AZ | RU | EN

Pan-Avropa Regional Şurasının İcraiyyə Komitəsinin 6-cı iclası keçirilmişdir

12 Mar 2012

Erik Foqlar Avropa Həmkarlar İttifaqları hərəkatının hazırkı durumunun ciddi addımlar atmaga ehtiyacı olduğunu söyləmişdir. Bildirmişdir ki, iqtisadi böhran işçilərin hüquq və azadlıqlarını məhdudlaşdırmışdır, PARŞ bütün bu problemlərlə mübarizə aparmalı və alternativ təkliflər irəli sürməlidir.

Tədbirdə PARŞ-ın baş katibi Bernadet Seqol Avropa Həmkarlar İttifaqları Konfederasiyasının 2012-ci il fevralın 29-da təşkil etdiyi "Artıq Bəsdir! Məşğulluq və Sosial Ədalət naminə" devizi altında hərəkatda bütün Avropa Birliyi ölkələrinin iştirak etdiyini vurğulamışdır. Aksiyada həmkarlar ittifaqları iqtisadi sahədə keçirilən tədbirlərin yetərsiz olduğunu bildirmişdir. Onlar ədalətli vergi sistemi və maliyyə islahatları, həmrəylik sahəsində yeni alternativ tədbirlərin keçirilməsini təklif etmişlər. İşsizlik Avropada inkişafın qarşısını alan ən əsas maneələrdən biridir və bəzi ölkələrdə bu, yüksək həddə - 10%-ə qalxmışdır. İspaniya və Yunanıstanda isə bu göstərici 47% olmuşdur.

Debatlarda Gürcüstan, Belarus, Ukrayna, Rumınya, Macarıstan, Serbiya kimi ölkələrdə vəziyyətin daha dramatik olduğu və dövlətin həmkarlar ittifaqları hərəkatına qarşı çıxdığı və onların fəaliyyətlərini məhdudlaşdırdığı nəzərə çatdırılmşdır.

Qeyd edək ki, PARŞ-ın fəaliyyəti haqqında hesabat BHİK-in Baş katibinin müavini Yap Vinen və PARŞ-ın icraçı katibi Qriqor Qradev tərəfindən təqdim edilmişdir. PARŞ-ın Qadınlar və Gənclər üzrə komitələrinin hesabatları da dinlənilmişdir.   Hesabatlar PARŞ-ın Gənclər komitəsinin prezidenti Tugba Balcı, PARŞ-ın Qadınlar komitəsinin prezidenti Hege Hero tərəfindən təqdim olunmuşdur.

İclasda PARŞ-n İcraiyyə Komitəsi Belarus Müstəqil Həmkarlar İttifaqları hərəkatının dəstəklənməsi barədə bəyannamə qəbul etmiş, PARŞ-ın növbəti il üçün fəaliyyət planı təsdiq olunmuşdur. PARŞ-ın İcraiyyə Komitəsinin 6-cı iclasında BHİK-in baş katibi Şeron Barrou, BHİK-in insan və həmkarlar ittifaqları hüquqları departamentinin müdiri Stefan Benedik də çıxış etmişlər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını tədbirdə AHİK sədrinin müavini Aqil Dadaşov təmsil etmişdir.

FAYDALI KEÇİDLƏR