AZ | RU | EN

«Beynəlxalq həmrəyliyi möhkəmləndirmək, həmkarlar ittifaqlarının birliyinə nail olmaq»

12 Aug 2004

Beynəlxalq, regional və milli həmkarlar ittifaqları mərkəzlərinə, sahə və ərazi həmkarlar ittifaqları birliklərinə, ilk təşkilatlara təklif edirik ki, transmilli kompaniya və onun ölkələrdə fəaliyyət göstərən strukturları ilə əməyin ödənilməsi, onun qorunması, sosial müdafiə və digər məsələləri özündə əks etdirən müqavilə və sazişlər bağlanarkən əlaqəli iş prinsipinə üstünlük versinlər.

Beynəlxalq həmkarlar ittifaqları hərəkatının gələcək taleyi həmkarlar ittifaqlarının azadlıqlarını və əmək hüquqlarını necə qoruyacağımızdan asılıdır. Beynəlxalq Əmək Təşkilatı bu sahədə, eləcə də konstruktiv məşğulluğa nail olmaq, sosial müdafiənin zəruri səviyyəsinə çatmaq, yoxsulluğun və sosial əyintilərin aradan qaldırılması, insan hüquqlarının müdafiəsi, əmək həyatında hər cür ayrı-seçkiliyin aradan qaldırılması, kişi və qadınların bərabər hüquqları, icbari əməyin və uşaq əməyinin istismarının ləğv edilməsi uğrunda mübarizə aparır. Biz Beynəlxalq Əmək Təşkilatının həmkarlar ittifaqlarının azadlıqlarının və əməkçilərin hüquqlarının təmin edilməsinə, əmək sahəsində sosial dialoqun inkişafına yönəldilmiş hüquq və prinsipləri özündə əks etdirən təməl Konvensiyaları və digər sənədləri dəstəklədiyimizi bir daha təsdiq edirik.

Respublikanın həmkarlar ittifaqları razılıq hissi ilə qeyd edirlər ki, son illərdə Birləşmiş Millətlər Təşkilatı sosial problemlərə daha böyük maraq göstərir. BMT qeyri-hökumət təşkilatlarını əməkdaşlığa daha fəal cəlb etməyə başlamışdır. Biz dünya həmkarlar ittifaqları hərəkatını bütün vasitələrlə belə müsbət meylləri dəstəkləməyə və inkişaf etdirməyə çağırırıq. Belə dəstək transmilli kapitalın labüd qlobal hakimliyinin qarşısını ala bilər.

AHİK bütün dünya həmkarlar ittifaqlarını beynəlxalq sülhün və əmin-amanlığın qorunması, hərbi münaqişələrin dinc yolla həll edilməsi üzrə BMT-nin səylərinə dəstək verməyə çağırır. Erməni separatçılarının Azərbaycana qarşı apardıqları müharibədən və terrorizmdən daha çox zərər çəkən həmkarlar ittifaqları kimi bildiririk ki, insanların milli, dini və digər mənsubiyyətlərə görə təqib edilməsi əmək adamlarına yalnız məşəqqətlər və bədbəxtliklər gətirir. Ermənistan Respublikasının şovinist siyasəti nəticəsində orada yaşayan azərbaycanlılar öz ata-baba yurdlarından didərgin salınması, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın və ona bitişik ərazilərin işğalı nəticəsində bir milyonadək əhalinin on ildən çox qaçqın və köçkün vəziyyətində yaşamaları buna canlı sübutdur. Belə hallara mane olacaq ən sınanmış vasitə isə həmrəylikdir. Biz əməkçilər və dünya həmkarlar ittifaqlarını insan hüquqları uğrunda mübarizəyə, faşizmə, milli ədavətə, şovinizmə, terrorizm və separatizm təhlükəsinə qarşı mübarizəyə səsləyirik.

Dünya həmkarlar ittifaqları hərəkatının üzvü olan AHİK son illərdə bu sahədə irəli sürülümüş bütün konstruktiv təşəbbüsləri müdafiə edərək həmkarlar ittifaqlarını birliyə çağırır. Biz digər həmkarlar ittifaqı mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsi uğrunda çıxış edirik. Bu isə öz növbəsində yeni yüzillikdə həmkarlar ittifaqlarının reallıqlara və müasir tələblərə uyğunlaşmasına kömək edə bilər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dünya əməkçilərini və həmkarlar ittifaqlarını beynəlxalq həmrəyliyi və öz sıralarını daha da möhkəmləndirmək uğrunda qəti addımlar atmağa çağırır.

 

Bəşəriyyətə sülh və əmin-amanlıq!!!

FAYDALI KEÇİDLƏR