AZ | RU | EN

Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının konfransı keçirilib

28 Jul 2017

 İyulun 26-da Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının hesabat-seçki konfransı keçirilib. Tədbirdə sahə Hİ Respublika Komitəsinin sədri Seymur Orucov hesabat məruzəsi ilə çıxış edib. Nəruzəçi respublikamızda iqtisadi və sosial sahədə aparılmış islahatlar, əldə olunan nailiyyətlər barədə konkret rəqəmlərə istinad etməklə məlumat verib. Xidmət göstərdikləri sahə işçilərinin bu nailiyyətlərin qazanılmasında rolunu xüsusi qeyd edib.

S.Orucov sahə həmkarlar ittifaqının hesabat dövründəki fəaliyyətindən danışarkən bildirib ki, hər ilin əvvəlində tərtib olunmuş iş planına uyğun olaraq müəssisələrdə yoxlamalar aparılmış, Rəyasət Heyətinin iclaslarında müzakirəyə çıxarılmış və müəyyən olunmuş nöqsanların aradan qaldırılması təmin edilmişdir. Hesabat dövrü ərzində ştat ixtisarı ilə əlaqədar əvvəllər işdən azad edilmiş işçilərin bir qismi yeni iş yerləri açıldıqca, kollektiv müqavilə və sazişdə nəzərdə tutulduğu kimi, işlə təmin edilmişlər. Hesabat dövründə 6 müəssisədə ilk həmkarlar ittifaqı təşkilatı yaradılmışdır.
Məruzəçi qeyd edib ki, istehsalatda sağlam və təhlükəsiz əmək şəraiti olmadan heç bir iqtisadi inkişaf ola bilməz. Buna görə də rabitə müəssisələrində və təşkilatlarında, tabeçiliyindən, mülkiyyət formasından asılı olmayaraq, əməyin mühafizəsi üzrə qanunvericilik aktlarına və digər normativ aktlara əməl edilməsi Respublika Komitəsinin texniki əmək müfəttişliyi tərəfindən daimi nəzarətdə saxlanılıb.
Ötən 5 il ərzində texniki əmək müfəttişi 491 yoxlama aparmış, 387 təqdimat-arayış vermişdir. Yoxlama zamanı aşkara çıxarılmış nöqsanların 98 faizi vaxtında aradan qaldırılmışdır. RK-nın texniki əmək müfəttişi fəaliyyətində əməyin mühafizəsi üzrə ictimai əmək müvəkkillərinin işinə mühüm yer ayırmışdır. Rabitə müəssisələrinin həmkarlar ittifaqı komitələrində əməyin mühafizəsi komissiyaları yaradılmış və ictimai əmək müvəkkilləri seçilmişdir. Seminarlara, müşavirələrə, baxış- müsabiqələrə cəlb edilməklə onların məşğul olduqları sahə üzrə bilikləri artırılmışdır. Əməyin mühafizəsinə ictimai nəzarətin diqqətdə saxlanılmasının nəticəsidir ki, AHİK-in "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi ilə keçirdiyi Respublika baxış-müsabiqəsində 2012-2017-ci illərdə sahənin 9 müəssisəsi qalib elan edilmişdir. Qaliblərə pul mükafatları və qiymətli hədiyyələr verilmişdir.
Natiq sonra deyib ki, hesabat dövründə rabitə işçilərinin istirahəti, sağlamlığı üçün lazımi şərait yaradılmış, üzvlərin sosial məsələlərin həlli istiqamətində çox sayda tədbir həyata keçirilmişdir. Təxminən 2 min nəfər rabitəçi yollayışla təmin edilmişdir. Yollayışların 72-si üzvlərə pulsuz verilmişdir. "Nabran" İstirahət Mərkəzində isə 2088 rabitəçi ailəsi ilə birlikdə həmkarlar ittifaqı təşkilatının vəsaiti hesabına pulsuz dincəlmişdir.
S.Orucov  onu da diqqətə çatdırıb ki, həmkarlar ittifaqı kadrlarının və fəallarının təhsili və ixtisaslarının artırılması təşkil edilmişdir. Hesabat dövrü ərzində 283 nəfər təhsilini və ixtisaslarını artırmışdır.
"Biz üzvlərimizin müraciətlərinə həssaslıqla yanaşmışıq", - deyə RK sədri bildirib.  Daxil olmuş  ərizə və  şikayətlərə baxılarkən  RK-nın  hüquq müfəttişi  tərəfindən  yerlərə sorğular göndərilir. Sorğulara cavab olaraq əmək mübahisəsi yaradan halların araşdırılması üçün müəssisə və təşkilatlardan lazımi sənədlər  tələb olunur. Bəzi hallarda alınan bu sənədlər ərizə  və şikayətləri  Respublika Komitəsində  araşdırmağa imkan vermir. Belə  halda RK-nın  hüquq müfəttişi  yerlərə ezam olunur və şikayətçinin  özünün iştirakı ilə yoxlamalar  keçirilir. Müraciətlərin yerlərdə həllini tapmasına nail olmaq məqsədilə RK-nın baş hüquq müfəttişi "İşəgötürənin  təşəbbüsü ilə fəhlə və qulluqçuların işdən çıxarılmasına həmkarlar ittifaqı komitələri  tərəfindən  razılıq  verilməsinə  dair tövsiyələr" işləyib hazırlayıb işəgötürənlərə və həmkarlar ittifaqı komitələrinə göndərmişdir.
Məruzədə ittifaqın hesabat dövründə göstərdiyi fəaliyyətin digər istiqamətlərinə də toxunulub  Deyilib ki, xidmətimizdə olan ilk təşkilatlarda keçirilən hesabat-seçki yığıncaqlarında həmkarlar ittifaqı üzvləri tərəfindən Səttar Möhbalıyevin AHİK-in V qurultayında yenidən sədr seçilməsi barədə təkliflər verilmiş və qərarlar qəbul olunmuşdur. Elə buna görə də konfransımız AHİK-in V qurultayına seçiləcək nümayəndələrə tövsiyə edir ki, qurultayda S.Möhbalıyevin yenidən AHİK sədrliyinə namizədliyini irəli sürsün.
Məruzə ətrafında çıxışlarda da ittifaqın son 5 ildəki fəaliyyətinin müəyyən məqamlarına münasibət bildirilib. Qeyd edilibki, ittifaq üzərinə düşən vəzifəni yerinə yetirib, üzvlərin əmək, sosial hüquqlarının müdafiəsində cəsarətlə durub, onların istirahətini yüksək səviyyədə təşkil edib.
Konfransda AHİK sədrinin müavini Cavanşir Alxasov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Daxili Nəzarət və Audit Şöbəsinin müdiri Tahir Məmmədov çıxış ediblər.
Konfransda  Seymur Orucov yenidən sahə Hİ Respublika Komitəsinin sədri, Rəşad Səfərov isə müavin seçilib.

FAYDALI KEÇİDLƏR