AZ | RU | EN

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının yaranmasının 110 illiyi təntənəli şəkildə qeyd edilib

21 Apr 2016

Aprelin 15-də Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin kollektivi təşkilatın 110 illiyi münasibətilə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Həmin gün Beynəlxalq Muğam Mərkəzində ittifaqın yaranmasının 110 illiyi təntənəli şəkildə qeyd olunub.
Əvvəlcə dövlət himni səsləndirilib və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Bütün iştirakçıları 15 aprel - Beynəlxalq Mədəniyyət Günü və rəhbərlik etdiyi təşkilatın yaranmasının 110 illiyi münasibətilə təbrik edən MİHİ-nin Respublika Komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi Cəmilə Səttarova görülmüş işlərdən, qarşıda duran vəzifələrdən və gələcək planlardan söz açıb.
Beynəlxalq Mədəniyyət Gününün əhəmiyyətindən danışan C.Səttarova bu günün ölkəmizdə bir neçə ildir geniş qeyd edildiyini bildirib. Tarixini 1935-ci ildən başlayan bu gün BMT tərəfindən dünya şöhrətli rəssam Nikolay Rerixin təşəbbüsü ilə təsis olunub və mədəniyyətin qorunmasına, hərtərəfli inkişafına və geniş təbliğinə həsr olunur.
Natiq bildirib ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” kimi qeyd olunur. Prezident İlham Əliyev tərəfindən vurğulandığı kimi multikulturalizm dövlət siyasətinin ən vacib istiqamətlərindən biridir və vətəndaş cəmiyyətində həyat tərzi kimi qəbul olunur. Bu siyasətin əsaslarını qoyan ümummilli liderimiz Heydər Əliyev multikulturalizmi azərbaycançılıq ideologiyasının ən vacib alətlərindən biri kimi qiymətləndirib.
Bildirilib ki, XX əsrin əvvəllərində həmkarlar ittifaqlarının yaranıb təşkilatlanması həmin dövrdə sənayenin güclü inkişafı, iqtisadi potensialın durmadan artması və bunun müqabilində güclü fəhlə ordusunun yaranması ilə bilavasitə sıx əlaqədardır. Azərbaycanda ilk həmkarlar ittifaqları 1898-1903-cü illərdə neft sənayesi işçiləri, sonradan isə Bakı çapçıları tərəfindən yaranmağa başladı. Bakı fəhlələrinin ümumi tətili nəticəsində həmkarlar ittifaqının hərəkatı tarixində ilk dəfə olaraq dekabrın 30-da “Elektriçeskaya sila” zavodunda böyük fəhlə kütləsinin əhatəsində imzalanan kollektiv müqavilə sonralar “Mazut Konstitusiya” adı ilə tarixdə məşhurlaşdı. Tarixi sənədlərə əsasən, Bakı çapçılarının həmkarlar ittifaqı 1905-ci ildən mövcuddur. Lakin bu ittifaqın yaranma vaxtı 1903-cü ilə təsadüf edir.
Natiq deyib ki, hazırda təşkilata üzv olan işçilərin sayı 55 minə yaxındır. Təşkilatın ölkənin bütün şəhər və rayonlarında yerli komitələri mövcuddur. İttifaqın keçdiyi tarixi yol, dəfələrlə onun üzərinə düşmüş sınaqlarla, mübarizələrlə dolu olub. Şərti olaraq bu yolu üç mərhələyə bölmək olar: 1903-1920-ci illəri əhatə edən birinci mərhələ həmkarlar ittifaqının yaranıb, təşəkkül tapdığı dövrü əhatə edir. İkinci mərhələ hesab edilən 1920-1990-cı illər isə Sovetlər İttifaqı dövründəki fəaliyyətlə bağlıdır. Üçüncü mərhələ Azərbaycanın müstəqillik əldə etdiyi illərdən, yəni 1991-ci ildən sonrakı dövrə təsadüf edir.
Cəmilə Səttarova vurğulayıb ki, 1993-cü il fevralın 5-də Azərbaycan Həmkarlar ittifaqları hərəkatı tarixində ən mühüm və əlamətdar hadisə baş verib. Belə ki, sahə Həmkarlar İttifaqlarının, o cümlədən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının könüllü birləşməsi əsasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yaradılıb.
Diqqətə çatdırılıb ki, artıq 1993-cü ildə dövlətçiliyin xilas edilməsi, Azərbaycan müstəqilliyinin və ərazi bütövlüyünün qorunması zərurəti yaranmışdı. Məhz belə bir tarixi vaxtda, Azərbaycan xalqının böyük oğlu, dünya miqyaslı siyasətçi Heydər Əliyev xalqın tələbi ilə ölkəmizin düşdüyü müsibətlərdən xilas etmək məsuliyyətini öz üzərinə götürdü. Tez bir zamanda Azərbaycan təhlükə qarşısında olan qeyri-sabit, parçalanan və dağılmaqda olan məmləkətdən Qafqaz regionunun ən perspektivli, aparıcı və sürətli inkişaf edən dövlətinə çevrildi. Ümummilli Liderin qayğısı və diqqətindən həmkarlar ittifaqları da kənarda qalmadı. 1994-cü ildə Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Elə həmin ildə Azərbaycan Həmkarlar İttifaqları hərəkatı tarixində ilk dəfə olaraq, Respublika Hökuməti ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında əmək və sosial-iqtisadi münasibətləri tənzimləyən baş saziş imzalandı.
O deyib: “Müstəqillik illəri ərzində bizim ittifaq həm təşkilati-quruluş və ideoloji istiqamət, həm də işçilərin hüquq və sosial-iqtisadi müdafiəsinin təşkili baxımından öz işini gücləndirib. Bu gün Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsində 64 şəhər, rayon komitəsi, 752 ilk təşkilat fəaliyyət göstərir. Yerlərdə 64 ərazi saziş, xidmətimizdə olan müəssisə və təşkilatların 94 faizində kollektiv müqavilələr bağlanılıb.
Bundan əlavə, həmkarlar ittifaqı fəaliyyətinin bütün istiqamətləri üzrə 136 fərdi əmək mübahisələri üzrə, 178 texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə, 272 gender bərabərliyi və qadın problemləri üzrə, 221 gənclər üzrə komissiyalar, 7 metodiki mərkəz fəaliyyət göstərməkdədir. İttifaqımız bir sıra ümumdünya və ümumavropa həmkarlar ittifaqı birlikləri ilə geniş əlaqələr yaradıb. PSİ, EPSU, UNİ MEİ, FİA kimi qlobal birliklərin üzvüdür.
Respublikanın ictimai-mədəni həyatında fəal iştirakına və həmkarlar ittifaqı işində səmərəli fəaliyyətinə görə dövlətimiz tərəfindən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 3 işçisinə “Tərəqqi” medalı, altısına “Əməkdar Mədəniyyət İşçisi” fəxri adları verilib. Bu, ilk növbədə Prezidenti İlham Əliyev tərəfindən həmkarlar ittifaqına verilən böyük diqqətin təzahürüdür”.
Bundan sonra da bu istiqamətdə ardıcıl və məqsədyönlü iş aparılacağını söyləyən Cəmilə Səttarova artıq bu yönümdə addımlar atıldığını diqqətə çatdırıb. “Üzvlərimizin və onların ailələrinin sağlamlığının qorunması üçün 400 nəfərlik “Zəhra” istirahət zonasının tikilməsi ilə bağlı hazırlıq işləri və sənədləşmələr aparılıb”, - deyə C.Səttarova vurğulayıb.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar Konfederasiyasının vitse-prezidenti Səttar Mehbalıyev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva və başqaları çıxış edərək Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının bütün üzvlərini təbrik edib və onlara ən xoş arzularını çatdırıblar.
Azərbaycanda AHİK-in nüfuzunun yüksək olduğunu, bu təşkilatın qanun çərçivəsində hər bir işçi təbəqəsinin hüquqlarını müdafiə etdiyini vurğulayan natiqlər Beynəlxalq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları ilə də əlaqələrin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Tədbirdə beynəlxalq təşkilatlardan bir necə videotəbriklər səsləndirilib.
Sonra MİHİ-nin yaranmasının 110 illiyi ilə əlaqədar hazırlanmış yubiley medalları və fəxri fərmanlar təqdim olunub. Həmçinin, AHİK-in fəxri fərmanları təqdim edilib.
Yubiley tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədrinə və bir sıra əməkdaşlarına Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı verilib.
Sonda MİHİ-nin himni səsləndirilib.

FAYDALI KEÇİDLƏR