AZ | RU | EN

Beynəlxalq həmkarlar ittifaqlarının nümayəndə heyəti AHİK-də qəbul edilib

05 Apr 2017

Aprelin 5-də Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Türkiyə  həmkarlar ittifaqları nümayəndələrinin Azərbaycana səfəri başlayıb.

Səfər çərçivəsində qonaqlar Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

 Nümayəndə heyətinin AHİK sədri, BHİK-in vitse-prezidenti, millət vəkili Səttar Möhbalıyev ilə görüşü olub.

 Səttar Möhbalıyev qonaqları salamlayaraq AHİK və beynəlxalq həmkarlar ittifaqları arasında münasibətlərin son dövrlərdə daha da inkişaf etdiyini xüsusi vurğulayıb. Qonaqlara Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyəti barədə geniş məlumat verən AHİK sədri qeyd edib ki, biz həmkarlar ittifaqı olaraq öz üzvlərimizin- istehsal və qeyri-istehsal sahələrində çalışan işçilərin, təhsil alan gənclərin, pensiyaçıların əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasını həmişə ön planda saxlayırıq. 

AHİK sədri bildirib ki, milyon yarıma yaxın üzvü olan Azərbaycan həmkarlar ittifaqları işçilərin hüquqlarının müdafiəsi ilə yanaşı, eyni zamanda onların asudə vaxtlarının səmərəli keçirilməsi, sağlam həyat tərzinin geniş təbliği, insan alverinin qarşısının alınmasında iştirakı, miqrantların hüquqlarının qorunması kimi məsələlərin də həllində öz töhfələrini verməyə, bütün imkanlarından istifadə etməyə çalışır.

Görüşdə çıxış edən Beynəlxalq Meşə İşçiləri Həmkarlar İttifaqlarının sədri Viktor Karnyuşin, Rusiya Federasiyası Meşə İşçiləri Həmkarlar İttifaqının sədri Denis Juravlyov, Belarusiya Meşə İşçiləri Həmkarlar İttifaqının sədri Çeslava Qoyeva, Qazaxıstan Meşə İşçiləri Həmkarlar İttifaqının sədri Çingizxan Unalbayev, Türkiyə Öz-Orman-İş Həmkarlar İttifaqının sədr müavini Mehmet Çelik səmimi qəbula görə AHİK sədrinə və Azərbaycan Təbii Sərvətlər və Ekologiya İşçiləri HİRK-nin sədri Telman Quliyevə minnətdarlıqlarını bildiriblər.

Görüş zaman Türkiyə Respublikası və Rusiya Federasiyası sahə həmkarlar ittifaqları arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb.
Qeyd edək ki, aprelin 6-da Bakıda Beynəlxalq Meşə İşçiləri Həmkarlar İttifaqları İcraiyyə Komitəsinin iclası keçiriləcək.

FAYDALI KEÇİDLƏR