BƏT-nin konvensiyalarının müzakirəsi aparılıb

846

Noyabrın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən “Beynəlxalq Əmək Təşkilatının (BƏT) 155 və 187 saylı konvensiyalarının təşviqi” və “105 saylı konvensiyanın tətbiqində həmkarlar ittifaqlarının rolu” mövzusunda keçirilən seminarların yekununa həsr edilmiş tədbir keçirilib.

Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan tədbirdə BƏT-nin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva bürosunun Baş mütəxəssisi Qoça Aleksandriya, AHİK-in şöbə müdirləri və üzv təşkilatların əməkdaşları iştirak ediblər.

Öncə AHİK-in şöbə müdirinin müavini Əli Cəfərov seminarın proqramını və mövzusunu iştirakçıların diqqətinə çatdırıb.

Q.Aleksandriya BƏT-nin məcburi əməyə qarşı 105 saylı konvensiyasının mahiyyəti, tətbiqinin zəruriliyi, əldə olunacaq nəticələrin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Sonra AHİK-in şöbə müdrləri – Leyla AcalovaNamiq Hüseynov BƏT-nin məcburi əməyin ləğv edilməsi ilə bağlı Azərbaycanın regionlarında keçirilən seminarların yekunları barədə, şöbə müdrinin müavini Əli Mədətov isə BƏT-nin 155 saylı  (Əməyin təhlükəsizliyi və gigiyenası haqqında) və 187 saylı (Əməyin təhlükəsizliyi və sağlamlığı konvensiyası üçün təşviq çərçivəsi) konvensiyalarının təşviqi haqqında geniş məruzə ilə çıxış ediblər.

Bildirilib ki, AHİK məcburi əməyin ləğv edilməsi haqqında konvensiyanın praktikada tətbiqi ilə bağlı bir sıra tədbirlər görüb, o cümlədən beynəlxalq və yerli toplantılar təşkil edib, geniş müzakirələr aparılıb, paytaxtda və regionlarda seminarlar keçirib, maarifləndirmə işi aparıb.

BƏT-nin 155 və 187 saylı konvensiyaları ilə bağlı qeyd olunub ki, 155 saylı konvensiyanın əsas prinsip və müddəaları Azərbaycan qanunvericiliyində nəzərdə tutulub, konvensiya Azərbaycan dilinə tərcümə olunub, mütəxəssislər tərəfindən baxılıb, müvafiq dövlət qurumları ilə razılaşdırılıb. Sosial tərəfdaşlar da konvensiyanın Azərbaycan tərəfindən ratifikasiya edilməsini dəstəkləyiblər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası iş yerlərində əməyin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş nəzarət-profilaktika tədbirlərinin gücləndirilməsi və müəssisələrdə əməyin mühafizəsinin yüksək səviyyəsinin təmin edilməsinə işəgötürənlərin marağının artırılması üçün qanunvericilik və normativ aktlara əlavə və dəyişikliklərin edilməsini vacib hesab edir. Vurğulanıb ki, hazırda sözügedən konvensiya üzərində işlər yekunlaşmaq üzrədir və yaxın zamanlarda ratifikasiya edilməsi nəzərdə tutulur.

Həmçinin bildirilib ki, 187 nömrəli (Əməyin təhlükəsizliyi və sağlamlığı konvensiyası üçün təşviq çərçivəsi) konvensiyanın ratifikasiya edilməsi üçün Azərbaycanda qanunvericilik bazası var, bunun üçün araşdırmalar aparılmalı, bu sahədə ölkələrin təcrübələri öyrənilməli və maddi-texniki köməklik göstərilməsi üçün müvafiq razılaşmalar əldə edilməlidir.

Eləcə də əməyin mühafizəsi və sağlamlığı üzrə prioritet və fəaliyyət vasitələrini özündə birləşdirən Milli Proqram hazırlanmalı, təhlükəsiz və sağlam əmək şəraiti daha da təkmilləşməli və sosial tərəfdaşların bu istiqamətdə fəal iştirakı olmalıdır.

Çıxışlardan sonra mövzular ətrafında geniş müzakirə və fikir mübadiləsi aparılıb, rəy və təkliflər səslənib.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi