AZ | RU | EN

Üzv təşkilatlar

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi

İşçiləri Həmkarlar İttifaqı Federasiyası

 

 

1906-cı il ildə Bakı şəhərində Qida Məhsulları İstehsalçılarının 230 həmkarlar ittifaqı üzvünü birləşdirən həmkarlar ittifaqı təşkilatı yaradılmışdır.

1917-ci ildə isə Bakı şəhərində Dəyirmançıların, Tütünçülərin, Pivə və kvas İstehsalçılarının, Çörəkçilərin və Şirniçilərin həmkarlar ittifaqı təşkilatları fəaliyyət göstərirdi.

5 iyun 1920-ci ildə Qida Məhsulları İstehsalçılarının, Dəyirmançıların, Tütünçülərin, Pivə və kvas İstehsalçılarının; Çörəkçilərin və Şirniçilərin həmkarlar ittifaqı təşkilatları birləşərək

- Qida Sənayesi İşçiləri;

- Tütünçülər;

- Kənd və Meşə Təsərrüfatı İşçiləri Sahə Həmkarlar İttifaqları yaratmışlar.

1953-cü ildə respublikada kənd təsərrüfatı sahəsində mövcud olan sahə həmkarlar ittifaqlari birləşərək iki sahə həmkarlar ittifaqı :

- Kənd Təsərrüfatı və Tədarük İşçiləri;

- Yeyinti Sənayesi İşçiləri Həmkarlar İttifaqlarını yaratmışlar.

1986-cı ildə Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqı 1991-ci ildə Azərbaycan Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqı, 2000-ci ildən Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı adlandırılmışdır.

Sahə həmkarlar ittifaqi 832 ilk təşkilatı (bu təşkilatlardan 381-i özəl müəssisələrin ilk təşkilatıdır), 3 birləşmiş, 44 rayon, şəhər və 1 vilayət komitəsini əhatə edir ki, bu təşkilatlarda birləşən həmkarlar ittifaqı üzvlərinin sayı 72  225 nəfərdir.

Sahə həmkarlar ittifaqının ali orqanı beş ildə bir dəfə çağırılan Qurultaydır.   IV Qurultay 2005-ci ilin may ayında çağırılmışdır. Qurultaylararası dövrdə həmkarlar ittifaqının rəhbər orqanı sahə həmkarlar ittifaqının Məclisidir. Məclis cari işlərin təşkili və aparılması, onun Nizamnamə funksiyasını həyata keçirmək üçün sahə həmkarlar ittifaqının İcraiyyə Komitəsini seçir. İcraiyyə Komitəsinin iclasları zərurət olduqda, lakin üç ayda bir dəfədən gec olmayaraq çağırılır.

Federasiyanın fəaliyyətinin əsas istiqamətlərindən biri işçilərin sosial-iqtisadi hüquqlarının təminatı ilə bağlı işəgötürənlərlə aparılan ikitərəfli danışıqlar, sahə üzrə Tarif Sazişlərinin və Kollektiv Müqavilələrin bağlanmasıdır.

Federasiya həmkarlar ittifaqı üzvlərinin sağlamlığının möhkəmləndirilməsi, gənclərin bədən tərbiyəsi və idmana cəlb olunması istiqamətində Federasiyanın «Məhsul» Kənd Könüllü İdman Cəmiyyəti ilə sıx əməkdaşlıq edir.

Federasiya Tütün Sənayesi, Kənd Təsərrüfatı və müvafiq sahə işçilərinin Beynəlxalq İttifaqının üzvüdür. Federasiiya bu Beynəlxalq İttifaq ilə birgə 3 layihə həyata keçirmişdir.

Federasiya Türkiyə, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Özbəkistanın sahə həmkarlar ittifaqları ilə sıx əlaqələr qurmuşdur.

Avrasiya bölgəsində fəaliyyət göstərən sahə həmkarlar ittifaqlarının işçilərin qanuni hüquqlarının qorunması, layiqli əmək, azad, demokratik sosial ədalət prinsiplərinin təmin edilməsi sahəsində üzləşdikləri oxşar problemlərin həllinə dəstək verilməsi, bölgədə yerləşən transmilli şirkətlərlə danışıqların aparılması prosesində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin təşkilini həyata keçirmək məqsədi ilə bölgənin 12 ölkəsinin: (Türkiyə, Azərbaycan, Rumıniya, Çernoqoriya, Sarayevo, Kosova, Makedoniya, Serbiya, Orta Asiya, Gürcustan Respublikaları) sahə həmkarlar ittifaqları birləşərək Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyası yaratmasının təşəbbüskarlarından biri «Kənd-Qida-İş» Federasiyasıdır.

Avrasiya Federasiyası yuxarıda adları çəkilən ölkələri təmsil edən 21 sahə həmkarlar ittifaqlarını özündə birləşdirir. Avrasiya Federasiyasının mənzil qərargahı Türkiyənin İstambul şəhərində yerləşir. 31 avqust 2007-ci ildə Qurumun Təsis qurultayında Azərbaycan «Kənd-Qida-İş» Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev Avrasiya Federasiyasının vitse-prezidenti seçilmişdir.


FAYDALI KEÇİDLƏR