AZ | RU | EN

Regional Konfrans öz işinə başladı

11 Aug 2011

Seminarın ilk günü iştirakçılar Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.

Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilmiş, məzarları üstünə güllər qoyulmuşdur.

Konfransın ilk plenar iclasını giriş sözü ilə açan AHİK sədrinin müavini Aqil Dadaşov iştirakçıları Konfederasiyanın İcraiyyə Komitəsi və rəhbərliyi adından salamlayaraq bildirdi ki, bugünkü tədbirimiz çox aktual bir məsələyə həsr olunmuşdur. İnformasiya işi Azərbaycan həmkarlar ittifaqı fəaliyyətinin mühüm tərkib hissəsidir. İnformasiya fəaliyyəti təşkilatımıza cəmiyyətdə gedən ictimai-siyasi proseslərə fəal nüfuz etməyə, dövlətçiliyin, iqtisadiyyatın inkişafına, işçilərin rifah halının yaxşılaşdırılmasına, onların hüquqlarının qorunmasına, bütün təbəqələrin sosial ehtiyaclarının ödənilməsinə, xüsusilə mühüm əhəmiyyət kəsb edən, həmkarlar ittifaqlarının gələcək inkişafı üçün aparıcı qüvvə olan gənclər siyasəti ilə bağlı strategiyanı həyata keçirməyə imkan verir. 2004-cü ildə AHİK tərəfindən qəbul olunmuş "Azərbaycan həmkarlar ittifaqlarının informasiya siyasəti konsepsiyası", "Həmkarlar ittifaqlarının gənclər siyasəti konsepsiyası" bir daha göstərdi ki, həmkarlar fəaliyyətinin mühüm tərkib hissəsi olan gənclərin əmək və vətəndaşlıq hüquqlarının qorunmasında keçirilən tədbirlərin əhəmiyyəti onun informasiya təbliğatı işindədir.

Sahə həmkarlar ittifaqları arasında əlaqələri möhkəmləndirmək üçün internetdən istifadə daha da təkmilləşdirilmişdir. Həmkarlar ittifaqının informasiya konsepsiyasının həyata keçirilməsində, vətəndaşların ictimai şüurunda müasir həmkarların müsbət imicinin formalaşmasında "Ülfət" qəzetinin fəaliyyəti danılmazdır.

Bu ilin iyul ayında İcraiyyə Komitəsi "Azərbaycan həmkarlar ittifaqlarının həyatından bəhs edən ən yaxşı yazı, tele-radio süjeti" Respublika müsabiqəsinin təşkili və keçirilməsi haqqında qərar qəbul etmişdir. Bunun üçün 10 min manat mükafat vəsaiti ayrılmışdır. Hər bir kütləvi təşkilatın gələcəyi gənclərlədir. Tədbirin məqsədi həmkarlar ittifaqlarında çalışan gənclərin təcrübələrini, onların milli həmkarlar ittifaqlarının mərkəzlərində həmkarlar ittifaqlarının kampaniyalarının həyata keçirilməsi ilə bağlı səriştələrini artırmaqdır. Ölkə Prezidenti cənab İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların dövlət idarəçilik sistemində iştirakının gerçəkləşdirilməsi məqsədi ilə bir çox sərəncamlar imzalamışdır.

"2011-2015-ci illərdə Azərbaycan gəncliyi" Dövlət Proqramı artıq qəbul olunmuşdur. Bütün gəncləri ölkəsinin fəal vətəndaşı olmağa, həmkarlar ittifaqı təşkilatlarında birləşərək qarşımızda duran məqsəd və proqramları həyata keçirməyə çağırıram.

Beynəlxalq Həmkarlar İttifaqları Moskva Regional Bürosunun əməkdaşı Anton Leppik konfransın proqramını təqdim edərək onun məqsəd və vəzifələrindən, beynəlxalq həmkarlar ittifaqının fəaliyyət planından danışarkən qeyd etdi ki, 12 avqust Birləşmiş Millətlər Təşkilatı tərəfindən Gənclər Günü kimi qeyd olunur. AHİK-in təşəbbüsü və BƏT-in maliyyə dəstəyi ilə keçirilən bizim konfransın işi də bu günə təsadüf edir. Bu gün dünya həmkarlar hərəkatında ən vacib məsələlərdən biri "yaşlaşma" prosesinin qarşısının alınmasıdır. Buna görə də ilk növbədə gənc qüvvələri bu hərəkata cəlb etməliyik. Bunun üçün bizə səmərəli informasiya dəstəyi lazımdır. Yeni layihələr və proqramlar müzakirə olunmalı, həyata keçirilməlidir.

Əmək hüququnun müdafiəsində beynəlxalq təşkilatların rolundan danışan BHİK-in nümayəndəsi Anna Salnikova qeyd etmişdir ki, BHİK dünyanın 155 ölkəsində 170 milyondan çox insanı birləşdirir. Bu təşkilatın əsas hərəkətverici qüvvələri öz iş yerlərində hüquqlarını qoruyan qadın və kişilərdir. Bu təşkilatın ədalətli gələcək təbliğindəki müvəffəqiyyəti birbaşa gənc insanların iştirakından asılıdır. BHİK öz fəaliyyəti ilə çalışır ki, bütün dünyada işçilərin əmək və həyat şəraiti yaxşılaşsın, insan hüquqları, sosial ədalət, gender bərabərliyi, sülh, azadlıq və demokratiya bərqərar olsun. Pan Avropa Regional Şurası Gənclər Komitəsinin sədri Daniela Aleksiyeva BHİK-in gənclər siyasətini xüsusi vurğulamış və bildirmişdir ki, Pan Avropa Regional Şurasının Gənclər Konqresi 4 ildən bir çağırılır. Konqresə seçkilər tam demokratik əsaslarla keçirilir. Konqresin strukturundan və gördüyü işlərdən ətraflı bəhs edən Daniela Aleksiyeva qeyd etdi ki, bu konfrans bizə başqa ölkələrin gənclər təşkilatı ilə əlaqələr yaratmağa və ümumilikdə gənclər hərəkatının inkişafına kömək edəcəkdir.

"Milli həmkarlar ittifaqı mərkəzlərində həmkarlar ittifaqı kampaniyalarının həyata keçirilməsi ilə bağlı təcrübə. Onların effektivliyinin təhlili", "Milli səviyyədə beynəlxalq tanıtım kampaniyaları. Hazırlanmış qərarlar və yeni imkanlar üçün axtarış" dəyirmi masa və işçi qrupların təqdimatında Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasından Namia Svanidze, Belarus Demokratik Həmkarlar İttifaqları Konqresinin nümayəndələri Dmitriy Labetskiy, Maksim Paznyak, Ukrayna Həmkarlar İttifaqları Federasiyasının Gənclər Şöbəsinin müdiri Vladimir Maydanyuk dünyada qəbul olunmuş demokratik standartlara uyğun olaraq həmkarlar ittifaqlarının fəaliyyətinin gücləndirilməsi və inkişaf etdirilməsi, gənclərin iş təcrübələri, onların iş günlərinin səmərəli keçirilməsi və digər məsələlərlə bağlı fikirlərini bölüşmüşlər.

Konfransın ikinci günü AHİK-in Gənclər Şurasının sədri Tural Süleymanov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Hüquq Şöbəsinin rəhbəri Mehman Mehmanov və Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fuad Babayev Azərbaycanda aparılan gənclər siyasətindən, gənclərin sosial hüquqlarının qorunması, onların həmkarlar ittifaqı hərəkatında rolundan danışmışlar.

Bildirmişlər ki, Azərbaycan Prezienti İlham Əliyevin göstərişi ilə təkcə paytaxtda deyil, ölkənin bölgələrində də yaşayan gənclərin dövlət idarəçilik sistemində fəal iştirakının təmin edilməsi məqsədi ilə bir çox tədbirlər həyata keçirilir. Azərbaycan gənclərinin fəal vətəndaş kimi cəmiyyətin sosial və siyasi inkişafında iştiraklarına şərait yaratmaq məqsədi ilə regionlarda "Gənclər evi" yaradılır.

"Beynəlxalq layiqli iş günü: gənclərin fəaliyyət təcrübələri" mövzusunda təşkil edilmiş dəyirmi masada qeyd edildi ki, iştirakçı ölkələrin gəncləri Ümumdünya Layiqli Əmək Günü çərçivəsində iş yerlərində yığıncaqlar, vərəqələrin yayılması, nümayiş və konfranslar, videomüraciətlər müzakirələr, mədəni və idman, müxtəlif milli və beynəlxalq tədbirlər keçirmişlər.

Rusiya Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasından Olqa Jankeviç Orenburq şəhərində baş verən çox qəribə bir hadisəni danışdı. Həmkarlar ittifaqları üzvü olan gənclər şəhərin müəssisələrində çalışan işçilərin ağır vəziyyətini nəzərə alaraq nümayiş keçirmiş və layiqi iş gününü şəhər qəbiristanlığında “dəfn etmiş” və baş daşının üstündə “layiqli iş günü” yazmışlar. Hadisə video görüntülərlə verilmişdir. Bu həm konfrans iştirakçılarının gülüşünə səbəb olmuş və həm də bu barədə öz ciddi fikirlərini bildirmişlər.

Konfransda gənclərin iş təcrübələri, onların fəaliyyət günlərinin səmərəli keçirilməsi, qruplarla iş sistemi və s. mövzularla bağlı müzakirələr aparılmışdır. Sonda müzakirələrlə bağlı fəaliyyət planı qəbul olunmuşdur.

 

11.08.11-2 11.08.11-1
11.08.11 11.08.11-3

 

FAYDALI KEÇİDLƏR