AZ | RU | EN

Moskvada MDB həmkarlar ittifaqlarının növbəti qurultayı keçirilmişdir

13 Sep 2012

 

Qurultayı giriş sözü ilə ÜHİK prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov açmış və gündəlikdə duran məsələlər barədə məlumat vermişdir. 

Konfederasiyanın baş katibi Vladimir Şerbakovun qurumun ötən qurultayından keçən dövr ərzində gördüyü işlər və 2012-2017-ci illər üçün əsas fəaliyyət istiqamətləri mövzusunda məruzəsi dinlənilmişdir. Natiq qeyd etmişdir ki, VI qurultaydan sonra yaşadığımız 5 il böyük siyasi, iqtisadi və sosial hadisələrlə zəngin olub. Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri arasında əməkdaşlıq inkişaf edib, daha da dərinləşib. Həmkarlar ittifaqları mərkəzləri bu ölkələrin daxili sosial siyasətinin müəyyənləşməsində təsirlərini qat-qat artırıblar. Demokratiya sahəsində irəliləyişlər hiss olunmaqdadır. Həmkarlar ittifaqlarının cəmiyyətlərdə nüfuzu get-gedə yüksəlməkdədir. Əmək adamlarının hüquqları və maraqları uğrunda mübarizədə həmkarlar ittifaqlarının sahələrarası və beynəlxalq həmrəyliyi sınaqlara tab gətirib, daha da möhkəmlənib. Bununla yanaşı, 2008-ci ilin ümumdünya maliyyə böhranı cəmiyyət həyatının bütün istiqamətlərinə mənfi təsir göstərmişdi. O, təkcə iqtisadiyyatın artım tempinin aşağı düşməsinə, modernləşmənin ləngiməsinə deyil, həm də sosial sahənin geriləməsinə səbəb olmuşdu. Kapital milli və beynəlxalq səviyyələrdə açıq hücuma keçmişdi. Bu hücumların əsas hədəfi kimi həmkarlar ittifaqları, onun liderləri və əmlakı seçilmişdi.

Ötən 5 ildə şəraitin çətinliyinə baxmayaraq, bütün ölkələrdə Konfederasiyanın üzv təşkilatı olan həmkarlar ittifaqı mərkəzlərinin nüfuzu azalmamışdır. Əksinə, əmək adamlarına bir az da yaxınlaşmış, müqavimət instinqləri itilənmiş, özlərinə qarşı inamı gücləndirməyi bacarmışlar.

Sizin bu çoxsaylı uğurlarınız, konkret cəsarətli addımlarınız, bütövlükdə beynəlxalq aləmdə ÜHİK-in rolunu və çəkisini artırmışdır.

V. Şerbakov Konfederasiyanın gələcək fəaliyyət istiqamətlərindən də danışmışdır. Demişdir ki, biz sizinlə birlikdə region ölkələrində mövcud layiqli iş yerlərinin qorunub saxlanılmasına, yeni iş yerlərinin açılmasına çalışacağıq. Əməkhaqlarının hissediləcək qədər artırılması tələbini irəli sürəcəyik. Fəaliyyətimizdə prioritet təşkil edəcək digər məsələlər də var. Məsələn, minimal təqaüdlər heç də beynəlxalq normalara uyğun deyil. Onun köklü şəkildə artırılmasına nail olmalıyıq. Və ya milli məhsul ədalət çərçivəsində bölünməlidir. Həmkarlar ittifaqları sosial stabilliyin qarantı olan həmkarlar ittifaqının, əmək hüquqlarının, fərdi və kollektiv əmək münasibətlərinin pozulmasına yönəlmiş istənilən cəhdin qarşısına maneələr qoyacaq. Həmkarlar ittifaqlarının əmlakını qoruyacaq. 

Biz iqtisadi cəhətdən səmərəli, sosial baxımdan ədalətli yeni inkişaf modellərinin gerçəkləşdirilməsi üçün vətəndaş cəmiyyətinin mütərəqqi siyasi qüvvələri, digər təşkilatları ilə əməkdaşlıq etməyə hazırıq. Bu gün məsələni belə qoymaq lazımdır, mən deyərdim vacibdir ki, "həmkarlar ittifaqları vətəndaş cəmiyyətinin ən böyük təsir gücünə malik təşkilatlarından birinə çevrilmişdir". Belə qənaətə gəlməkdə kifayət qədər tutarlı əsasımız var: Həmkarlar ittifaqı kütləvi xarakter daşıyır, çoxcəhətli tarixi təcrübəsi, möhkəm inkişafa meyilli strukturu var. Bu cəhətlər qarşıdan gələn dövrdə bizim fəaliyyətimizdə əsas istiqamətlər olacaq.

Natiq çıxışının bir neçə məqamında Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinə istinad etmişdir. Qeyd etmişdir ki, Azərbaycana işgüzar səfərlərim olub. Hər dəfə də bu gözəl diyardan xoş təəssüratlarla ayrılmışam. Ən çox diqqətimi çəkən isə həmkarlar ittifaqının sosial partnyorluq sahəsində təcrübəsi olub. AHİK-lə dövlət, hökumət, işəgötürənlər arasında yüksək əməkdaşlıq əlaqələri mövcuddur. Konfederasiya əmək qanunvericiliyində hələ çox Avropa ölkələrinin təsəvvürlərinə belə gətirə bilmədiyi əlavə və düzəlişlər edilməsinə nail ola bilir. Əldə etdiyim məlumata görə, ümumdünya maliyyə böhranı zamanı Azərbaycan həmkarlar ittifaqları minlərlə işçinin ixtisara salınmasının qarşısını alıb. Həmkarlar ittifaqlarının bütün strukturlarının hüquqları qanunla qorunur.

vkp1 vkp2

Qurultay növbəti ildə qurum üçün təklif olunmuş "Layiqli əməyə, sosial ədalətə etibarlı zəmanət" şüarını dəstəklədi və qəbul etmişdir. 

"Əməkdaşlıq və inteqrasiya ictimai təşkilatının prezidenti, Rusiya Federasiyası dumasının deputatı, SSRİ xalq artisti İosif Kabzov, Belarus və Rusiya dövlətləri ittifaqının dövlət katibi Qriqoriy Rapota, Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin vitse-prezidenti Vladimir Kolmoqorov və başqaları qurultaya təbrik nitqi ilə çıxış etmişlər. ÜHİK-in təftiş-nəzarət komissiyasının hesabatı qurultaya bu qurumun sədri Aleksandr Şurikov tərəfindən təqdim olunmuşdur. 

 Məruzələr ətrafında müzakirələrdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Ukrayna Həmkarlar İttifaqları Federasiyasının sədri Yuriy Kulik, Beynəlxalq Səhiyyə İşçiləri Həmkarlar İttifaqları Birliyinin prezidenti Mixail Kuzminko, Beynəlxalq Rabitə İşçiləri Həmkarlar İttifaqları Birliyinin sədri Anatoliy Nazeykin və Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Siyazbek Mukaşev və başqaları çıxış etmişlər. Müzakirələr nəzərə alınmaqla ÜHİK Şurasının qurultaylararası dövrdəki fəaliyyətini məqbul dəyərləndirən qərar qəbul edilmişdir.

Qurultayda Konfederasiyanın rəhbər orqanlarına seçkilər keçirilmişdir.

Mixail Şmakov yekdilliklə yenidən qurumun prezidenti seçilmişdir.

Təşkilatın vitse-prezidenti vəzifəsinə Viktor Kornyuşin namizədliyi iərli sürülüb dəstəklənmişdir.

Məlumat üçün deyək ki, prezident və vitse-prezident vəzifələri ictimai əsaslarla icra ediləcək. ÜHİK-in baş katibi vəzifəsinə seçkilərdə də nümayəndələr yekdillik nümayiş etdirmiş və bu vəzifəyə namizədliyi irəli sürülmüş Vladimir Şerbakova səs verilmişdir. Tədbirdə Konfederasiyanın Şurasının və İcraiyyə Komitəsinin, nəzarət-təftiş komissiyasının tərkibi formalaşdırılmışdır. Şuranın ilk iclasında baş katibin müavinləri vəzifələri Natalya Podşibyakinaya, Albert Potapova, Valeriy Yuriyevə etibar edilmişdir.

AHİK sədri Səttar Mehbalıyev İcraiyyə Komitəsinin və Şuranın üzvü, AHİK sədrinin birinci müavini İlyas Əliyev və müavini Aqil Dadaşov Şuranın üzvü seçilmişlər. 

Təftiş-nəzarət komissiyasının sədri vəzifəsinə Beynəlxalq Nəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqları Birliyinin sədri Aleksandr Şurikovun, sədr müavini vəzifəsinə isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının katibi-aparat rəhbəri Həsən Cəfərovun namizədliyi səsə qoyulmuş və təsdiq edilmişdir.

Qurultayın ünvanına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Qırğızıstanın Prezidenti Almazbek Atambekovun, MDB Parlamentlərarası Assambleyasının sədri Valentin Matvyenkonun imzası ilə daxil olmuş təbrik məktubları oxunmuşdur.

Uzun diskussiyalardan sonra aşağıdakı sənədlər qəbul olunmuşdur.

- 2012-2017-ci illərdə ÜHİK-in fəaliyyətinin əsas istiqamtləri:

- "Zəhmətkeşlərin hüquqlarının müdafiəsi, həmkarlar ittifaqlarının azadlığı"

- "Minimal əməkhaqqı: müstəqil dövlətlərin həmkarlar ittifaqlarının çağırış və vəzifələri", "Həmkarlar ittifaqlarının gənclər siyasəti", "Region ölkələrinin təqaüdçülərinə layiqli həyat şəraiti" barədə qətnamələr

- "Dünya həmkarlar ittifaqları ilə birlikdə layiqli əmək və sosial ədalət uğrunda mübarizə" bəyanatı.

ÜHİK-in VII qurultayı bir daha göstərdi ki, beynəlxalq qurum daxilində əməkdaşlıq əmək hüquqlarının, sosial ədalətin qorunması işində səmərəli nəticələrə gətirib çıxarır.


FAYDALI KEÇİDLƏR