AZ | RU | EN

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqınnın IV qurultayı keçirilnişdir

19 Oct 2012

 Sonra müəssisənin akt zalında qurultayın katibliyinin, redaksiya, təftiş, mandat, hesablayıcı komissiyalarının tərkibi səsə qoyularaq təsdiqlənmişdir.  

Tədbirdə çıxış edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev çoxminli neftçilər adından qurultay iştirakçılarını təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır. Bildirmişdir ki, yeni neft strategiyasının qələbələri Dövlət Neft Şirkətinin inkişafında mühüm rol oynayıb. “Regionun ən güclü şirkətlərindən biri olan SOCAR müvafiq istehsal güclərinə, inkişaf etmiş xidmət sektoruna, böyük elmi və texniki potensiala malikdir. Çox qısa vaxt ərzində axtarış-kəşfiyyat, qazma, tikinti, hasilat, neft emalı və neft kimyası sahələrində böyük həcmdə işlər həyata keçirilib. Ölkə üzrə neft hasilatı nəzərəçarpacaq dərəcədə artırılıb. Ən böyük uğurumuz isə, heç şübhəsiz, Azərbaycanın qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilməsidir.”

Rövnəq Abdullayev əlavə etmişdir ki, ilbəil böyüyən, genişlənən, inkişaf edən Dövlət Neft Şirkətinin ən qiymətli sərvəti isə, əlbəttə ki, insanlardır. “Biz insan amilinə böyük diqqət yetiririk. Gənc kadrların hazırlığı üzrə Şirkətimizdə uğurla həyata keçirilən proqramların növbəti mərhələsi kimi bu ildən strukturumuzda Bakı Ali Neft Məktəbi fəaliyyətə başlayıb. Şirkətin Baş ofisində İnsan Resurslarının İdarə olunması Departamenti, habelə Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsi yaradılıb, bütün struktur bölmələrində bu sahə üzrə müavinlər təyin olunub. İnsan həyatının qorunması, istehsalat qəzalarının qarşısının alınması istiqamətində qətiyyətli addımlar atılmalı, fəhlə və qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, hüquqlarının qorunması, sosial təyinatlı obyektlərin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması məsələləri həmkarlar ittifaqı təşkilatları ilə sıx əməkdaşlıq şəraitində həll olunmalıdır.”

19.10.12.1 

ARDNŞ prezidenti qeyd etmişdir ki, Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı zəngin tarixi ənənələrə malikdir. “Qədim neft diyarı Azərbaycanda ilk həmkarlar təşkilatının yaranması da məhz neft sənayesi ilə bağlı olub. Hələ 1904-cü ildə Bakı fəhlələri və neft sahibkarları arasında imzalanmış “Mazut müqaviləsi” ilə başlanmış hərəkat 1906-cı ildə ilk Həmkarlar İttifaqının yaranması ilə nəticələnib. O zamandan bu günə qədər neft-qaz sənayesində həmkarlar birlikləri fəaliyyət göstərir. Hazırda öz sıralarında müxtəlif birgə müəssisə və əməliyyat şirkətlərini, Azərbaycanda fəaliyyət göstərən bir çox beynəlxalq şirkətləri və podratçı qurumları əhatə etməsinə baxmayaraq, təşkilatın özəyini, əsas qüvvəsini məhz Dövlət Neft Şirkətinin əməkçiləri təşkil edir. Ötən qurultaydan keçən dövrdə isə birgə səylərimizlə neftçilərin sosial müdafiəsinin gücləndirilməsi, neft-qaz sənayesi əməkçilərinin sosial ehtiyaclarının daha dolğun ödənilməsi, iş şəraitinin və maddi rifahının yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb, əməkhaqqı fondu 75 faiz, orta aylıq əməkhaqqı 37 faiz, vəzifə maaşlarının xüsusi çəkisi isə 2 dəfədən çox artırılıb. Eyni zamanda 494 bənddən ibarət “ARDNŞ-in idarə və müəssisələrində çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə 2011-2015-ci illər üçün Sosial İnkişaf Proqramı” təsdiq edilib və müvəffəqiyyətlə həyata keçirilir. Sosial partnyorluq əsasında qəbul etdiyimiz sənədlərdə neftçilərin sosial müdafiəsinin bütün aspektləri nəzərə alınıb.

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev isə 2007-2012-ci illəri əhatə edən hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirmişdir ki, qarşıda duran ən başlıca vəzifələr neftçilərin sosial ehtiyaclarının daha dolğun ödənilməsi, şirkətin müəssisə və təşkilatlarının sərəncamındakı maddi-texniki bazanın möhkəmləndirilməsi, mövcud maddi resurslardan daha səmərəli istifadə olunması və bu sahədə vahid siyasətin aparılmasıdır. “İşçilərimizin maddi rifahının yaxşılaşdırılmaq istiqamətində Dövlət neft Şirkətinin gördüyü işlər diqqətimizi cəlb edir. Ötən dövr ərzində şirkət üzrə əməkhaqqı 2007-ci ildə 480 manat təşkil edirdisə, 2012-ci ilin sentyabr ayında bu göstərici 833 manata qədər yüksəlib. Bu da 2007-ci il ilə müqayisədə 1,7 faiz artım deməkdir. Ötən dövrdə neftçilərin kollektiv qidalanması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2006-cı ildən başlayaraq şirkətin və RK-nın müvafiq “Gündəlik yemək xərcləri əvəzinə əlavə vəsait verilməsi haqqında” əmr-qərara əsasən müəssisə və təşkilatlarda çalışan işçilərə gündəlik yemək xərcləri əvəzinə hər bir gün üçün faktiki iş günlərinin sayından asılı olaraq 3 manat məbləğində yemək pulu verilir. Dənizdə vaxt metodu ilə işləyən işçilər isə hər bir günə 5 manat və əlavə olaraq işlədiyi idarənin mənfəəti hesabına daha 5 manat məbləğində ərzaq və isti yeməklə təmin olunurlar. Apardığımız araşdırmalar göstərir ki, vaxt üsulu ilə işləyən dəniz neftçilərinin qidalanması son zamanlar yaxşılaşıb, yeməklərin və ərzaqların çeşidi artırılıb.”

19.10.12.2 19.10.12.3 19.10.12.4

C.Əliyevin sözlərinə görə, sahə idman komandası dəfələrlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən keçirilən Ümumrespublika Spartakiadasının qalibi olub. “Sahə əməkçilərin və onların ailə üzvlərinin müalicəsi və ailəvi istirahəti üçün respublikamızda faaliyyət göstərən 9 sanatoriya və 2 istirahət zonasına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə 3972 sayda, sanatoriya yollayışları və 284 ədəd ailəvi istirahət yollayışları alınıb və Respublika Komitəsinin qərarına əsasən həmkarlar ittifaqları komitələri arasında bölüşdürülüb. Bu yollayışlardan minlərlə fəhlə və qulluqçularımız faydalanıb. Dövlət Neft Şirkətinin dəstəyi ilə 2011-ci ilin sentyabr ayından biz neftçilərimizi Naftalan kurortunun ən qabaqcıl və müasiri “Qaşaltı” sanatoriyasına müalicəsini təşkil edirik. Bu müddət ərzində minə yaxın işçimiz bu imkandan istifadə edib. Dövlət Neft Şirkətinin daha bir xeyirxah işindən biz danışmalıyıq, bu da işçilərimizin ailə üzvləri ilə yay istirahətinin təşkil edilməsidir. Hər il minlərlə zəhmətkeşlərimiz respublikanın ən səfalı guşələrində yerləşən istirahət bazalarında 2 və 5 gün müddətində istirahət edirlər. Bu işin təşkilində həmkarlar ittifaqları çox zəhmət çəkir və çalışırıq ki, neftçilərimiz bundan maksimum faydalansın.”

C.Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyevin fəaliyyətini də yüksək qiymətləndirmişdir və 2013-cü ilin fevral ayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbəti IV Qurultayında yenidən onun sədr seçilməsi təklifini irəli sürmüşdür.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev isə çıxışında ölkənin iqtisadi inkişafından söz açmışdır. Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il sentyabr ayının 20-də “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində iqtisadi inkişafın təməli qoyuldu. Bundan sonra neft gəlirləri artmağa başladı. Həyatın bütün sahələrində, eləcə də qeyri-neft sektorunda inkişaf müşahidə olundu. Bu gün ölkədə işsizliyin, yoxsulluğun səviyyəsi nəzərəçarpacaq dərəcədə aşağı düşüb. 2004-2008, 2009-2013-cü illərdə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları sayəsində Bakı şəhəri ilə yanaşı, bölgələr də sürətlə inkişaf etməyə başlayıb.

S.Mehbalıyev Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin ötən dövrdəki fəaliyyətini yüksək qiymətləndirmiş və Cahangir Əliyevin yenidən sədr seçilməsi təklifini irəli sürmüşdür. Elə qurultay iştirakçılarının səsverməsi ilə Cahangir Əliyev yenidən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir.

Tədbirdə Təftiş Komissiyasının sədri Elçin Sadıqov, Mandat Komissiyasının sədri İmamqulu Bayramov, “Azərikimya” HİK sədri Vaqif Ömərov, “Azərneftyağ” NEZ HİK sədri İlham Quliyev çıxışlarında ötən dövr ərzində görülən işlərdən danışmışlar. ARDNŞ-in Təhlükəsizlik İdarəsinin HİK sədri Mahir Aşurov isə Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının IV Qurultayının qəbul olunmuş qərarını iştirakçıların diqqətinə çatdırmışdır.

Tədbirdə Ümumhəmkarlar İttifaqları Konfederasiyası Şurasının qərarına əsasən ARDNŞ prezidenti Rövnəq Abdullayev gümüş medalla təltif olunmuşdur. Bununla yanaşı, səmərəli fəaliyyətinə görə, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, “Azərneftyağ” NEZ HİK sədri İlham Quliyev, Təhlükəsizlik İdarəsi HİK sədri Mahir Aşurov, “Kompleks Qazma İşləri” Tresti HİK sədri Əhmədağa Əzizov, “28 May” NQÇİ HİK sədri Emin Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının medalı ilə təltif edilmişlər. Bununla yanaşı, əmək fəaliyyətində fərqləndiyinə görə bir qrup HİK sədri fəxri fərmanlara layiq görülmüşdür.

FAYDALI KEÇİDLƏR