AZ | RU | EN

Müəllimlərin XlV qurultayı keçirilmişdir

20 Dec 2013

-Hörmətli qurultay nümayəndələri, əziz müəllimlər!
İlk növbədə hər birinizi Azərbaycan müəllimlərinin XIV qurultayında salamlayır, Azərbaycanın bütün təhsil işçilərini bu münasibətlə təbrik edir, sizə xoşbəxtlik və səadət arzulayıram!
Hörmətli qurultay iştirakçıları!
Sirr deyildir ki, müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi təhsilin səviyyəsi ilə müəyyən olunur. Azərbaycan Respublikasının inkişafında təhsil mühüm yer tutur. Bu, ilk növbədə ölkə rəhbərinin təhsilin inkişafına verdiyi önəmin, bu sahəyə diqqət və qayğısının real nəticəsidir. Azərbaycanda təhsilin inkişafı, gənclərimizin sağlam və savadlı böyüməsi dövlət siyasətinin prioritet istiqamətini təşkil edir.
Bilirsiniz ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun mühüm istiqamətlərindən biri təhsilin qayğı ilə əhatə olunması, bu sahədə əldə olunmuş nailiyyətlərin qorunub saxlanması və inkişaf etdirilməsi idi. "Cəmiyyət təhsilsiz inkişaf edə bilməz" deyən Heydər Əliyev Azərbaycanın gələcəyinin təhsilin bugünkü vəziyyətindən asılı olduğunu dönə-dönə vurğulayır və işinin çoxluğuna baxmayaraq, gənclərlə, məktəblilərlə tez-tez görüşür, onların uğurlarına sevinirdi. Təhsil sahəsinin inkişafı, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, cəmiyyətdə müəllim nüfuzunun daha da artırılması ulu ?ndərin həyata keçirdiyi dövlət siyasətinin mühüm sahələrindən biri idi.
Heydər Əliyev öz müəllimini xatırlayaraq deyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq". Heydər Əliyevin təhsil işçilərinə qarşı qəlbində bəslədiyi ülvi hisslərin nəticəsi idi ki, onun hakimiyyəti illərində, hətta ölkənin iqtisadi durumu nisbətən ağır olan vaxtlarda da, dövlət büdcəsindən təhsilə ayrılan vəsait heç vaxt azaldılmamış, əksinə, bu sahəyə ayırmaların miqdarı müntəzəm surətdə artmışdır.
Təhsilin inkişafı Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olmuş və onun siyasətində əsas prioritet istiqamətlərdən biridir.
Bu gün əminliklə demək olar ki, strateji sahə olan təhsil cəmiyyətin bütün sahələrinə nüfuz etmiş, dünya təhsil sisteminə inteqrasiyası sahəsində yeni uğurlar əldə etmişdir. Cənab Prezident ölkəyə rəhbərliyinin ilk illərindən başlayaraq təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarının təhsil sisteminə tətbiqi, bu sahədə çalışan işçilərin sosial müdafiəsinin təmin edilməsi, tələbə və aspirantların sosial və maddi durumunun yaxşılaşdırılması və s. istiqamətlərdə əhəmiyyətli fərman və sərəncamlara imza atmışdır.
Azərbaycan təhsilinin sürətli inkişaf yolu keçərək hazırkı səviyyəyə çatmasında Heydər Əliyev Fondu və şəxsən fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın da böyük əməyi vardır.
Azərbaycanda yeni-yeni məktəb binaları tikilir, köhnə məktəb binaları əsaslı təmir edilir, laboratoriyalar, emalatxanalarla təchiz edilir. Təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, Azərbaycan Respublikasının dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin həcmi də ilbəil artırılır. Müəllim əməyinin qiymətləndirilməsi, onların sosial durumunun yaxşılaşdırılmasına yönəlmiş addımlar atılır.
Bir neçə ay öncə biz ölkə başçısının müəllim əməyinin qiymətləndirilməsinə yönəlmiş daha bir addımının şahidi olduq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2013-cü il tarixində imzaladığı sərəncamla təhsil işçilərinin əməkhaqları, eləcə də doktorantların, ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbə və şagirdlərin təqaüdləri növbəti dəfə artırıldı. Hesab edirəm ki, ölkə başçısının bu sərəncamları təhsil işçilərinin həyat səviyyəsinin artırılmasına, ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin sosial problemlərinin aradan qaldırılmasına töhfə olacaqdır.
Ölkəmiz üçün savadlı və bacarıqlı kadrların hazırlanması məsələsi də diqqətdən kənarda qalmır, vaxtaşırı olaraq tələbə və aspirantların təqaüdləri artırılır, gənclərin xarici ölkələrdə təhsil imkanları daha da genişləndirilir. Təsadüfi deyildir ki, hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən minlərlə Azərbaycan gənci dünyanın inkişaf etmiş ölkələrinin aparıcı ali təhsil müəssisələrində dövlət hesabına təhsil alır, onların bütün xərcləri dövlətimiz tərəfindən ödənilir. Bu gənclərin gələcəkdə layiqli vətəndaş kimi yetişərək ölkəmizin inkişafına xidmət etmələri üçün hər cür şərait yaradılır.
Hörmətli qurultay nümayəndələri!
Azərbaycanda təhsil siyasətini həyata keçirən dövlət orqanı Azərbaycan Respublikasının Təhsil Nazirliyidir. Hesab edirik ki, bu dövlət qurumu uğurlu fəaliyyəti ilə seçilir və üzərinə düşən vəzifələri layiqincə icra edir. Lakin bu o demək deyildir ki, digər qurumlar, ictimai təşkilatlar bu sahənin inkişafına kömək göstərməməlidir. Bu sahənin inkişafına hər birimiz öz töhfələrimizi verməliyik. Biz Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı olaraq bu prinsipi fəaliyyətimizdə əsas istiqamət elan etmişik.
Hörmətli qurultay iştirakçıları!
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının fəaliyyətinin əsas istiqamətləri təhsil alan və bu sahədə işləyən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, işəgötürənlə əməkdaşlıq çərçivəsində ittifaq üzvlərinin mənafelərini təmsil etməsi, kollektiv danışıqların aparılması, kollektiv sazişlərin, müqavilələrin bağlanması və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsidir.
Eyni zamanda ittifaq üzvlərinin, onların ailə üzvlərinin sağlamlığına qayğı göstərilməsi, onların pensiya təminatının, sanatoriya, kurort müalicəsinin və istirahətlərinin təşkil edilməsi, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, əməyin mühafizəsinə, ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılmasına, üzvlərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsində ittifaq ciddi nəzarət edir. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı yuxarıda qeyd olunan istiqamətlər üzrə qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsinə çalışır.
Hörmətli nümayəndələr!
Öz növbəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və onun yerli strukturları həmkarlar ittifaqı təşkilatları ilə sosial partnyorluq və mövcud qanunlar əsasında əməkdaşlıq edir. Təhsil Nazirliyi təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı həmkarlar ittifaqı təşkilatları tərəfindən həyata keçirilən tədbirlərdə ən yaxın tərəfdaşlarımızdan biridir.
Nəzərinizə çatdırım ki, 1992-ci ildən başlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında Baş Kollektiv Saziş bağlanır. 2001-ci ildən Baş Kollektiv Sazişin hazırlanmasında və bağlanmasında Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da iştirak edir.
Tərəflər sazişdə mövcud qanunvericiliyə əsaslanaraq sosial-iqtisadi siyasəti və sosial-əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edirlər. Saziş ölkə iqtisadiyyatının daha da gücləndirilməsinə, rəqabət qabiliyyətinin artırılmasına, əmək bazarının səmərəli inkişafına, təhlükəsiz iş şəraitinin yaradılmasına, sosial stabilliyin qorunub saxlanmasına və əhalinin sosial müdafiəsinin təmin edilməsinə istiqamətlənir.
Bildiyiniz kimi, Baş Kollektiv Saziş əsasında 1998-ci ildən başlayaraq Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Təhsil Nazirliyi arasında kollektiv saziş, rayon həmkarlar ittifaqı komitələrinin və onların xidmətlərində olan ilk həmkarlar ittifaqları təşkilatları ilə müvafiq təhsil müəssisələri rəhbərləri arasında isə kollektiv müqavilələr bağlanır.
Bu il iyul ayının 10-da biz Təhsil Nazirliyi ilə 2013-2015-ci illər üçün növbəti kollektiv saziş imzaladıq. Sənəd təhsil işçilərinin və təhsil alanların sosial hüquqlarının müdafiəsi ilə bağlı bir çox vacib məqamları özündə əks etdirir. Biz, həmkarlar təşkilatları olaraq, bu sənəddə öz əksini tapan müddəaların yerinə yetirilməsinə bilavasitə nəzarət edir, həmçinin öz öhdəliklərimizi yerinə yetirməyə çalışırıq. Kollektiv sazişdə üzərimizə götürdüyümüz öhdəliklərdən biri də ittifaq üzvlərinin və onların ailə üzvlərinin müalicə və istirahətlərinin təşkili ilə bağlıdır.
Biz hər il minlərlə təhsil işçisi və onların ailə üzvlərinin müalicə və istirahətini təmin edirik. İttifaq üzvlərinin ehtiyacını nəzərə alaraq büdcəmiz hesabına əlavə yollayışlar alaraq hər il daha çox sayda təhsil işçisinin müalicə və istirahətini təşkil edirik. Bu sahədə daha sox müsbət nəticə əldə etmək üçün əlavə kompleks tədbirlər də həyata keçiririk.
Bilirsiniz ki, ATİAHİ Respublika Komitəsi öz üzvlərinin istirahətini daha yaxşı təşkil etmək məqsədi ilə Nabran istirahət zonasında 5,8 hektar torpaq sahəsi almış və 2008-ci ildən başlayaraq "Təhsil" İstirahət Kompleksinin tikintisinə başlamışdı. Bu ilin 1 iyul tarixində biz istirahət kompleksinin rəsmi açılış mərasimini keçirdik. Sizi əmin etmək istəyirəm ki, ATİAHİ ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ilə əlaqədar üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı fəaliyyətini bundan sonra da davam etdirəcək və təhsilimizin inkişafına öz töhfələrini verən pedaqoji ictimaiyyətin, təhsil sahəsində çalışan insanların qayğısına qalacaqdır.
Hörmətli qurultay iştirakçıları!
Mən Azərbaycan müəllimlərinin son beş ildəki fəaliyyətini müsbət qiymətləndirirəm və sonda bir daha müqəddəs peşə sahibi olan müəllimlərimizi təbrik edir, onlara uzun ömür və qurultayın işinə uğurlar arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm!

FAYDALI KEÇİDLƏR