AZ | RU | EN

«Qloballaşma və Azərbaycan Həmkarlar İttifaqlarının mövqeyi» haqqında

12 Aug 2004

 İqtisadiyyatın və əmək bazarlarının beynəlmiləlləşməsinin artdığı bir şəraitdə əməkçiləri həyati əhəmiyyət kəsb edən bir çox məsələlərin həllindən kənarlaşdırmaq cəhdləri üzə çıxmaqdadır. Köklü sosial-iqtisadi dəyişikliklər bir çox hallarda əsas işçi təşkilatı olan həmkarlar ittifaqlarının rəyi nəzərə alınmadan həyata keçirilir.

Müxtəlif istiqamətlərdən əməkçilərin birliyini parçalamaq, onların həmkarlar ittifaqı təşkilatları yaratmaq təşəbbüslərinə maneələr törətmək, sosial inkişafa təsir etmək imkanlarını azaltmaq cəhdləri edilir.

Beynəlxalq sosialyönlü təşkilatlar və bütün ölkələrin həmkarlar ittifaqları əməkçilər üçün dözülməz şəraitə qarşı kəskin mübarizə aparmalıdırlar.

İqtisadiyyatın qloballaşması prosesi sosial dəyərlərin azaldılması hesabına həyata keçirilməməli, sosial tərəqqini ləngitməməli, işçilərin mənafeyinə etinasızlıq hallarının qarşısı alınmalıdır.

Azərbaycan həmkarlar ittifaqları dünya təsərrüfatının qloballaşmasına əhalinin təbəqələşməsi kimi deyil, bütün dövlətlərin iqtisadi və texnoloji səviyyəsinin bərabərləşməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması kimi baxırlar.

Bazar iqtisadiyyatına keçidlə əlaqədar respublika iqtisadiyyatına əsaslı şəkildə daxil olan beynəlxalq şirkətlərlə sosial mübarizə həmkarlar ittifaqı təşkilatları üçün kulminasiya nöqtəsindədir. Çox böyük təcrübəyə malik transmilli şirkətlərə qarşı mübarizədə bu sahədə təcrübəsi az olan həmkarlar ittifaqı təşkilatları gücsüz görünürlər. Əslində belə şirkətlərin etinasız hərəkəti üçün respublikada münbit şərait var: qanunvericilikdə olan boşluq, ucuz işçi qüvvəsi və böyük miqyaslı işsizlik, üstəlik xarici sahibkarlarla mübarizə aparmalı olan həmkarlar ittifaqı təşkilatlarının zəifliyi.

Əksər hallarda xarici sahibkar işə həmkarlar ittifaqını sıxışdırmaqla başlayır. Yerli fəhlə və qulluqçular üçün uzadılmış iş günü tətbiq olunur,onlar qanunsuz işdən çıxarılır, xarici mütəxəssislərlə müqayisədə az əmək haqqı alır, əmək haqqının ödənilməsi qaydaları pozr, ödənişli əmək məzuniyyətləri verilmir, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilmir.

Əməyin və ətraf mühitin mühafizəsinə kifayət qədər qayğı göstərilmir. Yerli mütəxəssislərə ən təhlükəli və zərərli iş yerləri verilir, onlar isə iş yerlərini itirməkdən ehtiyat edərək açıq ayrı-seçkiliyə münasibətlərini bildirməkdən çəkinirlər.

İşəgötürənlərin təsiri nəticəsində bir sıra iri transmilli şirkətlərdə həmkarlar ittifaqları yaradılmamışdır, həmkarlar ittifaqı yaradılan müəssisələrdə isə təşkilatın hüquq və azadlıqlarının pozulması hallarına yol verilir.

İşəgötürənin istəyinə zidd olaraq həmkarlar ittifaqı təşkilatı yaradılan müəssisələrdə isə kollektiv müqavilələr bağlanmır, həmkarlar ittifaqı komitəsinin qərarlarına etinasızlıq göstərilir, nəticədə həmkarlar ittifaqı təşkilatı müdafiə funksiyasını həyata keçirə bilmir.

Belə halda xarici işəgötürən qarşısında işçilərin sosial-iqtisadi hüquqlarını real olaraq necə müdafiə etmək, transmilli şirkətlərdə neqativ halların qarşısını necə almaq kimi suallara cavab tapmaq çətin olur. Ölkənin hakimiyyət orqanları transmilli şirkətlərlə müəssisələrin alqı-satqı müqavilələrini bağlayarkən əməkçilərin rəyini nəzərə almalı, bu müqavilələrin sosial şərtlərinə onların iştirakı olmadan baxılmamalıdır.

Transmilli şirkətlərin fəaliyyət göstərdiyi müəssisələrdə sosial-əmək münasibətlərini tənzimləyici vasitə Azərbaycan qanunvericiliyi və Baş Tarif sazişdə əksini tapmış beynəlxalq konvensiyalara əməl edilməsi olmalıdır.

Həmkarlar ittifaqı təşkilatları xarici şirkətlərin başqa ölkələrdəki həmkarlar ittifaqları ilə qarşılıqlı münasibət qurmaları barədə informasiyaya malik olmalı, buna uyğun olaraq onlarla münasibətlərini tənzimləməyə çalışmalıdır.

Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının köməyi ilə transmilli şirkətə daxil olan müəssisələrin həmkarlar ittifaqlarının kordinasiya mərkəzi yaradılmasına ehtiyac duyr.

Yuxarıdakılara istinad edərək və transmilli şirkətlərdə çalışan işçilərin sosial-iqtisadi mənafelərinin qorunmasına həmkarlar ittifaqlarının təsirinin gücləndirilməsi üçün qurultay aşağıdakıları məqsədəuyğun sayır:

- həmkarlar ittifaqı hərəkatını genişləndirməyi və transmilli şirkətlərdə həmkarlar ittifaqı üzvlərinin say tərkibinin artırılmasını;

- transmilli şirkətlərdə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına və sərbəst fəaliyyət göstərməsinə işəgötürənləri məcbur edən müddəaların və dəyişikliklərin Baş Kollektiv Sazişə daxil edilməsini;

- beynəlxalq həmkarlar ittifaqlarının transmilli şirkətlərə daxil olan müəssisələrin həmkarlar ittifaqı təşkilatları arasında əlaqələrin genişləndirməsini, transmilli şirkətlərə daxil olan təşkilatların həmkarlar ittifaqı fəallarının sosial haqlar uğrunda mübarizə sahəsində təhsillərinin artırılması üçün müvafiq tədbirlərin görülməsini.

Qanun və normativ aktların hazırlanması zamanı xarici ölkələrdəki əmək haqqı, pensiyalar, sığorta və sosial təminat sistemi, təhsil, tibbi xidmət sahələri üzrə olan qanunvericilikdən bəhrələnmək zəruridir.

Qurultay əmin olduğunu bildirir ki, həmkarlar ittifaqları ədalətli cəmiyyət yaradılmasında marağı olan digər qeyri-hökumət təşkilatları və ictimai qüvvələrlə sıx əlaqələr quraraq öz məqsədinə çatacaq, işçilərin sosial-iqtisadi mənafelərinin qorunmasına xidmət edəcəkdir.

Müasir dünya inkişafının əsas istiqaməti iqtisadiyyatın qloballaşmasıdır. Bu proses transmilli şirkətlərin maliyyə sənaye qruplarının və beynəlxalq valyuta təşkilatlarının cəmiyyətə təsirinin güclənməsi ilə müşayət olunur.

FAYDALI KEÇİDLƏR