AZ | RU | EN

Şanlı ordumuzun şücaətləri ilə qürur duyuruq

07 Apr 2016

Bu fikir ordumuza dəstək məqsədilə AHİK-də keçirilən tədbirdə səsləndirilib
Mövqeyindən asılı olmayaraq hər bir ictimai təşkilat ordumuza dəstək verməlidir. Cəbhədə şəhid olan və yaralanan hər bir əsgər ailəsinə mənəvi və maddi yardım göstərilməlidir. Biz də öz imkanımız daxilində kömək göstərməyə hazırıq.

Bu fikirlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında işğalçı erməni silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin və mülki şəxslərin xatirəsini yad etmək və ordumuza dəstək olmaq məqsədilə keçirilən tədbirdə səsləndirilib.Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev son günlər cəbhə bölgəsində yaşanan vəziyyətlə əlaqədar ətraflı məlumat verib. O bildirib ki, mənfur qonşularımız Azərbaycanın kəndlərini, yaşayış məntəqələrini irimiqyaslı silahlar - top və pulemyotlardan atəşə tutur, hərbi mövqelərimizə zərbələr endirirdilər. Son bir neçə gündə onlar daha da azğınlaşmışdılar. Ordumuz isə bu hücumlara qarşı əks tədbirlər görərək onların strateji mövqelərini darmadağın edib. Əlbəttə, döyüşlər nəticəsində hər iki tərəfdən çoxlu sayda insan itkisi var. Lakin Ermənistan ordusunun verdiyi tələfat daha çoxdur. Düşmənin istehkamları, tankları, hərbi texnikaları darmadağın edilib. Şanlı ordumuzun əsgərləri onlara layiqli cavab veriblər. Onlar öz şücaətləri ilə Azərbaycan ordusunun nəyə qadir olduğunu azğın düşmənə göstərdilər. Hər zaman danışıqlar prosesindən qaçan ermənilər indi yalvarırlar ki, gəlin atəşkəs elan edək, münaqişəni dinc yolla həll edək.Azərbaycan ordusunun cəbhə zonasında bir sıra yüksəklikləri ələ keçirdiyini qeyd edən AHİK sədri vurğulayıb ki, bu yüksəkliklər vasitəsilə Dağlıq Qarabağın istənilən nöqtəsinə zərbələr endirmək mümkündür. Həmçinin bu, həmin mövqelərdir ki, erməni silahlıları buradan bizim mülki obyektlərimizi, kəndlərimizi, əhalini, hərbi birləşmələrimizi ardıcıl olaraq atəşə tuturdular. İndi həmin yüksəkliklərə Azərbaycan hərbçiləri nəzarət edəcəklər. Azərbaycan ordusu möhkəmlənib, çox güclüdür, qüdrətlidir. Bunu artıq Ermənistan hərbçiləri də etiraf edirlər. Ermənistan rəhbərliyi verdikləri itkiləri öz əhalisindən gizlədir, bunu tədricən açıqlayır.Ordumuzun döyüş əhval-ruhiyyəsi çox yüksəkdir. Prezident, Ali Baş Komandan İlham Əliyev yaralı əsgərlərimizi ziyarət edərkən onlar ölkə başçısına bir daha bildiriblər ki, sağalan kimi cəbhə xəttinə qayıdaraq Vətənin keşiyində durmağa hazırdırlar. Bu, bizim insanlarımızın mübarizliyindən xəbər verir. Cəbhədə döyüşlər getdiyi ərəfədə minlərlə gənc könüllü kimi orduya getmək istədiyini bildirib. Xalqımız tərəfindən müxtəlif dəstək aksiyaları keçirildi. Eyni zamanda, ölkəmizə beynəlxalq birlik tərəfindən də dəstək nümayiş olundu. Xaricdə yaşayan soydaşlarımız müxtəlif tipli aksiyalar təşkil etdilər. Bunların hamısı dövlətimizin apardığı uğurlu xarici və daxili siyasətin nəticəsidir. Ordu quruculuğuna, müasir silah-sursat və texnikanın alınmasına sərf edilən vəsait öz bəhrəsini verdi.Məlumdur ki, AHİK Qarabağ döyüşçülərinə, əlillərinə, şəhid ailələrinə həmişə diqqət və qayğı göstərib. Bu, bizim müqəddəs borcumuzdur. Onlar bizim ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə iştirak ediblər, canlarını sipər ediblər, sağlamlıqlarını itiriblər. Həm bayramlar ərəfəsində, həm də edilən müraciətə əsasən onlara lazımi kömək göstərilir. Bu, düzgün qərardır. AHİK şəhid olanların və yaralananların ailələrinə hər cür kömək göstərməyə hazırdır. S.Mehbalıyev deyib: “Bizim tərəfimizdən qərar hazırlanıb və vəsait ayrılması nəzərdə tutulub. Həm AHİK-in üzv təşkilatları, həm də sahə təşkilatlarımız mərasimlərdə iştirak edəcək, lazımi yardımlar göstərəcəklər”.Tədbirdə bir daha qeyd edilib ki, Ermənistan rəhbərliyi Azərbaycan ordusunun gücünü gördükdən sonra danışıqların aparılmasına razılıq verib. Biz istəyirik ki, münaqişə sülh yolu ilə həll olunsun. Lakin məsələ sülh yolu ilə həllini tapmasa, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edəcək. Biz hamımız buna inanırıq.

 

FAYDALI KEÇİDLƏR