AZ | RU | EN

Həmkarlar ittifaqı fəalları öz təcrübələrini bölüşdülər

14 Apr 2016

Aprelin 12-də Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) xətti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə "İqtisadi böhranın dərinləşməsi şəraitində həmkarlar ittifaqının fəaliyyəti və perspektivləri" mövzusunda beynəlxalq seminar keçirilib.

Seminarın keçirilməsində məqsəd Azərbaycan həmkarlar ittifaqlarının vəziyyətinin və fəaliyyətinin təhlili, iş yerlərində həmkarlar ittifaqı üzvlərinin maraq və hüquqlarının müdafiəsini təmsil etməkdə həmkarlar ittifaqlarının bacarıqlarının möhkəmləndirilməsinin istiqaməti və yollarının müəyyənləşdirilməsidir.
Seminarı AHİK sədrinin birinci müavini İlyas Əliyev açaraq gündəlikdə duran məsələlərin müzakirəsində iştirak edən sahə həmkarlar ittifaqının nümayəndələrinə səmərəli fəaliyyət arzulayıb. İ. Əliyev deyib ki, gələcək fəaliyyətimiz üçün bu seminar baza rolunu oynayacaq. Ona görə də bu istiqamətdə mütləq öz fikir və mövqelərimizi bildirməliyik. Dialoq və fikir mübadilələri ilə zəngin keçən seminarda qonaqların təcrübəsindən daha məqsədli şəkildə yararlanmaq lazımdır.
Seminarda BƏT-in işçilərin fəaliyyəti üzrə baş mütəxəssisi Sergius Qlovaskas təmsil etdiyi qurum və onun fəaliyyəti haqqında məlumat verib. Seminar nəticəsində müəyyən təcrübə qazanılacağına əminliyini bildirib. Həmçinin bu görüşün daha bir məqsədinin həmkarlar ittifaqı təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi olduğunu qeyd edib: "Təbii ki, Azərbaycanda bu sahədə problem yoxdur. Əsas məqsədimiz layiqli əmək şəraitinin yaradılması, işçilərin hüquqlarının qorunması və sosial məsələlərin həll edilməsidir. Kollektiv müqavilələrin yeni yaradılan müəssisələrdə tətbiqinə nail olmaq lazımdır. Ümumiyyətlə, iyirmi birinci əsrdə əmək necə olmalıdır və onun barəsində ictimai rəy hansı formadadır kimi mülahizələrə aydınlıq gətirilməlidir.
BƏT-in eksperti Vsevolod Barbaneaqra bu tədbirdən gözləntilərinin nədən ibarət olacağını deyib. Qeyd edib ki, problemlərin aradan qaldırılması üçün elə yol müəyyənləşdirilməlidir ki, maneələr olmasına baxmayaraq, həmkarlar ittifaqları inkişaf etsin. İşçilərin hüquqları qorunsun, onların sosial problemləri həllini tapsın. İlk növbədə bir-birimizi bu sahədə olan vəziyyət barəsində məlumatlandırmalıyıq. Konkret həmkarlar ittifaqı təşkilatının hər bir üzvünün fəaliyyətinin nədən ibarət olacağı aydınlaşdırılmalıdır. Əlbəttə, bu suallara cavab tapsaq və onu reallaşdırsaq müsbət nəticələrə nail ola bilərik.
Daha sonra qruplar şəklində müzakirələr aparılıb. Qruplarla iş zamanı müasir həmkarlar ittifaqı və onun əsas prinsip və istiqamətləri, sosial tərəfdaşlıq haqqında diskussiyalar olub. Həmçinin həmkarlar ittifaqının güclü və zəif tərəfləri, səviyyəsinin təhlili, zəif tərəflərin azaltma yollarının axtarışı, güclü tərəflərin möhkəmləndirilməsi və həmkarlar ittifaqı fəaliyyətinin səmərəliliyinin artırılması yollarının axtarışı barədə seminar iştirakçıları geniş fikir mübadiləsi aparıb, öz rəy və təkliflərini həmkarlarının diqqətinə çatdırıblar.
Seminarın işi üç gün davam edib.

FAYDALI KEÇİDLƏR