AZ | RU | EN

Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçiləri Həmkarlar İttifaqının yaranmasının 25 illiyi qeyd edilib

08 Apr 2016

Aprelin 8-də Azərbaycan Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin kollektivi təşkilatın 25 illiyi münasibətilə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Həmin gün "Bİ-Bİ" İstirahət Mərkəzinin konfrans zalında Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçiləri Həmkarlar İttifaqının yaranmasının 25 illiyinə həsr olunmuş mərasim keçirilib. Mərasimi giriş sözü ilə Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanov açıb.
Onun təklifi ilə aprelin 2-dən 4-dək Qarabağda ermənilərin törətdiyi təxribata qarşı döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusu əsgərlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra M. Salmanov tədbirin gündəliyini təqdim etdi və sahə Hİ Respublika Komitəsinin 25 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.
Sahə Hİ Respublika Komitəsinin sədr müavini Zenfira Bünyatova ittifaqın yaranma tarixi və keçdiyi fəaliyyət yolu barədə geniş məruzə ilə çıxış edib. Sədr müavini İttifaqın əməyin mühafizəsi, gender, gənclər, işçilərin əmək, sosial hüquqlarının qorunması sahəsində görülən işlərdən, qazanılan uğurlardan danışıb.
Daha sonra söz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevə verilib. Konfederasiya sədri tədbir iştirakçılarını sahə Hİ-nin yaranmasının 25 illiyi münasibətilə təbrik edib və onlara üzvlərin sosial-iqtisadi maraqlarının müdafiəsi işində uğurlar arzulayıb.
S.Mehbalıyev sərhəd bölgələrimizdə baş verən son hadisələrə toxunaraq bildirdi ki, aprelin ilk günlərində mənfur qonşularımız tərəfindən Azərbaycanın kəndləri, yaşayış məntəqələri irimiqyaslı silahlar - top və pulemyotlardan atəşə tutub, hərbi mövqelərimizə ardıcıl zərbələr endiriblər. Nəticədə xeyli dinc əhali və hərbi heyət arasında həlak olanlar, yaralananlar olub, bir çox yaşayış evlərinə ziyan vurulub. Hamınıza bəllidir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. Lakin Ermənistan atəşkəs çağırışlarına məhəl qoymayaraq ağır silahlarla Azərbaycanın mövqelərinə atəş açmaqda davam edib. 
Ali Baş Komandan, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin səyləri nəticəsində regionda ən qüdrətli bir orduya çevrilən Azərbaycan Ordusu düşmənə tutarlı cavab verərək 2 kəndimizi, bir neçə əhəmiyyətli yüksəkliyi ələ keçirib, düşmənin 300-dən çox əsgər və zabitini məhv edib, onun hərbi maddi-texniki bazasını sıradan çıxarıb.
Mən ordumuzun bu qələbələri münasibətilə bütün xalqımızı təbrik edirəm. Əminəm ki, Azərbaycanın üçrəngli bayrağının erməni ordusu tərəfindən işğal olunmuş digər ərazilərimiz üzərində dalğalanmasına çox vaxt qalmayıb.
Bütün bu qələbənin başında bizim Ali Baş Komandan, Prezidentimiz möhtərəm İlham Əliyev cənabları durur. Xalqımız kimi, həmkarlar ittifaqları üzvləri də Prezidentimizlə, ordumuzla qürur duyur.
AHİK sədri qeyd etdi ki, “Sizin təşkilatlatın yubileyi belə bir mühüm tarixi günlərdə qeyd olunur.
Yaxşı bilirsiniz ki, Azərbaycan həmkarlar ittifaqları müstəqilliyimizin ilk illərində prinsipial mövqe tutaraq, siyasi qarşıdurmaların fitvasına getməyərək işçilərin sosial-iqtisadi və əmək hüquqlarının müdafiəsi istiqamətində uzun illərdən bəri formalaşmış ənənəyə sadiq qaldılar. Bizə ümumi problemlərimizi və məqsədlərimizi həyata keçirməkdə ulu öndərimiz Heydər Əliyev dayaq olub.
1992-ci ildə AHİŞ-ə daxil olan 6 həmkarlar ittifaqı təşkilatı bu qurumun fəaliyyəti ilə razı olmadıqlarını bəyan etdi və növbədənkənar qurultayın çağırılması təşəbbüsünü irəli sürdülər. 6 həmkarlar ittifaqından biri məhz bu gün yubileyinə toplaşdığımız Azərbaycan Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçiləri Həmkarlar İttifaqının təsisçilərindən biri olan Azərbaycan Sahibkarlıq İşçiləri Müstəqil Həmkarlar İttifaqı idi.
Bu altılığın qərarı öz bəhrəsini göstərdi. 5 fevral 1993-cü ildə keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) verdi. AHİK-in təsisçilərinin ikisi - Azərbaycan Sahibkarlıq İşçiləri Müstəqil Həmkarlar İttifaqı və Elm, Elmi İstehsalat və Özəl Müəssisələri İşçilərinin Həmkarlar İttifaqınin bazasında yaradılmış təşkilatlardır.
Bu gün Azərbaycan həmkarlar ittifaqlarının cəmiyyətdəki mövqeyinin güclənməsi təşkilatımızın birliyinin və həmrəyliyinin nəticəsidir. Sizin təşkilat AHİK-in kollegial şəkildə qəbul etdiyi bütün qərarların ardıcıl şəkildə yerinə yetirilməsinə çalışır, həmkarlar ittifaqının rolunun və nüfuzunun daha da artması üçün səmərəli yollar axtarır.
Hazırda 2200-dən çox təşkilatı, 18000 üzvü özündə birləşdirən bu qurum son 3 il ərzində 82 yeni təşkilatı sıralarına qoşa bilib. Yəni əlavə olaraq 1490 həmkarlar ittifaqı üzvünün problemlərinin həllini üzərinə götürüb.
AHİK təsis edildiyi vaxtdan sizin təmsil olunduğunuz həmkarlar ittifaqına mütəmadi kömək əli uzadıb. Yalnız son 3 ildə AHİK tərəfindən ittifaqınıza 1.405.154 manatdan çox dəyəri olan 1850 yollayış ayrılıb. Bu yollayışlarla 2134 nəfər işçi respublikamızın müxtəlif sanatoriya və istirahət ocaqlarında müalicə alıb və dincəliblər.
Bununla yanaşı, hesab edirəm ki, görməli olduğumuz işlər də az deyil. Bu gün ölkəmizdə kiçik və orta sahibkarlıq böyük vüsətlə inkişaf edir. Yeni müəssisələrin və iş yerlərinin açılması yeni perspektivlər yaradır ki, bu fürsətdən yetərincə yararlanmaq Sizin üzərinizə düşür.
Digər tərəfdən, üzvlərin hüquqlarının müdafiəsi də yaddan çıxmamalıdır. Onların hüquqları cəsarətlə və layiqincə qorunmalıdır. Etiraf edək ki, bəzən yerlərdə işçilərin hüquqlarının yetərincə qorunmasına nail olunmur. Belə ki, 2015-ci ildə işdən çıxarılma ilə bağlı işəgötürənlərin 10 müraciətinin hamısına həmkarlar ittifaqı təşkilatları müsbət cavab veriblər. Bu da tərəfimizdən təqdirəlayiq hesab edilmir.
Əziz yubiley iştirakçıları, bu gün mən AHİK sədri, millət vəkili kimi sizin qarşınızda çıxış etməkdən məmnunam. Azərbaycan həmkarlar ittifaqlarının səsi indi beynəlxalq həmkarlar ittifaqı təşkilatlarında hörmətlə eşidilir. Müstəqil dövlətimizin dünya birliyinə inteqrasiyası həmkarlar ittifaqlarının beynəlxalq əlaqələrinin qurulmasına, BƏT-in konvensiyalarının, Avropa Sosial Xartiyasının tələblərinin yerinə yetirilməsinə geniş şərait yaradır. Biz beynəlxalq həmkarlar ittifaqı hərəkatına və əməkdaşlığa dəyərli töhfələr verəcəyimizə, bu yolla bütün işçilərin rifahına təsir göstərəcəyimizə, uğurlar qazanacağımıza inanırıq.
Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, işlərinizdə uğurlar arzulayıram”.
Tədbirdə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK-in sədri Hikmət Osmanovun, Mədəniyyət İşçiləri HİRK-in sədri Cəmilə Səttarovanın və digərlərinin də çıxışları dinlənildi.
Sonda ittifaqın bir qrup işçisinə AHİK-in və sahə Hİ Respublika Komitəsinin Fəxri fərmanları təqdim olundu.

FAYDALI KEÇİDLƏR