AZ | RU | EN

Kurort-sanatoriya şəbəkəsi təkmilləşdirilir

27 Apr 2017

“Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir”.
İlham ƏLİYEV

Sağlamlıq, harmoniya, komfort!

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin tibbi personalı məhz bu devizlə yaz-yay mövsümünə başlamışdır.

Konfederasiyanın nəzdində 8 sanatoriya, 1 müalicə pansionatı və 10 istirahət bazası fəaliyyət göstərir. Bu sanatoriyalardan yalnız 6-sı mütəmadi olaraq ilboyu insanlara xidmət edir. Digər 2 sanatoriya və 10 istirahət bazası mövsümi işləyir. Artıq “Kurort” QSC-nin “Bilgəh” kardioloji, Mərdəkandakı “Abşeron” mədə-bağırsaq, “Qaranquş” uroloji, “Günəşli” nevroloji və Naftalandakı “Azərbaycan” sanatoriyaları təzə mövsümə tam hazırdır. İndiyədək cəmiyyətin təşəbbüsü ilə keçirilmiş elmi-praktik konfranslar, yığıncaqlar və digər tədbirlər nəticəsində “Kurort” sanatoriya şəbəkəsində çalışan 800 nəfərlik tibbi-iaşə və texniki işçi kollektivlərinin peşəkarlıq səviyyəsi daha da yüksəldilmişdir. Bir ilə yaxındır ki, əsaslı təmir və yenidənqurmadan sonra “Şıx” sanatoriyası öz qapılarını əməkçilərin üzünə açmışdır. Burada əsasən dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsi həyata keçirilir. İndi bu sanatoriyaya gələnlər şəraitdən və nümunəvi xidmətdən çox razılıq edirlər. 120 çarpayılıq şəfa ocağı 1, 2 və 3 nəfərlik otaqlardan ibarətdir. Bu müalicə və istirahət ocağı ilk növbədə beynəlxalq standartlara cavab verir və heç də Avropa sanatoriyalarından seçilmir. Əsas məsələ odur ki, “Kurort” QSC-nin bütün kollektivi var qüvvə ilə “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə çalışır, nümunəvi xidməti daha da yüksəldirlər. Təsdiq olunmuş bu Dövlət Proqramı ölkədə müalicə müəssisələrinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

- İlk öncə qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı sosial siyasətə uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları yeni kurort-sanatoriya müəssisələrinin, müasir standartlara cavab verən turist bazalarının tikilməsi, mövcud sağlamlıq ocaqlarının təkmilləşdirilməsi və abadlaşdırılması istiqamətində çoxlu işlər həyata keçirilmişdir. AHİK-in sədri Səttar Mehbalıyev Dövlət Proqramının yerinə yetirilməsi işini daim diqqətdə saxlayır və birbaşa nəzarət edir. AHİK rəhbərliyi bu gün QSC-nin bütün şəfa ocaqlarında yenidənqurma işlərinə başlamaq, bütün sanatoriyaları beynəlxalq standartlara uyğunlaşdırmaq fikrindədir. Əlbəttə, nailiyyətlərimiz irəlidədir - deyə “Kurort” QSC-nin sədri Əbil Ağasıyev söhbətə başladı: 

- Yazın ətri gələn kimi sanatoriyalarımıza müraciət edənlərin sayı çoxalır. Bu il 3 min çarpayılıq şəfa ocaqlarımızda 12-13 min nəfər əməkçinin dincəlməsini planlaşdırmışıq. Hazırda personallarımız “Bilgəh”, “Abşeron”, “Qaranquş”, “Şıx” və başqa sanatoriyalarda 1000 nəfərədək xəstəyə qulluq göstərirlər. Məqsədimiz insanların sağlamlığını qorumaq və onlara şəfa verməkdir. Ancaq bununla işimizi bitmiş hesab etmirik. Artıq bu il tibbi turizmin qəbulu ilə bağlı Rusiya Federasiyasının bir neçə iri şirkəti ilə müqavilə bağlamışıq. Gözlədiyimizə görə nəticə ürəkaçan olacaq. Qarşıya qoyulmuş əsas vəzifəmiz Azərbaycana turist axınını daha da gücləndirməkdir.

Yeri gəlmişkən qeyd etməliyəm ki, talasaterapiya deyilən bir müalicə növü var ki, dəniz yosunlarından hazırlanmış məhlul ilə toksinləri dəridən təmizləyir. Talasaterapiya əsasən Mərakeş və Tunisdə çox yayılmışdır. Bu müalicə növünü Azərbaycana gətirmək, kurort və sanatoriyalarımızda onu tətbiq etmək fikrindəyik. Bu, çox dəyərli müalicə üsuludur. 

İndi ölkəmizdə insanların sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili üçün kurort-sanatoriya şəbəkəsi ildən-ilə təkmilləşdirilir və daha da genişləndirilir.İndi sanatoriyaların korpuslarının və ərazilərinin yeni görkəmdə müasirləşdirilməsi sağlamlıqla yanaşı, şəfa ocaqlarında dincələnlərə daha xoş təsir bağışlayır, onların zövqünü oxşayır. Onlar boş vaxtlarında tennis kortunda, idman meydançalarında səmərəli vaxt keçirir və müxtəlif oyunlarda özlərini sınayırlar.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” ölkədə kurort-sanatoriya şəbəkəsinin daha da təkmilləşdirilməsi və inkişafı ilə bağlı ənənəvi siyasətin davan etdirilməsi bu sahədə böyük uğurlara imza atılacağından xəbər verir... 

Müalicə və istirahət ocaqlarında, xüsusən də “Bilgəh” sanatoriyasında dincələn insanlar həkim-kardioloq Akif Quliyev, Şərif Şahməmmədov və başqalarından çox razılıq edirlər. Saatlı rayonunda yaşayan və 40 ildən artıq müəllim işləmiş Güloğlan Həsənov “Günəşli” sanatoriyasının həkim-nevropatoloqu Fatma Quliyevanın təcrübəsindən və insana qayğısından ağızdolusu danışır. Ədilə Yusifova, Şövkət Cəfərova, Ramiz Aslanov, Qasım Mayılov və başqa xəstələr isə “Şıx” sanatoriyasında yaradılmış gözəl şəraitdən və həkimlərin müalicəsindən həvəslə söhbət açırlar. 

Bu gün respublikada bütün əməkçilərin sağlamlığının qorunması və istirahətinin nümunəvi təşkili AHİK-in “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin xüsusilə diqqət mərkəzindədir. Çünki Azərbaycanda hər bir əməkçinin, xüsusən də təqaüdə çıxan insanların müalicə və istirahətinin təşkili, həyat tərzinin yaxşılaşdırılması və sosialyönümlü islahatlara geniş yer verilməsi ölkəmizdə artıq prioritet məsələyə çevrilmişdir. Bir sözlə, hər bir tədbir, hər bir sosial yenilik insanların mənafeyinə hesablanmışdır.

Azərbaycan qəzeti 
27.04.2017

FAYDALI KEÇİDLƏR