AZ | RU | EN

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının informasiya siyasəti KONSEPSİYASI

22 Aug 2005

1.2. AHİK-in informasiya siyasəti Konsepsiyası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, həmkarlar ittifaqlarının informasiya sahəsində fəaliyyətinin məqsədini, vəzifələrini, prinsiplərini, əsas istiqamətlərini müəyyən edən rəsmi baxışlarının məcmusudur.

AHİK-in informasiya siyasəti dedikdə həmkarlar ittifaqlarının cəmiyyətlə münasibətlərinin harmoniyasına, həmkarlar ittifaqı hərəkatı ideyasının yayılmasına, həmkarlar ittifaqı sıralarına yeni üzvlərin cəlb olunmasına habelə kütləvi informasiya vasitələrində həmkarlar ittifaqlarının fəaliyyətinin obyektiv işıqlandırılmasına istiqamətlənmiş təşkilatı, nəşriyyat və digər tədbirlər kompleksinin həyata keçirilməsi başa düşülür.

 

1.3. AHİK-in informasiya siyasətinin məqsədi həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi və əmək hüquqlarının müdafiəsi, həmkarlar ittifaqlarının və onun nüfuzunun artırılması, həmkarlar ittifaqlarında üzvlüyün motivasiyasının gücləndirilməsi işində həmkarlar ittifaqı orqanlarının uğurlu fəaliyyətinə yardım göstərilməsindən ibarətdir.

Bu Konsepsiya AHİK-ə daxil olan üzv təşkilatların bütün strukturlarının kütləvi informasiya vasitələri ilə qarşılıqlı fəaliyyətinin təşkili və həyata keçirilməsi üçün vahid yanaşmanın işlənib hazırlanması üçün əsasdır.

 

1.4. AHİK-in vahid informasiya siyasətinin əsas vəzifələri aşağıdakılardır:

 

- Respublika ictimai fikrinin muzdlu işçilərin və həmkarlar ittifaqlarının mənafelərinə uyğun şəkildə formalaşdırılması, həmkarlar ittifaqlarının strateci məqsəd və vəzifələrinin izahı, əhalidə həmkarlar ittifaqlarına   müsbət, dayanıqlı münasibətin formalaşdırılması;

 

- həmkarlar ittifaqlarının imicinin - cəmiyyətin işləyən üzvlərinin hüquqlarını bütün səviyyələrdə müdafiə edən əsas təşkilat kimi formalaşdırılması;

 

- həmkarlar ittifaqlarının əsas fəaliyyəti – vətəndaşların əmək, istirahət və sosial müdafiəsi sahəsində işi barədə məlumatların yayılması;

 

- Respublikada sosial tərəfdaşlıq institutunun bərqərar olması, kollektiv hərəkətlərin təşkili və həyata keçirilməsi, bu hərəkətlərin məqsədi, vəzifələri və nəticələri yeni qanunvericilik aktları və həmkarlar ittifaqlarının qabaqcıl iş təcrübəsi barədə məlumatların yayılması;

 

2. Azərbaycan Həmkarlar İttifaqlarının informasiya təminatının vahid sistemi

 

2.1. İnformasiya təminatı dedikdə AHİK-in və onun üzv və tabeliyində olan təşkilatların fəaliyyəti və təşəbbüsləri barədə məlumatların kütləvi informasiya vasitələrində yayılması, ictimai fikrin formalaşmasına təsir edən institutlarla qarşılıqlı əlaqəsi, həmkarlar ittifaqı təşkilatlarının informasiya tələbatlarının təmin olunması başa düşülür.

 

2.2. Konfederasiya və Respublika sahə həmkarlar ittifaqları, AHİK-in tabeliyində olan təşkilatlar və AHİK-in tabeliyində olan təşkilatlar səviyyəsində informasiya təminatının vahid sisteminin yaradılması müvafiq ştat vahidləri ilə təmin olunmuş müstəqil bölmələrin yaradılması ilə müşayiət olunmalıdır.

Maliyyə çətinlikləri səbəbləri üzündən ayrıca informasiya xidmətinin yaradılması mümkünsüz olan həmkarlar ittifaqı birliklərində informasiya işinin   aparılması ştat işçilərinin birinə rəhbərlik tərəfindən həvalə olunur.

AHİK səviyyəsində informasiya işinin koordinasiya edilməsi Konfederasiyanın təşkilat işləri və məlumat şöbəsinə həvalə olunur.

 

 

3. AHİK-in informasiya bloku

 

3.1. AHİK-in aparatı həmkarlar ittifaqı orqanlarının fəaliyyəti, ölkədəki sosial-iqtisadi vəziyyət, yeni normativ hüquqi aktlar, sosial tərəfdaşlıq təcrübəsi, ictimai hərəkatlar və təşkilatlar barədə məlumatlar toplayaraq ilkin araşdırmalar aparır.

 

3.2. Məlumat mənbəyi kimi ümumi istifadədə olan və pullu məlumatlar bazası, informasiya agentliklərinin, kütləvi informasiya vasitələrinin, İNTERNET-in informasiya ehtiyatı, habelə həmkarlar ittifaqlarının öz kanalları vasitəsi ilə yerli və beynəlxalq həmkarlar ittifaqı birliklərindən əldə etdiyi məlumatlardan istifadə olunur.

 

3.3. AHİK-in məlumatlarının sonrakı analizi və ümumiləşdirilməsi üçün üzv təşkilatları üçün açıq olan vahid informasiya bankı yaradılır. Məlumat elektron blanklarda, kağız üzərində olan məlumatlar isə AHİK-in şöbəsində saxlanılır və 5 il keçəndən sonra arxivində cəmlənir.

 

3.4. Üzv və tabeliyində olan təşkilatlar AHİK aparatı tərəfindən məlumatların toplanmasına hərtərəfli yardım göstərirlər.

 

3.5. AHİK-in informasiya xidməti mütəmadi olaraq (rübdə bir dəfədən az olmayaraq) ölkədəki cari hadisələrin, KİV nəşrlərinin icmalı olaraq qısa məlumat bülleteni hazırlayaraq AHİK-in rəhbərliyinə təqdim edir.

 

3.6. AHİK vahid informasiya təminatı çərçivəsində sahə və ərazi həmkarlar ittifaqı birliklərinin müvafiq xidmətlərinə metodiki və əməli yardım göstərir.

 

 

4. Sahə həmkarlar ittifaqı birlikləri səviyyəsində

 

Vahid informasiya təminatı sistemi çərçivəsində AHİK-ə daxil olan hər bir sahə və ərazi həmkarlar ittifaqı birliyi:

 

4.1. Öz aparatının strukturunda informasiya işinə cavabdeh olan ştat işçisi (və ya həvalə olunmuş işçi saxlayır) və AHİK-in müvafiq xidməti ilə qarşılıqlı fəaliyyət təşkil edir.

 

4.2. Həmkarlar ittifaqı tərəfindən keçiriləcək əlamətdar tədbirlər barədə qabaqcadan AHİK-ə və onun mətbu orqanı olan «Ülfət» qəzetinə məlumat verir.

 

4.3. Sahə tarif sazişlərini nəşr etdirib ilk həmkarlar ittifaqı təşkilatlarına çatdırır.

 

4.4. AHİK-dən daxil olan məlumatların yayılmasını təmin edir.

 

4.5. AHİK-in informasiya bankının imkanlarından istifadə edir, öz informasiya bankını yaradır və zənginləşdirir.

 

 

5. İlk həmkarlar ittifaqı təşkilatları səviyyəsində (HİK-lər)

 

5.1. Vahid informasiya sistemi çərçivəsində nəşrlər və həmkarlar ittifaqı üzvləri qarşısında çıxışlar təşkil edir, müəssisələrdə informasiya lövhələri tərtib edir və bu işdə «Ülfət» qəzetinin materiallarından həmkarlar ittifaqlarının rəsmi saytlarında və yuxarı həmkarlar ittifaqı təşkilatlarından əldə olunan məlumatlardan istifadə edir.

 

5.2. İlk həmkarlar ittifaqı təşkilatları təşkilatdakı vəziyyət, sosial-əmək konfliktləri və onların həlli və digər məsələlər barədə məlumatları sahə və ərazi həmkarlar ittifaqı birliklərinin informasiya xidmətinə təqdim edirlər.

 

 

6. AHİK-in mətbu orqanı və digər nəşrlər

 

6.1. AHİK-in mətbu orqanı «Ülfət» qəzetidir.

 

6.2. «Ülfət» qəzeti və AHİK tərəfindən nəşr olunan analitik məlumat topluları həmkarlar ittifaqı fəalları üçün nəzərdə tutulmuşdur. Həmin nəşrlərin vacib abunəçiləri AHİK-in üzv və tabeliyində olan təşkilatları, ilk həmkarlar ittifaqı təşkilatları, həmkarlar ittifaqlarının mədəniyyət və sağlamlıq ocaqlarıdır. «Ülfət» qəzeti Milli Məclisə, Nazirlər Kabinetinə, aidiyyətı nazirliklərə, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına, respublikada fəaliyyət göstərən telekanallara göndərilməlidir.

 

 

7. AHİK-in Respublika səviyyəsində mətbuatla işin digər formaları

 

7.1. Respublika səviyyəsində mətbuatla işin əsas forması AHİK və onun üzv təşkilatlarının fəaliyyəti barədə materialların   ümumrespublika qəzet və curnallarında dərc olunmasından, radio və telekanalların efirində səsləndirilməsindən ibarətdir.

 

7.2. Azərbaycan Həmkarlar İttifaqlarının mövqeyinin və fəaliyyətinin mütəmadi olaraq   işıqlandırılması məqsədi ilə rübdə bir dəfədən az olmayaraq AHİK-in rəhbərliyinin mətbuat konfransı təşkil olunur.

 

7.3. AHİK həmkarlar ittifaqlarının işini daim işıqlandıran curnalistlərin mətbuat klubunu formalaşdırır, həmin klubun iclaslarını keçirir, mətbuat klubunun üzvlərinə lazımi informasiyanın əldə edilməsində yardım edir.

 

7.4. Respublika mətbuatının həmkarlar ittifaqları haqqında dərclərini toplayır və təhlil edir.

 

7.5. Curnalistlərin həmkarlar ittifaqı mövzusuna marağının artırılması, dərc olunan materialların yaradıcılıq səviyyəsinin artırılması üçün AHİK hər il «Həmkarlar ittifaqlarının curnalist dostu» adı uğrunda müsabiqələr keçirir.

 

 

8. AHİK-in elektron KİV-lərlə işi

 

8.1. Elektron kütləvi informasiya vasitələrinin ictimai rəyə təsir gücünün artması şəraitində AHİK çalışır ki, həmkarlar ittifaqı həyatının bütün vacib hadisələri dövlət və özəl telekanalların və radiostansiyalarının efirlərində və digər elektron kütləvi informasiya vasitələrində işıqlandırılsın.

 

8.2. AHİK müstəqil olaraq özü və aparıcı informasiya agentlikləri vasitəsi ilə   Konfederasiyanın fəaliyyəti və qərarları barədə xəbərləri radio və televiziyaların xəbərlər proqramlarına çatdırır.

 

 

9. AHİK-in üzv təşkilatların mətbuat xidmətləri ilə qarşılıqlı fəaliyyəti

 

9.1. AHİK-in informasiya xidməti üzv təşkilatların aparatlarının informasiya xidmətləri ilə sıx qarşılıqlı fəaliyyət göstərir, onlara lazımi metodiki və informasiya yardımı edir.

Həmkarlar ittifaqı komitələri aldıqları informasiyaları həmkarlar ittifaqı üzvlərinə və bütün işçilərə çatdırırlar.

 

 

10. AHİK-in informasiya siyasətinin maliyyə təminatı

 

10.1. AHİK-in informasiya siyasətinin maliyyələşdirilməsi AHİK-in vəsaitindən, həmkarlar ittifaqı büdcəsindən həyata keçirilir.

 

10.2. AHİK nəzdində informasiya siyasətinin maliyyə təminatı fondu yaradılır. Fondun   fəaliyyəti AHİK-in Nizamnaməsinə əsasən, AHİK sədri tərəfindən təsdiq olunmuş Əsasnaməyə müvafiq surətdə tənzimlənir.

 

AHİK-in üzv təşkilatlarında və struktur bölmələrində informasiya siyasətinin maliyyə təminatı həmin strukturların həmkarlar ittifaqı büdcəsindən həyata keçirilir.

 

 

AHİK-in təşkilat işləri və məlumat şöbəsi

FAYDALI KEÇİDLƏR