AZ | RU | EN

«HƏMKARLAR İTTİFAQININ MÜDAFİƏ FUNKSIYASININ HƏYATA KEÇİRİLMƏSİNDƏ SOSİAL TƏRƏFDAŞLIQ SOSİAL DİALOQUN İNKIŞAFININ ƏSAS MƏRHƏLƏSİDİR»

13 Jun 2012

Konfransı giriş sözü ilə Azərbaycan Həmkarlar İttifaqları Kon­fe­de­ra­si­ya­sının sədri, millət vəkili Səttar Mehbalıyev açmışdır. Sədr qeyd etmişdir ki, cəmiyyətin sosial-iqtisadi durumu bütün dövrlərdə hər bir ölkənin inkişaf mənzərəsini müəyyən edən başlıca amil kimi qəbul olunmuşdur. Bu sahədə əldə edilən nailiyyətlər müasir dünyada həm də demokratik inkişafın ən mühüm şərti kimi qəbul olunmaqdadır. Bu gün demokratik dəyərlərin üstün tutulması müasir Azərbaycan dövlətinin əsas prinsiplərindən birini təşkil edir. S.Mehbalıyev vurğulamışdır ki, ölkəmiz müstəqillik qazandıqdan sonra əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir. Azərbaycan Respublikasının ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir.

«Hazırda Azərbaycan öz iqtisadi inkişaf tempinə görə regionun lider dövlətidir. Respublikamız dünyanın dayanıqlı iqtisadiyyatı təmin edən ölkələri sırasında ilk yerlərdən birini tutur. Bu uğurlar əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf kursunu əzmlə həyata keçirən möhtərəm prezidentimiz cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində əldə olunmuşdur. Bu gün Azərbaycanda əhalinin sosial-rifahının yüksəlməsi, respublikamızda işsizliyin, yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm işlər aparılır» deyən millət vəkili bildirmişdir ki, iqtisadi yüksəliş yolunu özünə başlıca istiqamət kimi seçən respublikamızda bu gün işçilərin hüquq və qanuni mənafelərinin müdafiəçisi olan həmkarlar təşkilatlarının fəaliyyətinin genişləndirilməsi zərurətə çevrilir. Dövlətimiz tərəfindən həmkarlar təşkilatlarının müstəqil fəaliyyət göstərə bilməsi üçün hər cür şərait yaradılıb. Həmkarlar ittifaqlarının qanunvericilik bazasının formalaşması sahəsində çox böyük irəliləyişlərə nail olunub, «Azərbaycan Respublikasının Əmək Məcəlləsi»nə, «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikasının Qanununa lazımi əlavə və dəyişikliklər edilmişdir. Bunun da nəticəsində cəmiyyətdə həmkarlar ittifaqının rolu və statusu daha da artmışdır.

İttifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ilə bağlı həyata keçirilən fəaliyyətin bir sıra yollarının olduğunu qeyd edən millət vəkili söyləmişdir ki, Azərbaycan həmkarlar ittifaqları olaraq bizim tutduğumuz yol bütün dünya tərəfindən qəbul olunan sosial dialoq yoludur: “Düşünürük ki, bizi ittifaq üzvlərinin hüquqlarının təmin olunması ilə bağlı müəyyən etdiyimiz hədəfə çatdıran ən qısa yol problemlərin danışıqlar yolu ilə aradan qaldırılması, cəmiyyətdə sosial sülhün təmin edilməsidir”.

Cəmiyyətdə sosial dialoqun təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışan AHİk sədri qeyd etmişdir ki, atılmış addımlardan əl başlıcası Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanmış Baş Kollektiv Sazişdir. Sazişin hazırlanma prosesi, sənəddə öz əksini tapan öhdəliklərdən danışan S.Mehbalıyev vurğulamışdır ki, Baş Sazişə əsaslanaraq hazırlanmış Kollektiv Sazişlərdə tərəflər üzərlərinə götürdükləri öhdəliklərin məsuliyyətini dərk etməlidir. “Bəzi hallarda işəgötürənlə həmkarlar təşkilatı arasında komissiya yaradılmır. Bəzən həmkarlar təşkilatının sədri ilə özəl şirkət rəhbəri ikilikdə sənədləşmə aparırlar”.

13.06.12.3 13.06.12.2

AHİK sədri Baş Kollektiv Sazişin imzalanması prosesində yaranan neqativ hallara toxunaraq qeyd etmişdir ki, sənədin hazırlanması prosesində işçilərin iştirak etməsi vacibdir: “Biz istəyirik ki, kollektiv saziş imzalanmadan öncə şirkətdə çalışan işçilərin hamısının iştirakı ilə sənəd müzakirə olunsun və bundan sonra imzalanma həyata keçirilsin. Çünki sazişdə öhdəliklər və güzəştlər öz əksini tapıb. Bu güzəştlərdən kollektivin xəbəri olmalıdır. Bəzi hallarda işçilərin bundan xəbəri olmur. Biz bu prosesin aşkarlıq şəraitində həyata keçirilməsinin tərəfdarıyıq”.

S. Mehbalıyev bildirmişdir ki, vətəndaşların əmək və sosial hüquqlarının təmin edilməsi, iqtisadi vəziyyətinin yaxşılaşdırılması birbaşa həmkarlar təşkilatlarının hüquqlarına aiddir. Onun sözlərinə görə, bu işəgötürənin hüquqlarının məhdudlaşdırılması demək deyil: “Çalışmalıyıq ki, işəgötürənin də hüquqları qorunsun. Elə etməliyik ki, işə götürən sərmayə qoyduğu yerdən qazanc əldə edə bilsin. Həmkarlar təşkilatlarının şirkətdən bütün vəsaiti sosial vəziyyətin yaxşılaşdırılmasına yönəltməsini tələb etmək də düzgün deyil. İqtisadi vəziyyəti təhlil etdikdən sonra sosial tələblər irəli sürülməlidir”.

Sədr 2012-2013-cü illər üçün bağlanmış Baş Sazişdə öz əksini tapmış öhdəliklərdən bəhs edərək qeyd edib ki, sənəddə əhalinin sovet vaxtından banklarda qalmış əmanətlərinin qaytarılması ilə bağlı öhdəliyin hökümət tərəfindən qısa bir müddət ərzində yerinə yetirilməsi tərəflərin bu sənədə nə dərəcədə əhəmiyyət verməsinin göstəricilərindəndir.

Sonra konfransda Əmək və Sosial Münasibətlər Akademiyasının Həmkarlar ittifaqlarının hərəkəti və sosial tərəfdaşlıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Zeynəddin Şabanov «Azərbaycanda sosial tərəfdaşlığın inkişafı: mövcud vəziyyət, problemlər, perspektivlər» mövzusunda məruzə etmişdir. Məruzədə qeyd olunmuşdur ki, ölkəmizdə sosial dialoqun təmin olunmasında sosial tərəfdaşlığın subyektləri, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası məntiqli və düşünülmüş siyasət yürüdür, bütün tərəflərin fövqündə duran və onların maraqlarına cavab verən mühüm bir vəzifəni həyata keçirirlər. Bu üç tərəf arasında bağlanmış Baş Kollektiv Sazişin uğurları və əldə olunmuş uğurlar tərəflər arasındakı münasibətlərin inkişaf edən xətt üzrə getdiyindən xəbər verir. Məruzəçi vurğulamışdır ki, hər bir ölkədə sosial dialoqun təmin olunmasında hökumətin xüsusi səy göstərməsi, onun inkişafına diqqət yetirməsi əsas məsələlərdəndirsə, sosial tərəfdaşlığın dəstəklənməsi dövlətin vəzifələri sırasında böyük aktuallıq kəsb etməlidir: «Ümumiyyətlə cəmiyyətin inkişafı və sabitliyi burada aparılan ədalətli sosial siyasət və sosial dialoqun bərqərar olması ilə birbaşa bağlıdır. Sosial tərəfdaşlığın prinsiplərinə əməl olunması isə ölkənin daha sürətli inkişafına təkan verən və ictimai həyatın bütün sahələrində irəliləyişlərin əldə olunmasında təminatı artırır».

Daha sonra tədbirdə Əmək və Əhalinin Sosial Müdafəisi Nazirliyinin əmək siyasəti şöbəsinin müdiri Arif Hüseynov məruzə ilə çıxış edərək respublikanın sosial-iqtisadi məsələlərinin həllində Baş Kollektiv Sazişin əhəmiyyətindən danışmışdır.

Məruzəçi qeyd etmişdir ki, Baş Kollektiv Saziş respublikada aparılan iqtisadi siyasəti, əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi, əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatları, sosial müdafiənin gücləndirilməsi, texniki və ekoloji təhlükəsizlik, sosial partniyorluq və tərəflərin fəaliyyətinin əlaqələndirilməsi və nəzarət edilən əsas sosial-iqtisadi göstəricilər üzrə öhdəlikləri özündə əks etdirir. Sonra məruzəçi sadalanan istiqamətlər üzrə tərəflərin götürdüyü öhdəliklərdən geniş bəhs etmiş və cəmiyyətdə sosial tərəfdaşlığın və sosial dialoqun səviyyəsinin daha da yüksəldilməsi işində belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd etmişdir.

Konfransda həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

FAYDALI KEÇİDLƏR