Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının seminar-müşavirəsi keçirilib

1224

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi 2 fevral – Gənclər Gününə həsr edilmiş seminar-müşavirə keçirib.

Seminarda çıxış edən komitənin sədri Cəmilə Səttarova hər bir ölkənin perspektiv inkişafının, müstəqilliyinin möhkəmləndirilməsinin və dövlətçiliyinin gücləndirilməsinin gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və kreativ qüvvəyə, cəmiyyətin aparıcı üzvlərinə çevrilməsindən asılı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, gənclər böyük yaradıcı gücə malik olduğundan onların düzgün istiqamətləndirilməsi nəticəsində dövlətin və cəmiyyətin gələcəyi sığorta altına alınmış olur. Bu da bir faktdır ki, gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, mənəvi-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqisinin göstəricisinə çevrilir. Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə gənclərin sosial müdafiəsinə də ehtiyac artır. Gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən əhəmiyyətli addımlar atılır.

C.Səttarova vurğulayıb ki, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinə hazırda 752 təşkilat, 55 min 188 üzv daxildir. Üzvlərin 16 min 217 nəfəri gənclərdir, bu da öz növbəsində ümumi sayın 29 faizi deməkdir.

Müşavirədə “Gənc həmkarlar ittifaqı lideri məktəbi” gənc işçilər üçün kompleks proqramı haqqında məlumat verilib. Bildirilib ki, proqramın əsas məqsədi Həmkarlar İttifaqına üzvlüyün motivasiyasının yüksəldilməsi, həmkarlar ittifaqı təşkilatlarında gənclərin iş fəaliyyətinin canlandırılması, istedadlı gənclərin üzə çıxarılması və maraqlarının müdafiə edilməsidir.
Gənclər və İdman Nazirliyinin sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərminə Bağırova qeyd edib ki, Azərbaycan gənclərinin inkişafında həmkarlar ittifaqının rolu böyükdür. Bildirilib ki, bu gün gənclərimiz ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Bu isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir. Azərbaycan Prezidenti tərəfindən gənclərlə birbaşa bağlı olan dövlət proqramları qəbul olunub ki, onların icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və ciddi nailiyyətlər əldə edilib.

Sonra Respublika Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Zaur Həmidov ötən il həyata keçirilən tədbirlər və görülən işlərlə bağlı məruzə ilə çıxış edib.
Seminarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının gənclər şurasının sədri Tural Süleymanov çıxış edərək qarşıda duran vəzifələrdən danışıb.