İldən-ilə əməkhaqları, pensiyalar artırılır, əhalinin sosial rifah halı yaxşılaşır.

Dünya dövlətlərinin sınağından uğurla çıxmış Azərbaycan dünyada artıq etibarlı tərəfdaş kimi tanınır, beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və ləyaqətlə yerinə yetirir. Keçən il Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına keçirilən seçkilərdə Azərbaycanı 155 dövlətin dəstəkləməsi dünya birliyinin ölkəmizə olan hörmət və inamının təzahürüdür. Bu mühüm hadisə dövlətimizin müstəqillik illərində göstərdiyi səylərinin qiymətləndirilməsidir. Bir müddət öncə Meksikada keçirilən 20-lərin görüşünə qatılan 10 ölkədən biri və MDB məkanından yeganə dövlət olması ölkəmizin beynəlxalq arenada diplomatik-siyasi qələbəsinin və onun uğurlarının dünya tərəfindən etiraf olunmasının bariz göstəricisidir.

Mütərəqqi gələcəyə doğru istiqamətlənmiş vektor üzrə inkişaf edən Azərbaycan cəmiyyətində Azərbaycan Həmkarlar İttifaqlarının danılmaz rolu onun xalqın rifahının yüksəldilməsi istiqamətindəki fəaliyyəti ilə təsdiqlənir. Doğrudur, müstəqilliyin ilk illəri həmkarlar ittifaqlarının fəaliyyətində də ciddi dönüş edilməsini tələb edirdi. Sovetlər birliyindən qalma iş metodunu bəhanə edən o zamankı hakim qüvvələr mövcud vəziyyəti aradan qaldırmaq əvəzinə, həmkarlar ittifaqlarının cəmiyyətdəki hörmət və nüfuzundan çəkinərək onu ləğv etməyə çalışırdılar. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan Həmkarlar Ittifaqı da öz fəaliyyətlərində yeni mərhələyə qədəm qoydu. Ümummilli lider cəmiyyətdəki durgunlugun qarşısını ala biləcək gücə malik olan bu böyük təşkilatı müxtəlif siyasi qüvvələrin təsirindən qoruyaraq, ona öz missiyasını yerinə yetirmək üçün hərtərəfli şərait yaratdı, həmkarlar ittifaqlarının illər ərzində topladığı maddi-texniki bazasının dağılmasının qarşısını aldı. Heydər Əliyev demokratik idarəçilik prinsipi ilə fəaliyyətə başlayan Azərbaycan Həmkarlar İttifaqlarının möhkəmlənməsini və imicinin artırılmasını daim dəstəkləmişdir. 1994-cü ildə qəbul edilən "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu bunu tam təsdiq edir. Bu qanun cəmiyyətdə həmkarlar ittifaqının nüfuz və səlahiyyətlərini artırmış, onların sosial-iqtisadi problemlərinin həlli üçün möhkəm hüquqi baza yaratmışdır. Keçmiş sovetlər birliyində mövcud olan həmkarlar ittifaqı qurumundan fərqli olaraq konfederativ əsaslı Azərbaycan Həmkarlar İttifaqları işçilərin sosial-iqtisadi mənafelərinin müdafiəsi ilə bağlı qanun layihələrinin hazırlanması və bu qanunlara rəylərin verilməsində yaxından iştirak etmək imkanı qazandı. Ümummilli lider həmkarlar ittifaqlarının əhalinin sosial-iqtisadi məsələlərinin həlli istiqamətində verdiyi təklifləri daim müdafiə etmiş, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq Həmkarlar İttifaqları hərəkatına qoşulmasına böyük səy göstərmişdir.

Bu gün sürətlə inkişaf edən və müasirləşən Azərbaycanda dövlətin həmkarlar ittifaqlarına münasibəti fenomenal şəxsiyyət Heydər Əliyevin incə təfəkkür tərzinin, məntiqli və düşünülmüş siyasətinin davamıdır. Ölkə Prezidenti İlham Əliyev AHİK-nın III qurultayına göndərdiyi təbrik məktubunda həmkarlar ittifaqlarının cəmiyyətdəki rolunu daim dəstəklədiyini qeyd edir: "Azərbaycanda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində həmkarlar ittifaqlarının çox mühüm rolu var".

Ölkə Prezidentinin verdiyi sərəncamlara əsasən "Həmkarlar ittifaqları haqqında" qanuna və Azərbaycan Respublikasının "Əmək Məcəlləsi"nə bir sıra dəyişikliklər və əlavələr edilmişdir. Bu əlavə və dəyişikliklər həmkarlar ittifaqlarını daha geniş səlahiyyətlərə malik olan və əmək qanunvericiliyinin tətbiq edilməsinə ictimai nəzarəti həyata keçirən bir quruma çevirmişdir.

Cənab Prezidentin Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyətinə verdiyi qiymətin nəticəsi olaraq 2005-ci ildən bu günədək 150 nəfərə yaxın həmkarlar ittifaqları işçisi yüksək dövlət mükafatları, orden və medallarla təltif olunmuş, fəxri ad almış, dörd nəfər isə Prezident təqaüdünə layiq görülmüşdür.

Bu gün xalqın sosial rifahının yaxşılaşmasını özünün başlıca vəzifəsi hesab edən həmkarlar ittifaqları vətəndaş cəmiyyətinin əsas institutlarındandır və bu təşkilat olmadan yeni şəraitdə sosial-əmək münasibətlərinin nizamlanması qeyri-mümkündür. Həmkarlar ittifaqları iqtisadiyyatın inkişafı üçün işçilərin qanuni hüquqlarının müdafiəsinə yardım göstərir, demokratik dəyərlərin inkişaf etdirilməsində mühüm rol oynayır, qloballaşmanın dərinləşməsi şəraitində dünya həmkarlar ittifaqları ilə münasibətini genişləndirir, cəmiyyətdə sosial dialoqun, multikulturalizmin, tolerantlığın bərqərar olunması istiqamətlərində səylərini əsirgəmir.

Nəzərə almaq lazımdır ki, insanların artan tələbatlarının təmin olunma imkanları təbii resursların tükənməsi və ətraf mühitin çirklənməsi kimi qlobal problemlərlə şərtlənmiş fiziki hüdudlar ilə deyil, daha çox, milli, regional məqsədlər və ümumbəşəri, qlobal planetar həyati dəyərlər arasında disharmoniya nəticəsində meydana çıxmış istehlak və ictimai istehsal inkişafının təmayülləri arasında ziddiyyət və sosiomədəni kolliziyalarla əlaqədardır. Qlobal struktur və proseslərin müxtəlif variantların mövcudlugunu diqqətə alarkən müxtəlif tendensiyaları, perspektiv alternativləri nəzərdən keçirmək vacibdir. Bu alternativ çərçivəsində insan tələbatlarının potensialının qeyri-məhdud artımı ilə insan mövcudluğunun konkret tarixi şəraitində onların təmin olunmasının məhdud imkanları arasındakı ziddiyyətlərin həll edilməsi nəzərdə tutulur.

AHİK Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığını möhkəmləndirir, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvü kimi fəallıq dairəsini genişləndirir və 29 xarici ölkənin 34 həmkarlar ittifaqı ilə sıx əlaqə saxlayır.

Azərbaycanın gələcək inkişaf pespektivlərinin indidən müəyyənləşdirilməsi üçün 2011-ci il noyabr ayının 29-da respublika Prezidenti İlham Əliyev "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam imzalamışdır. Ölkəmizin yeni keyfiyyət mərhələsinə keçid almasını təmin edəcək bu sərəncamda əsas hədəf "çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Gələcəyin inkişaf modelini qabaqcadan və aydın görə bilən strateji düşüncə sahibi olan möhtərəm Prezidentin sərəncamına əsasən bu Konsepsiyanın layihəsinin hazırlanmasına müvafiq dövlət orqanları, elmi təşkilatlar və yüksək ixtisaslı mütəxəssislər cəlb olunmuş, qabaqcıl dünya təcrübəsindən yararlanmaq məqsədilə BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdur. Konsepsiyanın hazırlanıb təhvil verilməsi 2012-ci ilin sonuna nəzərdə tutulub və layihənin hazırlanmasına ümumi rəhbərlik Azərbaycanın taleyüklü məsələlərində innovativ təkliflərlə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə edilmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Azərbaycan 2020: İnkişafın yeni hədəfləri" mövzusunda keçirilən konfransda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə bağlı geniş məlumat vermişdir. O, öz məlumatında "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının dövlət həyatında müstəsna rol oynayacağını söyləyərək qeyd etmişdir ki, bu sənəd Azərbaycanda reallaşdırılan quruculuq siyasətinin təməl prinsiplərini, formalaşmaqda olan yeni dünya nizamında ölkəmizin yerini və rolunu, onun hazırda yüksələn xətlə davam edən dinamik inkişafının prioritetlərini özündə ehtiva edəcəkdir. Onun açıqlamasına görə, sərəncamda məhz elə İnkişaf Konsepsiyasının hazırlanması nəzərdə tutulur ki, bu da konsepsiya, strategiya və proqram arasında sərhədlərin dəqiq müəyyənləşdirilməsini zəruri edir. Bunun üçün də, ilk növbədə, inkişafın konseptual əsasları və prinsipləri, dövlətin milli inkişafla bağlı gələcəyə ümumi baxışları hazırlanmalı, bu müddəa və tezislərə müvafiq olaraq strategiya müəyyənləşdirilməlidir. Bundan sonra konkret sahələr üzrə proqramlar qəbul edilməlidir.

Prezident Administrasiyasının rəhbəri sonrakı 8 il ərzində imkanların gələcək inkişafını təmin edəcək fundamental istiqamətlərin müəyyənləşməsinə yönələn Konsepsiyada, Azərbaycan dövlətinin siyasi, iqtisadi, hərbi qüdrətinin gücləndirilməsi xətti əsas götürülməklə, aşağıdakı kompleks tədbirlərin həyata keçiriləcəyini qeyd etmişdir:

- siyasi sahədə: dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkənin ərazi bütövlüyünün təmin olunması, bölgədə və dünyada sülhün, sabitliyin və beynəlxalq təhlükəsizliyin təminatında Azərbaycan dövlətinin səylərinin və rolunun artırılması, demokratik-hüquqi islahatların davam etdirilməsi, ölkədə siyasi-hüquqi sistemin inkişaf mexanizmlərinin təkmilləşdirilməsi, demokratik institutların və vətəndaş cəmiyyəti təsisatlarının rolunun gücləndirilməsi, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi və qanunun aliliyi prinsipinin təmin olunması, qlobal çağırışlara adekvat və önləyici mexanizmlər sisteminin yaradılması;

- iqtisadi-sosial sahədə: iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ümumi daxili məhsulun və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, iqtisadiyyata innovasiyaların tətbiqinin təminatı istiqamətində güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi, Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsi və milli məhsulların dünya bazarlarına ixracı imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi rifah halının durmadan yaxşılaşdırılması, yoxsullugun və işsizliyin səviyyəsinin minimuma endirilməsi, orta təbəqənin hər vasitə ilə genişləndirilməsi və cəmiyyət həyatında onun rolunun artırılması;

- humanitar sahədə: günün tələbləri səviyyəsində elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın inkişafına dövlətin xüsusi diqqət və qayğısının təmin edilməsi, "qara qızıl" amilinin insan kapitalına çevrilməsi, xalqın intellektual sərvətinin hərtərəfli təşviqi istiqamətində zəruri addımların atılması.

AHİK ölkənin ictimai-siyasi həyatındakı mühüm rolu ilə fərqlənən, işçilərin sosial-iqtisadi hüquqlarını və qanuni mənafelərini qoruyan bir təşkilat kimi "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasında yaxından iştirak etməli, işçilərin sosial müdafiəsi və sosial rifah halının yaxşılaşdırılması, cəmiyyətdə sosial dialoqun inkişaf etdirilməsi ilə bağlı təkliflərini layihəyə təqdim etməlidir.

Zənnimcə, əhalinin sosial rifahının artırılmasını təmin edəcək milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı aşağıdakı məsələlərin konsepsiyada öz əksini tapmasına ehtiyac vardır:

- Gələcək perspektivləri və Azərbaycanın inkişaf tempini nəzərə alaraq "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanunu əvəzinə, "Minimum istehlak büdcəsi haqqında" qanun qəbul edilmişdir. Son on ildə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan artıq inkişaf etməkdə olan ölkələr arasındadır. Qüvvədə olan "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanunu inkişaf etməmiş ölkələr üçün xarakterik olduğundan, bu qanunun inkişaf etməkdə olan ölkələrə xas olan "Minimum istehlak büdcəsi haqqında" qanunla əvəz olunması daha məqsədəuyğundur.

- Beynəlxalq Əmək Təşkilatının 95 və 131 saylı konvensiyalarına uyğun olaraq "Əməkhaqqı haqqında" qanun layihəsi işlənib qəbul olunmalıdır. Belə ki 95 nömrəli konvensiyada əməkhaqqının mühafizəsi, tənzimlənməsi qaydalarından bəhs edilir. 131 nömrəli konvensiyada isə inkişaf etmiş ölkələri xüsusilə nəzərə almaqla minimum əməkhaqqının müəyyən edilməsi qaydaları qeyd olunur. Bu konvensiyanın 3-cü maddəsində minimum əməkhaqqının səviyyəsini müəyyən edərkən işçilərin və onların ailələrinin tələbatı nəzərə alındığı halda, Azərbaycan qanunvericiliyində yalnız işçinin minimum tələbatından bəhs edilir.

- Minimum əməkhaqqı, istehlak büdcəsi göstəriciləri Yenidən Baxılmış Avropa Sosial Xartiyasının tələblərinə uyğun müəyyən edilməlidir. Avropa Sosial Xartiyasının tələbinə görə, minimum əməkhaqqı ölkədə orta əməkhaqqının 60 faizinə bərabər olmalıdır. Lakin hazırda Azərbaycanda bu göstərici 24,7 faizə bərabərdir. İstehlak büdcəsi göstəricisi isə orta əməkhaqqının 50 faizinə bərabər olmalıdır. Bu göstərici isə ölkəmizdə 28,5 faizdir.

- Əhalinin, xüsusilə, gənclərin mənzillə təminatını daha da yaxşılaşdırmaq üçün ölkədə ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsinə, yəni, kredit faizlərinin aşağı salınmasına, müddətinin artırılmasına, kredit məbləğinin əmlak bazarında mövcud olan qiymətlərə uyğunlaşdırılmasına nail olunmalıdır.

- Qeyri-formal iqtisadiyyatın həcminin azaldılması və real sektora yönəldilməsi üzrə dövlət proqramının hazırlanıb həyata keçirilməsi təmin edilməlidir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən iqtisadi baxımdan ölkədə 4 milyon 300 minə qədər fəal şəxs qeydiyyatdadır, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyata alınanların sayı 2 milyona yaxındır. Həmçinin nəzərə alınsa ki, bunların arasında ikili mühasibatlığa salınan şəxslərin sayı da kifayət qədərdir, o zaman məlum olur ki, əhalinin 60-70 faizi iqtisadi cəhətdən qeyri-formal sektorda çalışır.

- BƏT ilə əməkdaşlıq çərçivəsində Layiqli Əmək üzrə Ölkə Proqramları imzalanıb, onların icrası təmin edilməlidir. Şəxsiyyətin ləyaqəti naminə cəmiyyət layiqli insan həyatına olan hüququnun ətrafına sədd çəkmək qayğısını öz üzərinə götürməlidir. Demokratik cəmiyyətlərdə belə tənzimləyici qismində, bir qayda olaraq, dövlət çıxış edir. Buna görə də dövlətin insanın layiqli həyat səviyyəsini təmin etmək vəzifəsinin respublikamızın konstitusion quruluşunun əsasını təşkil edən prinsiplərdən biri kimi nəzərdən keçirilməsi daha məntiqəuyğundur. İnsanın layiqli həyat səviyyəsinin təmin edilməsi məsələsi Beynəlxalq Əmək Təşkilatının bir sıra konvensiyalarında təsbit olunmuşdur. Onların arasında BƏT-nin "Sosial təminatın minimum normaları haqqında" 102 saylı konvensiyası (1952-ci il) xüsusi yer tutur. Məzmununa görə yüksək səviyyəli sənədlərdən biri olan bu konvensiya nəinki vətəndaşların əsas sosial risklərdən (tibbi yardıma olan ehtiyac, xəstəlik, işsizlik, qocalıq, əmək zədəsi və peşə xəstəliyi, uşaqların olması, hamiləlik və doğum, əlillik, ailə başçısının itirilməsi) müdafiəsini nəzərdə tutur, həm də müavinətlərin dövri olaraq ödənilməsinin minimal normalarını müəyyən edir və bununla da, əhalinin yoxsullaşmasının qarşısını almağa kömək göstərir.

- Demokratiyanın, vətəndaş cəmiyyətinin rəmzi hesab olunan və ölkədə sosial-əmək münasibətləri, məşğulluq və digər məsələlər üzrə razılaşdırılmış siyasətin hazırlanmasında və həyata keçirilməsində iştirak edən hökumət, həmkarlar ittifaqları və işəgötürənlərin birliklərinin nümayəndələrindən ibarət 3 tərəfli sosial-iqtisadi komissiyanın yaradılması təmin edilməlidir. Belə ki azad rəqabətə əsaslanan iqtisadi münasibətlərin formalaşmasının sürətləndiyi bir şəraitdə sosial tərəfdaşlıq prinsiplərinin həyata keçirilməsi qanunların qəbulu prosesinə təsirsiz ötüşmür. Son illər əldə olunmuş uğurların sosial tərəfdaşlıqla bağlılığı inkarolunmaz məsələlərdəndir. Ölkəmizdə sosial dialoqun təmin olunmasında sosial tərəfdaşlığın subyektləri - Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası məntiqli və düşünülmüş siyasət yeridir, bütün tərəflərin fövqündə duran və onların maraqlarına cavab verən mühüm bir vəzifəni həyata keçirirlər.

Bu üç tərəf arasında 2010-2011-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişin uğurları və əldə olunmuş yüksək nəticələr tərəflər arasındakı münasibətlərin inkişaf edən xətt üzrə getdiyindən xəbər verir. Saziş qüvvədə olduğu müddətdə, yəni, 2011-ci ildə ölkədə istehsal olunmuş ÜDM-in həcmi 50,1 milyard manat olmuşdur, ÜDM-in hər nəfərə düşən həcmi isə 5530,6 manata qədər yüksəlmişdir. Sənayedə 34,5 milyard manatlıq məhsul istehsal olunmuş, kənd təsərrüfatının ümumi məhsulu 5,8 faiz artmışdır. İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12,8 milyard manat (80,3 faiz daxili və 19,7 faiz xarici) vəsait yönəldilmişdir. Aparılan düşünülmüş iqtisadi siyasətin nəticəsində dünyada böhranlı vəziyyətin davam etməsinə baxmayaraq Azərbaycanda makroiqtisadi sabitlik qorunmuş, cəlbedici investisiya mühiti saxlanılmış, milli valyutanın dəyəri sabit olaraq qalmış və inflyasiya 7,9 faiz səviyyəsini aşmamışdır. Ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasətin tərkib hissəsi kimi ötən il üçün Baş Kollektiv Sazişdə iqtisadiyyat sahəsində qoyulan məqsədlərin əldə edilməsi üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu sahədə fəaliyyət göstərən hökumət orqanları ilə birgə işi daha da gücləndirməlidir.

- Əməyin ödənilməsinə xərclənən vəsaitin büdcə xərclərinə nisbətini inkişaf etmiş ölkələrdə olan bu göstəricilərin səviyyəsinə çatdırılması üzrə siyasəti işləyib həyata keçirmək. İnkişaf etmiş ölkələrdə bu göstərici 40-60 faiz, Azərbaycanda isə 16,7 faizdir.

- Yoxsulluğun ölçülməsi üçün beynəlxalq təcrübədə qəbul olunmuş kriteriyalar üzrə statistik göstəriciləri açıqlamaq;

- əməyin mühafizəsi vasitələrinin hazırlanması və istehsalı (xüsusi geyimlər, xüsusi ayaqqabılar və digər fərdi mühafizə vasitələri) üzrə müəssisələrin yaradılması;

- təhlükəsiz əmək şəraitinin yaradılması üzrə milli dövlət standartlar sisteminin hazırlanması;

- əməyin yüksək mühafizəsi şəraitinin yaradılmasına yönəldilmiş vergi siyasətinin aparılması mexanizminin hazırlanması;

- "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklərin edilməsi;

- əməyin mühafizəsinin təmin edilməsi üzrə işəgötürənin cavabdehlik mexanizminin müəyyənləşdirilməsi;

- Azərbaycanda müasir inkişaf etmiş dövlətlərin də istifadə etdiyi Bolonya təhsil sistemi artıq müsbət nəticələrini cəmiyyətə təqdim etməklə həmin sistemin proqressiv cəhətlərini reallaşdırır. Zənnimizcə, müasir dövrdə təhsil sahəsində də sosial tərəfdaşlıq prinsiplərinə əməl olunması gözlənilən vəzifələr sırasında mühüm yer tutur. Belə ki hazırda sosial tərəfdaşlığın təhsilə cəlb edilməsinin 3 əsas - Böyük Britaniya, Fransa və Almaniya-Niderland modeli mövcuddur. Bu ölkələrdə ixtisas təhsili sahəsində siyasət yerli səviyyədə (bələdiyyələrdə) müəyyən olunur, tələbatı daha yaxşı bildiyindən əsas rolu işəgötürənlər (sahibkarlar) və həmkarlar ittifaqı təşkilatları oynayır. Yeni tələblər meydana çıxarkən sosial tərəfdaşlar hökumətlə birgə təhsili planlaşdırır, həyata keçirir, nəzarət edir, bəzən isə maliyyələşdirir. Müəssisədaxili və iş yerlərində təhsil isə həmkarlar ittifaqlarının və işəgötürənlərin vasitəsi ilə aparılır. Kollektiv müqaviləyə əsasən sahə səviyyəsində ixtisas təhsili sahəsində əsas söz sahibi işəgötürənlər assosiasiyası və həmkarlar ittifaqlarıdır. Ancaq sosial tərəfdaşlar dövlət səviyyəsində qərarların qəbulu prosesinə üçtərəfli məsləhət orqanları vasitəsilə qoşulurlar. Həmin agentliklər təhsil prosesinə birbaşa müdaxilə edir, dərsliklərə, dərs planlarına, tədris proqramlarına, mövcud standartlara öz irad və təkliflərini bildirirlər. Əsasən biznes, elm, həmkarlar ittifaqları, tibb, menecment sahələrini özündə birləşdirən belə təşkilatlar demək olar ki, Təhsil Nazirliyi ilə birgə təhsil posesində fəallıq nümayiş etdirirlər. Təcrubə göstərir ki, sosial tərəfdaşlar arasındakı əməkdaşlığın möhkəmlənməsi həm ixtisas, həm də fasiləsiz təhsildə milli, regional və sahə səviyyəsində birgə orqan və strukturların yaranmasını sürətləndirir.

- Azərbaycanın orta və ali təhsil müəssisələrində artıq Qərb dünyasının təhsil sistemində "vətəndaşlıq hüququ" qazanmış yeniləşən cəmiyyət üçün mühüm olan "Sosial tərəfdaşlıq" fənni tədris olunmalıdır. Əgər məzunların bir hissəsinin təhsillərini ali məktəblərdə davam etdirdiyini nəzərə alsaq, orta təhsilini başa vurub özünü istehsalatda təsdiq etmək istəyən vətəndaşlarımızın öz işçi hüquqlarını, əmək qanuvericiliyini bilməsi üçün sosial tərəfdaşlıq fənninin orta məktəbdə tədrisi günün zərurətindən irəli gələn bir məsələdir.

Yaşadığımız və qurduğumuz ictimai quruluşu sosial ədalətin tam bərqərar olduğu quruluşa çevirmək, mülkiyyət plüralizmi və bazar münasibətlərinin hakimliyi üçün bərabər imkan və şərait yaratmaq, cəmiyyətin bütün üzvlərinin naminə sosial rifah tərzinı yaxşılaşdırmaq, insanların əmək, iş, mənzil, səhiyyə, təhsil təminatında mühüm tələbatlarının ödənilməsi üçün uyğun sosial təminat yaratmaq görüləcək mühüm və zəruri tədbirlərdəndir.

 

Səttar MEHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı

"AZƏRBAYCAN" qəzeti 14.12.2012-ci il

FAYDALI KEÇİDLƏR