AZ | RU | EN

Məktəblilər arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

03 May 2017

Mayın 3-də “Gülüstan” sarayında, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib..

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanıb.

“Ən yaxşı təqdimat” müsabiqəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən birgə təşkil olunub.

Təhsil naziri Mikayıl Cabbarov hər il keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəsil tərəfindən öyrənilməsində mühüm rolunu diqqətə çatdırıb. Nazir müsabiqənin qaliblərini təbrik edib, uğurlar arzulayıb.

M.Cabbarov ulu öndər Heydər Əliyevin təhsil fəlsəfəsinin bu gün də öz bəhrəsini verdiyini və təhsilin bütün səviyyələrində uğurların əsasını təşkil etdiyini vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində inkişaf və müasirləşmə proseslərini uğurla həyata keçirir.

Nazir diqqətə çatdırıb ki, ölkəmizdə ibtidai təhsildə məntiqli düşüncə, ümumi savad və həyat vərdişlərinin öyrədilməsinə, ana dili və riyaziyyatın tədrisinə önəm verilməlidir. Xüsusi diqqət xarici dillərin tədrisinə də yönəlməli, onlara ayrılan saatlar artırılmalıdır. Son illərdə təhsil islahatlarının məzmunca daha praktik və səmərəli xarakter aldığını qeyd edən M.Cabbarov təhsilin keyfiyyətinin artırılmasının başlıca hədəf olduğunu deyib.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov qeyd edib ki, hakimiyyətimizin qarşısında duran əsas məqsəd gənc nəslin arzuladığı cəmiyyəti gələcəkdə onlara təqdim edə bilməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün lazımi işlər həyata keçirilir. Bunun üçün də gənc nəslin daha yaxşı təhsil alması və zəngin biliklərə yiyələnməsi tələb olunur. Yaxşı yaşamağın, cəmiyyətin layiqli vətəndaşı olmağın yeganə yolu zəngin, etibarlı, dərin biliklərə yiyələnməkdir. O deyib: “Ölkədə gənclərin yaxşı təhsilə sahib olmaları üçün bütün imkanlar yaradılıb. Son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir. İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Onlar gələcəkdə ulu öndər Heydər Əliyevin ideyalarını, eləcə də onun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirləri layiqincə davam etdirmək potensialına malikdirlər”.

Son illər ölkəmizdə formalaşan dəyərli ənənələrdən birinin də məktəblilər arasında ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə keçirilən müsabiqənin olduğunu vurğulayan Baş nazirin müavini deyib: “Bugünədək müsabiqə qalibi seçilmiş 50 tələbəyə yaradıcısı ulu öndər Heydər Əliyev olan hakim partiya tərəfindən təqaüd verilib. Müsabiqədə qalib gələn şagirdlər gələcəkdə ali məktəbə qəbul olunarsa, onlar dördillik təhsil müddətində YAP-ın təqaüdünü alacaqlar. Bu gün Azərbaycan hakimiyyətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti gələcəkdə onlara təqdim etməkdir. Bu ümumi məqsədə nail olmaq üçün var gücümüzlə çalışırıq”.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, ölkəmizdə gənclərin inkişafı, intellektual səviyyələri, kadrların yetişdirilməsi, istedadlı uşaq və gənclərin aşkarlanması, onların potensialının inkişaf etdirilməsi hər zaman diqqət mərkəzindədir. Görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizdə yenidən hakimiyyətə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü təkan verib. Eyni zamanda, təhsil sistemimizin qabaqcıl ölkələrin təhsil mühitinə inteqrasiya olunması üçün geniş imkanlar açılıb, istedadlı gənclərə diqqət və qayğı artırılıb. Təhsilin inkişafını daim prioritet sahə kimi diqqət mərkəzində saxlayan Ümummilli Lider sovet dövründə ölkəmizə rəhbərlik etdiyi dövrdə azərbaycanlı gənclərin xaricdə təhsil almalarına böyük önəm verib. Belə ki, hər il yüzlərlə gənc keçmiş SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrinə oxumağa göndərilib.

İstedadlı uşaqların aşkar olunmasında müsabiqənin əhəmiyyətini vurğulayan S.Möhbalıyev diqqətə çatdırıb ki, bu cür tədbirlərin təşkili Heydər Əliyev irsinin şagirdlər arasında təbliği baxımından böyük önəm daşıyır.

Heydər Əliyev Fondunun departament rəhbəri Soltan Məmmədov bildirib ki, təmsil etdiyi qurum müsabiqənin davamlı olaraq keçirilməsinə dəstək verəcək. Azərbaycanın Birinci vitse- prezidenti Mehriban Əliyeva Heydər Əliyev irsinin gənc nəsil tərəfindən öyrənilməsinə, milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanmasına və ölkəmizdə uğurla həyata keçirilən təhsil siyasətinin inkişafına daim böyük dəstək göstərir. Azərbaycanda cəmiyyət quruculuğu və ölkənin sosial iqtisadi inkişafına öz töhfəsini verən Heydər Əliyev Fondu təhsilin, mədəniyyətin inkişafına xidmət edən çoxlu layihələr həyata keçirir. Fond Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edərək, məktəblilər arasında sağlam həyat tərzi, Azərbaycanın zəngin mədəni, tarixi irsinin öyrənilməsi istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsinə daim dəstək göstərir. Məktəblilərin Ulu Öndərin irsinin öyrənilməsi və bu mövzuda təqdimat hazırlamaq bacarığı gənc nəslin ölkəmizin müstəqilliyi, dövlət quruculuğunun gücləndirilməsi, ölkənin daim çiçəklənməsi istiqamətində düzgün inkişafının parlaq nümunəsidir. Bu layihədə iştirak edən hər bir məktəbli özünü qalib hiss etməlidir. Layihə ölkəmizin müstəqilliyinin qorunmasına və gücləndirilməsinə xidmət edən gənc nəslin yetişdirilməsinə böyük töhfə verəcək.

Daha sonra “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən altı nəfər birinci, doqquz nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diplomla, 23 nəfər isə tərifnamə ilə mükafatlandırılıblar. Həmçinin qaliblərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

Tədbir Bülbül adına orta ixtisas musiqi məktəbinin və Milli Konservatoriyanın nəzdində İncəsənət Gimnaziyası şagirdlərinin ifaları ilə davam etdirilib.

 


FAYDALI KEÇİDLƏR