AZ | RU | EN

Orta ixtisas təhsili müəssisələri tələbələrinin X Respublika Spartakiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir

26 Jan 2012

Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev bildirib ki, orta ixtisas təhsili müəssisələri tələbələrinin X Respublika Spartakiadası Azərbaycan Respublikasının Təhsil, İdman və Gənclər nazirliklərinin, Milli Olimpiya Komitəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı əsasında keçirilir. 2011-ci ilin oktyabr-dekabr ayları ərzində “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurası tərəfindən təşkil edilən yarışlarda tələbələr idmanın altı - atletika, voleybol, basketbol, stolüstü tennis, dama və şahmat növləri üzrə güclərini sınayıblar. 17 orta ixtisas təhsil müəssisəsinin qatıldığı yarışların final mərhələsində 656 tələbə iştirak edib. Onların da 327 nəfərini qızlar təşkil edib.

Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışan S. Mehbalıyev ölkə başçısının bu istiqamətdə atdığı addımlara və 2012-ci ilin “İdman ili” olmasına da diqqəti çəkib. Sədr ölkəmizdə gənclərə göstərilən qayğıdan danışmış, ölkə başçısının Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin inkişafı, təhsil alması, işlə təmin olunması və sağlam böyüməsi üçün bütün məsələlərin yer aldığını vurğulamışdır.

Yaxşı oxuyan şagird və tələbələrə təqaüdlərin verildiyini diqqətə çatdıran S.Mehbalıyev qeyd etmişdir ki, bundan əlavə, intizamlı, təhsil aldığı ali təhsil müəssisəsində fərqlənən tələbələrin bir qisminin təhsil haqqının 30 faizi ATİAHİRK tərəfindən ödənilmişdir. Şagirdlər arasında inşa müsabiqəsinin keçirildiyini bildirən sədr qaliblərə pul mükafatının təqdim olunduğunu vurğulamış və gənclərimiz üçün yay düşərgələrinin təşkil olunmasının vacibliyini diqqətə çatdırmışdır.

 Sonda X Respublika Spartakiadanın nəticələri açıqlanıb. Qalib komandalara diplom, kubok və hədiyyələr təqdim edilib. Ümumkomanda hesabına görə orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilmiş X Respublika Spartakiadasında birinci yeri Bakı 2 saylı Baza Tibb Kollecinin, ikinci yeri Bakı Biznes və Kooperasiya Kollecinin, üçüncü yeri isə Bakı Rabitə və Nəqliyyat Kollecinin tələbələrindən ibarət komandalar qazanıb.

 

26.01.12.3 26.01.12.1 26.01.12.5

FAYDALI KEÇİDLƏR