AZ | RU | EN

“İşçilərin tələbləri kollektiv müqavilədə əksini tapmalıdır”

05 Oct 2017

Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Hİ-nin IV qurultayının 2013-2017-ci illər üçün müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsi istiqamətində çox işlər görülüb.

İşəgötürənlər tərəfindən mövcud qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin təmin olunmasına səy göstərilib. İşçilərin qanuni mənafelərinin qorunması, Hİ orqanlarının səmərəli fəaliyyətinin təmin edilməsi sahəsində qanunvericilikdə edilmiş dəyişikliklər şuralara çatdırılıb, onların həyata keçirilməsi nəzarətə götürülüb. Məhz bunun nəticəsi olaraq Nəqliyyat Nazirliyi və "Azəravtoyol" ASC-də gedən köklü dəyişikliklər nəticəsində həm təşkilatların ləğvi, həm ixtisarla əlaqədar, həm də müdiriyyətin təşəbbüsü ilə işdən azadolunma zamanı bir sıra işçilərin hüquqlarının pozulmasının qarşısı alınıb".

Bu sözlər oktyabrın 5-də Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının V qurultayına hesabat məruzəsində deyilib. Hesabat məruzəsi ilə çıxış edən ittifaqın sədr müavini Əhməd Əhmədov bildirib ki, hesabat illərində nəqliyyat və yol təsərrüfatı sisteminin dinamik inkişafı həmkarlar ittifaqları qarşısında bir sıra həlli vacib məsələlər qoyulub. Onlardan ən vacibi mövcud həmkarlar ittifaqı təşkilatlarının qorunub saxlanması və yenilərinin yaradılmasıdır. Məsələn, işçilərin sayı 7 nəfərdən az olduğu üçün 2012-2017-ci illərdə 30 müəssisə ləğv edilib, 8-i digər müəssisələrlə birləşdirilib. Beləliklə, 11 həmkarlar ittifaqı komitəsi fəaliyyətini dayandırıb. Biz bunların əvəzində 13 təşkilat yarada bilmişik. Bu təşkilatların 10-u özəl müəssisələrdə təsis olunubdur.

Əlbəttə, yeni təşkilatların yaradılması gərgin dialoqlar, izahat və təbliğat işi hesabına başa gəlib. Müəssisələrdən ən fəal işçiləri müəyyənləşdirib onlarla məsləhətləşmələr aparılıb, birlikdə nədən başlayıb, necə hərəkət edəcəyimizi planlaşdırmışıq. İkinci, ən çətin addım müəssisə rəhbərləri ilə, necə deyərlər, "dil tapmaq" olub. Müəssisə rəhbərlərinə Əmək Məcəlləsinin tələblərinin yerinə yetirilməsinin istehsalatın inkişafına gətirəcək fayda barədə fikirlərimizi çatdırmışıq. Bir sözlə, həmkarlar ittifaqı təşkilatının yaradılması zərurətini əsaslandırmağa səy göstərmişik. Təbliğatımız nəticəsini verib. Müdiriyyətlər uzun çəkən söhbətlərdən sonra təklifimizlə razılaşıblar.

Ə.Əhmədov dedi ki, xidmətə götürdüyümüz müəssisələrin əksəriyyətinin rəhbərliyi həmkarlar ittifaqı təşkilatının istehsalın inkişafında oynadığı rolu görür və bu təşkilatla həvəslə əməkdaşlıq edir. Əməkdaşlığın nəticəsidir ki, ittifaqımızın 2012-2017-ci illərdə "Layiqli iş yeri, təhlükəsiz əmək" devizi altında keçirdiyi baxış-müsabiqədə onlarla müəssisə qalib adına layiq görülübdür. Onlara diplom, qiymətli hədiyyələr və pul mükafatları verilib.

Biz həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini gücləndirmək, lider və fəallarının peşəkarlığını artırmaq məqsədilə müxtəlif üsullardan istifadə edirik. Bu üsullardan biri də müsabiqələrdir. Hesabat illərində ittifaqımız tərəfindən "Əməyin mühafizəsi üzrə nümunəvi təşkilat", "Ən fəal həmkarlar ittifaqı komitəsi", "Ən peşəkar gənc yol işçisi", "Ən fəal qadın yol işçisi", "Ən yaxşı sürücü", "Ən yaxşı ekipaj", "Ən yaxşı mühəndis, texniki və inzibati işçi" və sair nominasiyalar üzrə keçirdiyimiz müsabiqələrdə üzv təşkilatlarımızın, demək olar ki, hamısı iştirak edibdir.
Məruzədə ittifaqın hesabat dövründəki fəaliyyətinin digər istiqamətləri də öz əksini tapıb.
Məruzə ətrafında çıxışlarda isə üzv təşkilatların son beş ildə qazandığı uğurlar, üzləşdikləri problemlərdən söz açılıb. Bütövlükdə ittifaqın 2012-2017-ci illərdəki fəaliyyəti müsbət qiymətləndirilib. Çıxışlarda Səttar Möhbalıyevin AHİK-in V qurultayında yenidən bu quruma sədr seçilməsi təklif olunub. Təklif qurultay nümayəndələri tərəfindən alqışlarla qarşılanıb.

Sonra söz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevə verilib.
S.Möhbalıyev çıxışında deyib ki,  mən həmkarlar ittifaqında işə bu kollektivdə başlamışam. O vaxtlar SSRİ cəmiyyətində totalitar idarəetmə sistemi mövcud idi. Buna baxmayaraq, Respublika Komitəsi demokratiya əsasında fəaliyyət göstərirdi. Yaxşı yadımdadır, Respublika Komitəsinə sədr seçkiləri keçiriləndə yuxarıdan namizəd göndərilmişdi. Nümayəndələrə tapşırılmışdı ki, həmin adama səs versinlər. Mənim də namizədliyim qeydə alınmışdı. Xətrimi istəyən insanlardan biri mənə dedi ki, nahaq özünə əziyyət vermə, onsuz da yuxarılar hər şeyi həll ediblər. İclas başladı. Seçki məqamı gələndə yuxarılardan tapşırıq alan nümayəndələrin hamısı təklif olunan şəxsin yox, mənim namizədliyimi dəstəklədilər. Açığı, bunu heç özüm də gözləmirdim. Bax, dürüstlük, ədalət, demokratiya budur. Təbii ki, mən bu insanların etimadını doğrultmaq üçün bütün əqli, fiziki imkanlarımdan maksimum istifadə etdim.

Səttar müəllim bildirib ki, 90-cı illərdə bütün həmkarlar ittifaqı təşkilatları, o cümlədən Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı çətin günlərini yaşadı.

Ölkədə gedən özəlləşmə prosesi yüzlərlə dövlət müəssisəsinin bağlanması və ya fəaliyyət istiqamətini dəyişməsi ilə müşayiət olundu. Bu da ittifaq üzvlərinin sayının azalması ilə nəticələndi. Ümummilli lider Heydər Əliyevin başladığı və Respublika Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi islahatlar iqtisadiyyatımızın yenidən dirçəlməsinə və müasir inkişaf səviyyəsinə yüksəlməsinə gətirib çıxardı. Həmkarlar ittifaqı təşkilaitları da bu islahatlardan yararlanaraq cəmiyyətin nüfuzlu və ən böyük ictimai təşkilatına çevrilməyi bacardı.

S.Möhbalıyev qurultaya məruzədə və məruzə ətrafında çıxışlarda səslənən təkliflərə, qaldırılan problemlərə də toxundu. Dedi ki, problemlərin ən doğru həlli yolu kollektiv müqavilələrdən keçir. Təbii ki, müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla, işçilərin tələbləri, maraqları kollektiv müqavilədə əksini tapmalıdır. Kollektiv müqavilənin öhdəliklərinin yerinə yetirilməsi gedişi ən azı ildə bir dəfə tərəflərin iştirakı ilə müzakirə olunmalıdır. Nöqsan varsa, qarşılıqlı şəkildə aradan qaldırılmalıdır. Bununla həm işçilərin sosial problemləri həllini tapar, həm də istehsal inkişaf edər.

AHİK sədri bu gün həmkarlar ittifaqı təşkilatlarını narahat edən bir çox məsələlər barədə də danışdı. Yeni seçiləcək heyətə tövsiyələrini verdi.
Sonra təşkilati məsələyə baxıldı. Etibar Əliyev yekdilliklə yenidən sahə həmkarlar ittifaqının sədri, Əhməd Əhmədov isə sədr müavini seçildilər.

 

FAYDALI KEÇİDLƏR