AZ | RU | EN

Azərbaycan Təhsil İşçiləri Azad həmkarlar İttifaqı Respublika Komitəsinin X Məclisi keçirilmişdir

16 Nov 2011

 

İclasda əvvəlcə X Məclisin gündəliyi səsə qoyularaq təsdiq olunmuşdur. Gündəlikdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclis və Rəyasət Heyəti üzvləri arasında qismən dəyişiklik edilməsi barədə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatları hesabat-seçki yığıncaqlarının (konfransların) keçirilməsi barədə, Üzv təşkilatların aparatlarında vəzifələrin təsnifatı haqqında, Respublika Komitəsinin maliyyə təsərrüfat fəaliyyəti haqqında Təftiş komissiyasının məlumatı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə göstəricilərinin təsdiqi barədə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin ştat cədvəlinin təsdiqi barədə və Gənclər Şurasının əsasnaməsində və tərkibində dəyişiklik edilməsi barədə məsələlər öz əksini tapmışdır.

Gündəlikdə duran birinci məsələ ilə bağlı ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə məlumat vermiş və qərar layihəsi ilə iştirakçıları tanış etmişdir. Qərar layihəsi səsə qoyularaq qəbul edildikdən sonra ikinci məsələnin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatları hesabat-seçki yığıncaqlarının (konfransların) keçirilməsi barədə məsələnin müzakirəsinə başlanmışdır. ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev bildirmişdir ki, hesabat seçkilərin keçirilməsi həmkarlar təşkilatlarının gələcək inkişafına birbaşa təsir göstərəcək mühüm məsələlərdən biridir. «Həmkarlar təşkilatlarının gələcək inkişafı hesabat seçkilərinin necə keçirilməsindən asılı olacaq» deyən sədr vurğulamışdır ki, seçkilər demokratik şəraitdə keçirilməlidir: «Hesabat seçkilərinin keçirilməsi zamanı kənar müdaxilələrə yol verilməməlidir. Kənar müdaxilə olacaqsa, bu gələcəkdə həmin təşkilatın zəif təşkilat olmasına səbəb olacaq. Hər bir ittifaq üzvünün bu seçkilərdə seçmək və seçilmək hüququ var. Bu hüquqa hörmətlə yanaşılmalıdır». Daha sonra Məclis üzvləri məsələ ilə bağlı hazırlanmış qərar layihəsi ilə tanış olmuş və qərar layihəsi səsə qoyularaq qəbul edilmişdir.

Gündəlikdə duran növbəti məsələ ilə bağlı iclas iştirakçılarına ATİAHİ Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov məlumat vermiş və üzv təşkilatların aparatlarında vəzifələrin təsnifatı haqqında qərar layihəsi ilə tanış etmiş, qərar layihəsi səsə qoyularaq qəbul edilmişdir.

Sonra tədbirdə Təftiş Komissiyasının sədri Şahin İsmayılova Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin maliyyə təsərrüfat fəaliyyəti barədə məlumat vermişdir. Təftiş Komissiyasının məlumatı nəzərə alınmışdır.

Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə göstəricilərinin təsdiqi barə və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin ştat cədvəlinin təsdiqi barədə məsələlərlə iclas iştirakçılarını ATİAHİ Respublika Komitəsinin katibi, maliyyə şöbəsinin müdiri Mübariz Eyvazov tanış etmiş, qərar layihələri səsə qoyularaq qəbul olunmuşdur. 
Gündəlikdə duran sonuncu məsələ isə ATİAHİ Respublika Komitəsi Gənclər Şurasının əsasnaməsində və tərkibində dəyişiklik edilməsi barədə olmuşdur. Qərar layihəsi ilə iclas iştirakçıları sədr müavini Ş.Əsgərov tanış etdikdən sonra qərar qəbul olunmuşdur.

İclasın sonunda ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev yekun nitqi söyləmişdir. Sədr bildirmişdir ki, 2011-ci il təşkilat üçün uğurlu olub və bir çox tədbirlərlə yadda qalmışdır. Belə ki, il ərzində bir sıra beynəlxalq görüşlər keçirilmiş, ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti Beynəlxalq Təhsil Birliyinin, Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin və digər təşkilatların keçirdiyi tədbirlərdə iştirak etmiş, ikitərəfli əməkdaşlıq müqavilələri imzalanmışdır. Həmçinin Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi və digər müəssisə və təşkilatlarla birgə yarışlar, festivallar, spartakiadalar təşkil edilmişdir. Bu il ilk dəfə olaraq ATİAHİ Respublika Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhərinin məktəbliləri üçün «Məzun 2011» tədbiri keçirilmişdir. Üzv təşkilatlar arasında artıq ikinci dəfə «Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi» baxış-müsabiqəsi keçirilmiş, qaliblər mükafatlandırılmış, qış və yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan tələbələrə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilmişdir. Tarixi günlər, milli bayramlar yüksək səviyyədə qeyd edilmişdir. İstirahət kompleksinin tikintisi uğurla davam etdirilmişdir.

S.Mehbalıyev qeyd etmişdir ki, görüləsi işlər də çoxdur: «Qarşıdan 2012-ci il gəlir. Seçkilər ilidir, ATİAHİ-nin üzv təşkilatlarında hesabat-seçki yığıncaqları (konfransları) keçiriləcək. Artıq bununla bağlı hazırlıq işlərinə start verilmiş, ATİAHİ Respublika Komitəsi tərəfindən ayrı-ayrı rayonlarda hesabat-seçkilərlə bağlı regional seminarlar keçirilmişdir. İşlər bundan sonra da davam etdiriləcək. Üzv təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqlarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və ATİAHİ Respublika Komitəsinin nümayəndələri iştirak edəcək. Siz hesabat-seçki yığıncaqlarına ciddi hazırlaşmalı, hesabat-seçkilərin keçirilməsi zamanı ATİAHİ Respublika Komitəsinin tövsiyələrinə əməl etməli, vəzifə borcunuzu ləyaqətlə yerinə yetirməli və yeni ildə daha məsuliyyətlə işləməlisiniz».

Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi adından "Bu mənim peşəmdir" müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilmişdir.

 

16.11.11.3 16.11.11.1 16.11.11

 

FAYDALI KEÇİDLƏR