Neft-qaz sənayesi işçiləri ilə 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri müzakirə olunub

749

İyulun 1-də Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Bakı şəhəri və ətraf rayonlar üzrə struktur xidmətində olan müəssisələrin HİK sədrləri və mühasiblərinin iştirakı ilə “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün Hesabat”ı mövzusunda tədbir keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyevin salamlarını tədbir iştirakçılarına çatdıran Respublika Komitəsinin sədr müavini Fətulla Mustafayev Azərbaycan həmkarlar ittifaqlarının ölkə həyatında rolundan, görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Qeyd edib ki, hesabat AHİK tərəfindən hazırlanıb və ölkənin 17 DİM üzrə seçdiyi tədbirləri əks etdirir.

AHİK-in Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Röya Qarayeva çıxış edərək hesabatda qeyd olunan məqsədlər, onların həyata keçirilməsində milli tədbirlər və əldə olunmuş irəliləyişlər barədə tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, son illər Azərbaycan BMT ilə sıx əməkdaşlıq şəraitində bir sıra yüksək səviyyəli tədbirlər təşkil edib ki, xalqlar arasında mədəniyyətlərarası dialoq və dini tolerantlığın təşviqinə sadiqliyini və ölkənin nüfuzunun yüksəlməsini nümayiş etdirsin. Həmçinin o, Azərbaycanın Beynəlxalq Əmək Təşkilatı və dünyanın digər iri təşkilatları ilə əməkdaşlıqları barədə məlumatları dinləyicilərin nəzərinə çatdırıb.

Onun sözlərinə görə, AHİK DİM-ə əlaqəli və ona yönəldilmiş bir çox dövlət proqramlarının fəal iştirakçısıdır və bu proqramların gedişinə və həyata keçirilməsinə mütəmadi olaraq sosial və iqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclaslarında baxılır.

Sonda iştirakçıların sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.