AZ | RU | EN

Səhiyyə işçiləri üçün yeni İstirahət Mərkəzi istifadəyə verildi

26 Dec 2015

Dekabrın 26-da Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Qusar rayonu ərazisində inşa etdirdiyi “Şəfa” istirahət mərkəzi tibb işçilərinin istifadəsinə verilib.

2 hektar ərazisi olan istirahət mərkəzinin inşasına 2013-cü ilin iyunundan başlanılıb.
Açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, BHİK-in vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək istirahət mərkəzində tibb işçilərinin rahat dincəlmələri üçün bütün imkanların yaradıldığını diqqətə çatdırıb.
Bildirilib ki, Qusar şəhəri, Heydər Əliyev prospektində inşa olunan istirahət mərkəzində qazanxana, su anbarı, konfrans və idman zalı, uşaq meydançası, avtomobil dayanacağı, yeməkxana və digər otaqlar var. Bununla yanaşı, binada idarəetmə otaqları, məşq zalı və VİP nömrələr fəaliyyət göstərəcək.
Üç mərtəbəli 80 yerlik istirahət bazası ilboyu fəaliyyət göstərəcək. Burada, eyni zamanda, uşaqlarla birlikdə 100 nəfərin istirahət etməsi mümkündür. Gələcəkdə mərkəzdə müalicə xidmətlərinin də göstərilməsi nəzərdə tutulub.
Mərkəzə daxil olan binalar müasir işıqlandırma və havalandırma sistemi, lift, sürətli internetlə təmin olunub.
İstirahət mərkəzinin bağında minə yaxın müxtəlif növ ağac əkilib, geniş yaşıllıq zolağı salınıb.
Qeyd etmək lazımdır ki, Qusar Mərkəzi rayon Xəstəxanası yeni binada yerləşəndən sonra 2013-cü ildə Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyinin köməkliyi ilə xəstəxananın binası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin qərarı ilə Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə verilib.

FAYDALI KEÇİDLƏR