AZ | RU | EN

AHİK-in gənclər siyasəti Konsepsiyası

30 Nov 2005

Bu gün gənclər üçün xüsusilə səciyyəvi olan bir sıra problemlər də aşkara çıxır. Belə ki, gənclərin pulsuz peşə təhsilinin təşkili, onların işlə təminatı, ailə qurmaq, mənzil almaq kimi tələbatları qarşılaşdıqları problemlərdəndir. Onların mükəmməl mədəni inkişafı üçün kifayət qədər şərait yoxdur. Bütün bunlar da gənclər arasında bir sıra təhlükəli sosial nöqsanların, o cümlədən cinayətkarlığın, narkomanlığın, fahişəliyin və sairə sahələrdə kriminal halların artmasına gətirib çıxarır.

Gənclərin problemlərin onların zəif təşkilatlanmaları ilə də əlaqələndirmək olar. Hazırda gənclərin maraqlarını və sosial-əmək hüquqlarını real olaraq müdafiə edə bilən heç bir kütləvi gənclər təşkilatı formalaşmayıb. Təəssüf ki, gənclərlə   bir çox həmkarlar ittifaqı təşkilatları da müntəzəm, məqsədəuyğun iş aparmır. Bu da həmkarlar ittifaqları üzvlüyünə gənclərin axınına əngəllər törədir, təşkilatda cavanlaşma prosesini lənqidir.

Təqdim olunan AHİK-in gənclər siyasəti konsepsiyası yaranmış vəziyyətə təsir göstərmək məqsədini daşıyır.

 

1.Ümumi müddəalar. 

 

1.1 AHİK özünün gənclər siyasətini Azərbaycan Respublikasının Konstitusiyası, «Gənclər haqqında» və «Həmkarlar İttifaqları haqqında» Qanunları, beynəlxalq konvensiyalar və standartlarla, Azərbaycanın müqavilə və öhdəlikləri ilə, habelə AHİK-in Nizamnamə və proqram sənədlərinin tələblərinə müvafiq olaraq ona verilmiş hüquqlar əsasında hazırlayır və həyata keçirir.

 

1.2 AHİK-in gənclər siyasətinin başlıca vəzifəsi işləyən və təhsil alan gənclərin hüquqlarının müdafiəsi üzrə AHİK-in və onun üzv təşkilatlarının fəaliyyətinin təşkili, gənclərın həmkarlar ittifaqları sıralarına cəlb olunması və fəallarının sayının bilavasitə onların hesabına artırılmasıdır.

 

1.3. Bu məqsədlərə müvafiq olaraq həmkarlar ittifaqları təşkilatlarının gənclər siyasətinin həyata keçirilməsindəki başlıca vəzifələri aşağıdakılardır:

 

- AHİK -in   ümumilikdə fəaliyyətinin və onun üzv təşkilatlarının gənclərin sosial-iqtisadi və əmək mənafelərinin müdafiəsi üzrə işlərin əlaqələndirilməsi və mənzilə, istehsalat məsələlərinin həllinə, layiqli gəlir, mənalı istirahət və asudə vaxtlarının təşkililində qanunverici təminatlarının genişləndirilməsində köməklik göstərilməsi üzrə işlərinin əlaqələndirilməsi;

 

- gənclərin həmkarlar ittifaqı fəaliyyətinə və həmkarlar ittifaqı üzvlüyünə cəlb olunmasına kömək göstərilməsi, həmkarlar ittifaqı fəallarının hazırlanması, onların, sayının gənclərin hesabına artırılmasının təmin edilməsi üçün həmkarlar ittifaqı işinin fəallaşdırılması, gənclərin ictimai-faydalı təşəbbüs və maraqlarını realizə etmələri məqsədilə təşkilatlanmalarına yardım göstərilməsi, həyatı məsələlərin həllində sərbəst və təşəbbüskar olmaları üçün gənclərin maarifləndirilməsi;

 

- AHİK- in üzv təşkilatlarının gənclərlə bağlı iş təcrübəsinin öyrənilməsi, işin forma və metodlarının təkmilləşdirilməsi;

 

- həmkarlar ittifaqlarının gənclərlə bağlı işdə və onlara xidmət göstərilməsində ixtisaslaşan sosial infrastrukturunun (sanatoriya –kurort müəssisələrinin, idman qurğuları və bazalarının, istirahət və turizm təşkilatlarının, təhsil, asudə vaxt mərkəzlərinin, klubların) saxlanması və inkişaf etdirilməsi.

 

1.4. AHİK-in məqsədi gənclər siyasəti ilə həmkarlar ittifaqı üzvlərini və

 

16 - dan 35 yaşınadək gəncləri əhatə etməkdir.

 

1.5. AHİK-in və onun üzv təşkilatlarının gənclərlə iş üzrə bütün fəaliyyəti həmkarlar ittifaqlarının konkret tapşırıqlarının həllində müstəqilliyinin və təşəbbüskarlığının təminatında ümumi prinsip və məqsədlərə tabe olunmuş, sistemləşdirilmiş vahid gənclər siyasətini təşkil edir.

 

1.6. AHİK-in vahid gənclər siyasəti Respublika, sahə və yerli səviyyələrdə həmkarlar   ittifaqlarının müvafiq seçkili orqanları, həmkarlar ittifaqı orqanları aparatlarının struktur bölmələri, təhsil və digər həmkarlar ittifaqı təşkilatları ilə dövlət orqanları və bu işdə maraqlı olan ictimai təşkilatlarla qarşılıqlı fəaliyyət formasında həyata keçirilir.

 

1.7 AHİK beynəlxalq həmkarlar ittifaqının bir hissəsi olaraq gənclərə dair siyasətini xarici ölkə, xüsusilə BƏT-ə üzv dövlətlərin həmkarlar ittifaqı mərkəzlərinin təcrübəsindən istifadə etməklə, onlarla sıx əməkdaşlıq və həmrəylik şəraitində aparır.

 

 

2. Respublika   səviyyəsi

 

2.1 AHİK-in vahid gənclər siyasətini AHİK-in müvafiq orqanları müəyyənləşdirir, onun əlaqələndirilməsi AHİK-in şöbələri, Gənclər Şurası (GŞ) komissiyalar vasitəsi ilə həyata keçirilir.

 

GŞ–nın tərkibi və onun Əsasnaməsi AHİK-in İcraiyyə Komitəsində təsdiq olunur.

 

2.2 Hakimiyyət orqanları ilə iş.

 

AHİK yeni qanun layihələrinin hazırlanmasında iştirak edir, onların ekspertizasını təşkil edir, qüvvədə olan qanunverici aktları işləyib hazırlayır, öz düzəlişlərini təklif edir və onların qəbul olunmasına həmkarlar ittifaqları ilə əməkdaşlıq edən Azərbaycan Respublikası Milli Məclisinin deputatları vasitəsilə nail olur.

Üçtərəfli danışıqların aparılması, Azərbaycan Respublikası Hökuməti ilə məsələlərin müzakirəsi zamanı AHİK-in nümayəndələri gənclərin hüquqları ilə bağlı təminatlarının genişləndirilməsinə, AHİK-lə İşəgötürənlər Konfederasiyası və Azərbaycan Respublikası Hökuməti arasında bağlanan Baş Sazişə mütləq gənclər haqda bölmənin daxil edilməsinə və onun icrasının ciddi nəzarətdə saxlanmasına çalışacaqlar.

AHİK Azərbaycan Respublikası Hökumətindən gənclərin işi və onların xidməti ilə məşğul olan həmkarlar ittifaqlarının bütün sosial strukturlarına dövlət dəstəyinin alınması niyyətindədir.

 

2.3 AHİK-in üzv təşkilatları ilə iş.

 

Gənclər siyasətinin cari və perspektiv vəzifələrinin həlli AHİK-in bütün üzv təşkilatlarının fəaliyyətlərinin əlaqələndirilməsi ilə sıx bağlıdır.

Onun təminatı üçün aşağıdakılar kömək göstərməlidir:

 

- gənclərin hüquqlarının müdafiəsi məqsədilə AHİK-in üzv təşkilatlarının birgə aksiyalarının keçirilməsi;

 

- AHİK İcraiyyə Komitəsinin iclaslarında gənclərlə işin vəziyyəti məsələlərinin müzakirəsinin, gənclərin hüquqlarının müdafiəsi məqsədilə AHİK-in bütün üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə gənclərlə aparılan işin problemlərinə dair konfransların keçirilməsi;

 

-həmkarlar ittifaqlarının bütün seçkili orqanlarında gənclərin nümayəndələrinin daxil edilməsi;

 

-müxtəlif kateqoriyalı gənclərin səciyyəvi problemlərinin öyrənilməsi, təhlili və ümumiləşdirilməsi;

 

- işləyən və təhsil alan gənclərin ayrı-ayrı kateqoriyaları ilə iş üzrə xüsusi proqramların, həmçinin gənclərin ən kəskin sosial əmək problemlərinin həllinə yönəldilmiş proqramların işlənib hazırlanması və qəbul edilməsi;

 

- gənclərin hüquq və mənafelərinin müdafiəsinə istiqamətləndirilmiş beynəlxalq həmkarlar ittifaqı proqramlarında, tədbirlərində və aksiyalarında iştirak edilməsi.

 

 

2.4. Təbliğat və təşviqat işi.

 

Bu məsələdə AHİK gənclərin problemlərinə və bu problemlərin həlli üzrə həmkarlar ittifaqlarının fəaliyyətinə cəmiyyətin bütün təbəqələrinin diqqətinin yönəldilməsini, gəncələrin özlərinin həmkarlar ittifaqı fəaliyyətinə cəlb olunmasını vacib vəzifə sayır.

Bu məqsədə nail olmaq üçün aşağıdakıların həyata keçirilməsi zəruridir:

 

- həmkarlar ittifaqlarının gənclərlə apardığı işin kütləvi informasiya vasitələrində müntəzəm və geniş işıqlandırılmasına nail olmaq;

 

- «Ülfət» qəzetində gənclər rubrikasını təşkil etmək, gənclərin konkret sosial-iqtisadi və əmək hüquqlarının müdafiəsi məsələsi üzrə ayrı-ayrı kitabçaların çap olunması və yayılması;

 

- kütləvi informasiya vasitəsilə AHİK-in ayrı-ayrı üzv təşkilatlarının gənclərlə ən yaxşı iş təcrübəsini, gənc həmkarlar ittifaqı liderlərinin və fəallarının işini təbliğ etmək;

 

- gənclərin kütləvi sosial-mədəni və idman aksiyalarının keçirilməsini (festivallar, müsabiqələr, görüşlər və digər tədbirlər) təşkil etmək;

 

- orta, orta-ixtisas və ali təhsil müəssisələrinin ictimai fənnlərinin proqramlarına: «Həmkarlar İttifaqları və sosial partnyorluq», «Həmkarlar İttifaqları və gənclər», «Həmkarlar İttifaqları kimə və nə üçün lazımdır» və d.   mövzulara həsr edilmiş xüsusi dərslərin, kursların və mühazirələrin daxil edilməsinə nail olmaq.

 

 

2.5. Həmkarlar   ittifaqı fəalları ilə iş.

 

Gənclərlə aparılan həmkarlar ittifaqı işinin real olaraq yaxşılaşdırılmasının əsası, həmkarlar ittifaqı fəallarının   təlimi və hazırlanmasının daim təkmilləşdirilməsidir. Bu məqsədlə AHİK aşağıdakıları həyata keçirəcəkdir:

 

- həmkarlar ittifaqı fəallarının gənclərlə iş problemləri üzrə təliminin keçirilməsinə nail olmaq, həmkarlar ittifaqı fəallarının tərkibinə gənclərdən, habelə həmkarlar ittifaqı təşkilatlarında gənclərin tərbiyəsi işi ilə məşğul olan işçilərin sırasından hazırlanmasına xüsusi diqqət yetirmək;

 

- gənclərin konkret problemləri və gənclərin ayrı-ayrı kateqoriyaları ilə iş məsələlərinə dair konfranslar, toplantılar, forumlar, seminarlar, «dəyirmi masalar» təşkil etmək;

 

- AHİK-in üzv təşkilatlarında və xarici ölkələrin həmkarlar ittifaqı mərkəzlərində gənclərlə iş təcrübəsini öyrənmək və yaymaq;

 

- gənclərlə bağlı işlə məşğul olan beynəlxalq həmkarlar ittifaqları strukturları ilə əlaqələr yaratmaq və informasiya mübadiləsi aparmaq.

 

 

3. Sahə səviyyəsi.

 

AHİK-in vahid gənclər siyasəti çərçivəsində sahə spesifikasını nəzərə alaraq, AHİK-ə daxil olan hər bir həmkarlar ittifaqına tövsiyə olunur ki:

 

- öz strukturunda gənclərlə bağlı iş üzrə xüsusi orqan (şura, komissiya), aparatında   işə müvafiq bölmə yaratsınlar, yaxud bu işdə məsul olan və AHİK-in GŞ ilə qarşılıqlı fəaliyyəti həyata keçirən əməkdaşlar təyin etsinlər;

 

- həmkarlar ittifaqının rəhbər orqanlarının iclaslarında mütəmadi olaraq gənclərlə iş barədə məsələlərə baxsınlar, gənc həmkarlar ittifaqı üzvlərinin ən aktual məsələlərinin müzakirəsinə dair sahə konfranslarını keçirsinlər;

 

- gənclərin həmkarlar ittifaqı üzvlüyünə cəlb olunması istiqamətində iş aparsınlar;

 

- gənc fəalları həmkarlar ittifaqlarının rəhbər orqanlarına işləməyə seçkili orqanlarda gənc üzvlərin nümayəndələrinə təminat verməklə cəlb etsinlər;

 

- sahə tarif sazişlərində gənclərin sosial-əmək hüquqlarının müdafiəsi məsələləri üzrə xüsusi bölmənin ayrılmasına nail olsunlar və onların yerinə yetirilməsinə nəzarət etsinlər;

 

- gənclərin peşə hazırlığının artırılması, onların əmək və həyat, təhsil və istirahəti üçün normal şəraitin yaradılmasına nail olsunlar;

 

- AHİK-in GŞ-nı sahə üzrə işləyən və təhsil alan gənclərin problemləri, tələbləri, habelə gənclərlə bağlı toplanmış iş təcrübəsi haqda çevik məlumatlandırsınlar;

 

- həmkarlar   ittifaqlarının gənclərlə işi barədə materiallarını sahə həmkarlar ittifaqlarının kitabçalarında, eləcə də xüsusi nəşrlərdə çap etdirsinlər.

 

4. İlk həmkarlar ittifaqı təşkilatlarının vəzifələri

 

İdarə və müəssisələrdə gənclərlə işi gücləndirmədən bu sahədə həmkarlar ittifaqlarının fəaliyyətində əsaslı dəyişikliklər etmək mümkün deyil.

Bu məqsədlə ilk təşkilatlarda gənclərlə iş üzrə müvafiq komissiyaların yaradılmasına və həmin komissiyalara gənclərin cəlb olunması məqsədəuyğundur.

Komissiya həmkarlar ittifaqları komitəsi ilə birgə nəinki, gənclərin sosial- iqtisadi məsələləri ilə məşğul olmalı, eyni zamanda onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün gənclərə maraqlı olan müxtəlif tədbirlərin (idman yarışlarının gəzintilərin, konsertlərin və s.) təşkili ilə də məşğul olmalıdırlar.

Gənclərin problemlərinin bağlanan kollektiv müqavilələrdə əks etdirilməsi də komissiyanın başlıca vəzifəsi olmalıdır.

FAYDALI KEÇİDLƏR