AZ | RU | EN

QALİBLƏRƏ DİPLOM VƏ HƏDİYYƏLƏR TƏQDİM EDİLMİŞDİR

26 Dec 2011

Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev çıxış etmişdir. Azərbaycanda həyata keçirilən gənclər siyasətindən danışan sədr qeyd etmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti müstəqillik yollarında inamla irəliləyən Azərbaycanda da prioritet istiqamətlərdən biridir. «Dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin sürətli inkişafına təkan verir, ölkəmizin qüdrətli dövlətə çevrilməsi prosesini stimullaşdırır. Bu gün minlərlə Azərbaycan gənci dünyanın inkişaf etmiş ölkələrinin aparıcı ali təhsil müəssisələrində dövlət hesabına təhsil alır, onların gələcəkdə layiqli vətəndaş kimi yetişərək ölkəmizə xidmət etmələri üçün hər cür şərait yaradılır. Həmçinin sağlam gənc nəslin formalaşdırılması üçün də addımlar atılır» deyən S.Mehbalıyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə idmanın inkişafına qayğı ilə yanaşır. Bu diqqətin göstəricisidir ki, ölkə başçısı idmanın inkişafı üçün bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalamış, respublikanın bütün bölgələrində müasir tələblərə cavab verən olimpiya kompleksləri tikilərək gənclərimizin ixtiyarına verilmişdir: «Respublika Prezidentinin bu işləri həyata keçirməkdə məqsədi ondan ibarətdir ki, gənclərimiz pis vərdişlərdən, narkomaniyadan, alkoqolizmdən uzaq olsunlar, boş vaxtlarını idman zallarında keçirsinlər. Ölkə prezidenti İlham Əliyev gəncləri daim diqqətdə saxlayır. Vaxtaşırı olaraq gənclərlə görüşlər keçirir, onları dinləyir və gəncliyimiz qarşısında duran problemlərin aradan qaldırılması üçün böyük işlər görür. Ölkə başçısının 6 aprel 2011-ci il tarixində imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncamı, həmçinin bugünlərdə imzalanmış “Azərbaycan Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması ilə bağlı” fərman məhz görülmüş işlərin bariz nümunəsidir».

S.Mehbalıyev əlavə etmişdir ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də Azərbaycanın gənclər siyasətinin fəal iştirakçılarındandır. Gənclərə diqqət və qayğı öz sıralarında on minlərlə gənci birləşdirən təşkilatın əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. ATİAHİ Respublika Komitəsi tərəfindən hər il gənclərlə festivallar, spartakiadalar, elmi-praktik konfranslar, fənn olimpiadaları, inşa müsabiqələri, müxtəlif idman yarışları keçirilir, gənclərin sosial problemlərinin həlli, istedadlı gənclərin üzə çıxarılması və onların potensial imkanlarının genişləndirilməsi ilə bağlı tədbirlər təşkil olunur. Gənclərin cəmiyyətdə fəallığının artırılmasına, onların intellektual səviyyə və bacarıqlarının yüksəlməsinə xidmət edən bu tədbirlər minlərlə gənci əhatə edir: «Bu gün də biz ATİAHİ Respublika Komitəsinin gənclərlə bağlı həyata keçirdiyi iki tədbirin, ali məktəb tələbələri arasında təşkil olunmuş futzal yarışının və «Nə?», «Harada?», «Nə zaman?» intellektual oyununun qalibi olmuş komandaların mükafatlandırılması mərasiminə yığışmışıq. Məlumat üçün bildirim ki, Respublika Komitəsi artıq 5 ildən artıqdır ki hər iki yarışı respublikamızın dövlət ali məktəbləri arasında keçirilməsini təmin edir. Ali məktəblərin tələbələri bu yarışlara həvəslə qoşulurlar. Hər il yarışların qalibləri Respublika Komitəsi tərəfindən mükafatlandırılır. 2011-cu ildə keçirilən yarışların qalibləri hamımıza məlumdur. Belə ki, futzal üzrə yarışlarda I yeri Azərbaycan Dövlət Pedaqoji Universiteti, II yeri Azərbaycan Dövlət Aqrar Universiteti, III yeri Azərbaycan Dövlət İqtisad Universiteti tutmuşdur.

«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə turnirin qalibləri isə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasının komandaları olmuşdur. Mən yarışlarda qalib adını qazanmış komandaların üzvlərini ürəkdən təbrik edir, yarış iştirakçılarının hər birinə təhsildə uğurlar arzulayıram. Bildirmək istəyirəm ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı bundan sonra da gənclər siyasətinin fəal iştirakçısı olmaq, Azərbaycan gəncinin inkişafına, onun dövlətimizə layiqli vətəndaş kimi yetişməsinə töhfələr vermək əzmindədir».

 Sonra qaliblərə diplom və hədiyyələr təqdim edilmişdir.

 

27.12.11.1 27.12.11.2 27.12.11

 

FAYDALI KEÇİDLƏR