AZ | RU | EN

Gender siyasətinin ölkənin ümumi inkişaf strategiyasına inteqrasiya olunması və cəmiyyətdə qadınların rolunun artırılması proseslərində Azərbaycan Həmkarlar İttifaqlarının iştirakı barədə ARAYIŞ

04 Aug 2004

barədə qərarını və AHİK-in II qurultayında (05-06 fevral 2003-cü il) qəbul edilmiş «Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinin əsas istiqamətləri»ni rəhbər tutaraq ölkə iqtisadiyyatının bütün sahələrinə gender siyasətinin (qadın və kişilərin bərabər hüquq və imkan azadlıqları) inteqrasiya olunması, qadınların ictimai həyatda rolunun artırılması proseslərində yaxından iştirak edirlər. Bu proseslərin respublikamızda gender siyasətini və qadın hüquqlarını qoruyan və tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşması, ölkə iqtisadiyyatının inkişafını təmin edən 10-dan artıq dövlət proqramının (kiçik və orta sahibkarlığın inkişafı, yoxsulluğun azaldılması, Avropa Sosial Xartiyasında nəzərdə tutulmuş normaların tətbiqi, turizmin inkişafı və d. proqramlar) həyata keçirilməsi fonunda baş verdiyini əsas tutaraq həmkarlar ittifaqları dövlət idarəetmə və qanunvericilik orqanları ilə münasibətlərini ölkədə davamlı vətəndaş cəmiyyətinin inkişafı vacibliyini nəzərə alaraq qururlar. Həmkarlar ittifaqları dövlətlə əməkdaşlığın əsas prinsipini sosial partnyorluqda görür, onlar mövcud imkanlardan və həmkarlar ittifaqlarına verilmiş hüquqlardan səmərəli istifadə edərək, ölkənin iqtisadi cəhətdən güclü dövlətə çevrilməsi, onun beynəlxalq iqtisadi sistemə inteqrasiya olunması, əhalinin sosial problemlərinin həlli və güzaranının daha da yaxşılaşdırılması istiqamətində səylərini artırırlar. Məlumdur ki, ölkəmizdə gender bərabərliyinin əsasları Azərbaycan Respublikası Konstitusiyasında qoyulmuşdur. Konstitusiyanın 25-ci maddəsində vurğulanır ki, respublikamızda kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Bundan əlavə, respublikamızda qadın hüquqlarını qoruyan qanunvericilik bazası mövcuddur. Lakin o da məlumdur ki, əhalinin, o cümlədən qadınların bir çox hallarda qanunlar və onlara verilən hüquqlar barədə lazımi dərəcədə məlumatları olmur və buna görə də onlar yeri gələndə öz mənafelərini müdafiə edə bilmirlər. Məhz buna görə də həmkarlar ittifaqları əməkçilərin, ümumiyyətlə əhalinin ölkə qanunvericiliyi, o cümlədən gender aspektləri üzrə maarifləndirilməsinə öz fəaliyyətlərində xüsusi yer ayırır. Bu işdə həmkarlar ittifaqlarının mətbu orqanı olan «Ülfət» qəzetindən geniş istifadə olunur. Burada «Hüquq məsləhətxanası» rubrikası altında vətəndaşların çoxsaylı suallarına peşəkar hüquqşünasların cavabları, ölkədə qəbul olunan qanunlar haqqında məlumatlar, gender və qadın problemlərinin həllinə dair beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının iş təcrübəsi və s. dərc olunur. AHİK-in şöbələri, sahə həmkarlar ittifaqı Respublika orqanları (Federasiya, İttifaq, Komitə) əhaliyə pulsuz hüquq məsləhəti verilməsi təcrübəsini davam etdirərək bir başa əmək kolektivlərində hüquqşünas məsləhəti saatlarını təşkil edir, şəhər və rayonlarda müxtəlif mövzulara həsr olunmuş seminar, treninq, dəyirmi masa ətrafında müzakirələr təşkil edirlər. 2003-cü ildə həmkarlar ittifaqı Respublika orqanları müvafiq üzv təşkilatları ilə birlikdə Bakı, Gəncə, Naxçıvan, Mingəçevir, Sumqayıt, Əli bayramlı şəhərlərində, həmçinin Quba, Qusar, Xaçmaz, Qax, Ağdaş, Saatlı, Şəmkir və bir sıra digər rayonlarda, qadın və gender problemlərinə həsr olunmuş 200-dən çox tədbir keçirmiş, bu tədbirlərdə 6200-dək adam iştirak etmişdir.

Eyni zamanda izahat işini həmkarlar ittifaqlarının strukturlarında yaradılan gender bərabərliyi və qadın problemləri ilə məşğul olan komissiyalar həyata keçirir. Bu komissiyalar AHİK İcraiyyə Komitəsinin qərarı (16 dekabr 2003-cü il tarixli, N 5 b. 4) ilə təsdiq olunmuş Əsasnaməyə uyğun fəaliyyət göstərir, müxtəlif işlərlə yanaşı əməkçilərə gender bərabərliyi aspektləri, qadın hüquqları, ana və uşaqların mühafizəsinə dair dövlət siyasəti, atalıq və analıq şərəfinin qorunmasının vacibliyi və s. barədə məlumatların çatdırılmasına nail olurlar.

Son illər aparılan dövlət siyasəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və beynəlxalq iqtisadi sistemə inteqrasiyası üçün əlverişli şərait yaradılmışdır. Əhalinin, xüsusi ilə aztəminatlı təbəqələrin sosial müdafiəsinin yaxşılaşdırılması üçün bir çox əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Lakin əhalinin yoxsulluğu problemi və onu törədən başlıca səbəblərdən biri olan işsizlik respublika üçün aktual olaraq qalmaqdadır. Həmkarlar ittifaqları ölkəmizdə yoxsulluğun azaldılması, əmək bazarının formalaşması və əhalinin məşğulluğunun vəziyyəti məsələlərini daim diqqət mərkəzində saxlayır, bu problemlərə dair sənədlərin hazırlanmasında iştirak edir, müxtəlif səviyyələrdə aparılan müzakirələrdə mövqeyini bildirirlər. Belə ki, həmkarlar ittifaqlarının təşəbbüsü ilə Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanan Baş Kollektiv Sazişə digər sosial məsələlərlə bərabər «Əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatları» adlı ayrıca bölmədə məşğulluğa aid öhdəliklər daxil edilmişdir.

Bundan əlavə, hazırda «Azərbaycan Respublikasının Məşğulluq Strategiyası» layihəsi hazırlanır və bu işə bütün sosial tərəfdaşlar, o cümlədən AHİK cəlb olunmuşdur. Bu sənəd məşğulluq strategiyası çərçivəsində ölkəmizdə həyata keçiriləcək tədbirlərin ilk növbədə yoxsulluğun azaldılmasına və əhalinin gəlirlərinin yüksəldilməsinə doğru istiqamətləndirir. Eyni zamanda, bu sənəddə müasir dövrdə Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri olan gender sahəsində müşahidə edilən qeyri-bərabərliyin (gender assimetriyasının) aradan qaldırılmasının vacibliyi vurğulanır və ayrıca, «Qadınların məşğulluğuna köməklik» adlı bir bölmə verilir. Bu bölmədə kiçik sahibkarlığın inkişafında gender bərabərliyinin təmin edilməsinə nail olunması, qadın sahibkarlara güzəştli şərtlərlə mikrokreditlərin verilməsi, uşaqlı qadınlar üçün kvota üzrə iş yerlərinin müəyyən edilməsi və s. nəzərdə tutulması planlaşdırılır.

Qeyd etmək lazımdır ki, məşğulluq sahəsində həmkarlar ittifaqlarının və işəgötürənlərin iştirakı «Məşğulluq haqqında» Azərbaycan Respublikası qanununda təfsilatla müəyyən olunmuşdur.
Həmkarlar ittifaqları sosial-əmək münasibətlərində gender bərabərliyi aspektlərini ilk növbədə qadın və kişilərin azad seçimli, təhlükəsiz və layiqincə qiymətləndirilən (ödənilən) iş yerləri ilə təmin olunmasında görürlər. Bu baxımdan sosial-əmək münasibətlərinə dair sahə, müəssisə, təşkilat və d. səviyyələrdə aparılan danışıq proseslərində sosial partnyorluq mexanizmlərinin işləməsinə, danışıqlar prosesində bağlanan saziş və müqavilələrdə gender normalarının və aspektlərinin gözlənilməsinə xüsusi diqqət yetirilir. Bu işdə üzv təşkilatlarına köməklik göstərmək məqsədi ilə AHİK «2004-2005-ci illər üçün sahə (tarif) sazişləri və kollektiv müqavilələr bağlanarkən həmkarlar ittifaqlarının mövqeyini əks etdirən Tövsiyələr» hazırlayıb yerlərə göndərmiş, həmçinin bu sənəd «Ülfət» qəzetində (13 fevral 2004-cü il tarixli) dərc edilmişdir. Bu sənəddə gender bərabərliyinə dair tövsiyə olunan öhdəliklərə ayrıca bir maddə həsr olunmuşdur.

Eyni zamanda həmkarlar ittifaqları gender sahəsində qeyri-bərabərliyi (gender assimetriyasını) doğuran səbəbləri araşdırılıb üzə çıxarılmasına və bu səbəblərin aradan qaldırılmasına təsir göstərməyə çalışırlar.

Bu məqsədlə onlar, Dövlət Statistika Komitəsinin 2000-ci ildən başlayaraq nəşr etdiyi gender statistikası və 2001-ci ildən həmkarlar ittifaqlarının strukturlarında qəbul olunan kişi və qadınların vəziyyətini səciyyələndirən illik statistik məlumatlardan geniş istifadə edir, mütəmadi olaraq müxtəlif sahələr üzrə statistik göstəricilərin təhlilini aparır, problemə dair müvafiq səviyyələrdə keçirilən müzakirələrdə iştirak edərək mövqeyini bildirir, yerlərdə qəbul olunan qərar və əmrlərdə gender tələblərinin gözlənilməsinə səy göstərirlər. Gender bərabərliyi prinsipi ictimai həyatın müxtəlif sahələrində kişi və qadınların hüquq və imkan bərabərliyi prinsipi kimi qərarlaşmasının vəziyyətini rəqəmlərdə daha aydın görmək olar. Belə ki, Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, 2004-cü ilin əvvəlinə ölkə əhalisinin 4,218 mln. nəfəri və yaxud 51 faizi qadınlardır, onlar iqtisadiyyatın demək olar bütün sahələrində çalışır və məşğul əhali arasında xüsusi çəkisi 48 %-dir. Eyni zamanda, respublikada 55 min nəfər işsiz statusu alanlardan 53,1 %-i qadınlardır. Ümumtəhsil məktəblərində müəllimlərin 70 %-i qadınlardır, məktəb direktorları sayında isə qadınlar 17 %, direktor müavinləri sayında 36 % təşkil edirlər. Həmkarlar İttifaqlarının 01 yanvar 2004-cü il tarixinə olan statistik göstəricilərinə uyğun olaraq ümumi üzvlərinin sayında qadınlar 42,14%, həmkarlar ittifaqlarında bütün səviyyəli rəhbər vəzifələrdə (pullu aparatlarda və ictimai əsaslarla prezident, sədr, müavinləri, şöbə müdirləri və d. vəzifələrdə) çalışanların sayında isə qadınlar 28,9 % təşkil edirlər. O cümlədən, Kimya Sənayesi İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi üzrə cəmi üzvlərinin sayında qadınlar 42 %, rəhbər vəzifələrdə 15,4%; Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı üzrə cəmi üzvlərinin sayında qadınlar 50 %, rəhbər vəzifələrdə 17 %; Naxçıvan Muxtar Respublikası Hİ Şurası üzrə cəmi üzvlərinin sayında qadınlar 43,1 %, rəhbər vəzifələrdə 9,5 % təmsil olunmuşlar. Həmkarlar ittifaqlarının «Kurort» Səhmdar Cəmiyyətinin, Turizm və Ekskursiyalar Şurasının, AHİTA-nın aparat işçiləri sırasında rəhbər vəzifələrdə çalışanların ümumi sayında qadınlar, müvafiq olaraq, 26,5 %, 33 % və 20 % təşkil edirlər.

Bebəliklə, gender assimetriyasının mövcudluğu bir çox hallarda nəzərə çarpır. Lakin onu da qeyd etmək lazımdır ki, ölkəmizdə aparılan iqtisadi islahatlar, qurucq işləri, əhalinin hüquqi maarifləndirilməsi və d. proseslər gender assimetriyasının aradan qaldırılmasına nəzərə çarpan dərəcədə təsir göstərir.

Yenə rəqəmlərə müraciət edək.


1995-2002-ci illərdə iqtisadiyyatda çalışan qadınların sayı 8,4 % artmışdır. 2001-ci ilə nisbətən 2004-cü ilin əvvəlinə qeydiyyata alınmış işsizlər sırasında qadınların xüsusi çəkisi 2 % azalmışdır.
Həmkarlar ittifaqları sistemində rəhbər vəzifələrdə çalışan qadınların sayı ötən ilə nisbətən 4 % artmışdır.

Bu kimi misalları çox göstərmək olar. Ölkəmizin iqtisadi, siyasi və ictimai həyatının bütün sahələrində gender tarazlığının təmin olunması istiqamətində arzu olunan nailiyyətlər əldə etmək üçün dövlət səviyyəsində görülən işlərlə yanaşı, qeyri-dövlət təşkilatlarının, bütün cəmiyyətin birgə səyi və istəyi olmalıdır. Bu baxımdan, həmkarlar ittifaqları sosial partnyorluğun inkişafı və kollektiv müqavilələr münasibətlərinin rolunun artırılmasına, sosial yönümlü qanun və fərman layihələrinin gender ekspertizasından keçməsinə, qadınların ictimai həyatda daha fəal iştirakını təmin etmək üçün onların həmkarlar ittifaqları üzvülüyünə cəlb edilməsinə daha çox diqqət yetirirlər. Qadınların həmkarlar ittifaqı üzvlüyünə cəlb olunmasına diqqətin artırılması həm də ona görə vacibdir ki, son illər ictimai və özəl sektorların geniş surətdə inkişafı nəticəsində yeni yaradılmış iş yerlərində, xüsusən xarici və birgə özəl müəssisələrdə, fərdi və ailəvi kəndli (fermer) təsərrufatlarında, ev təsərrüfatı xidmətləri və s. işlərdə çalışanların böyük əksəriyyəti qadınlardır və burada onlar bir çox hallarda heç bir müqavilə olmadan, qeydiyyatsız işləməyə məruz qalırlar. Bu şəraitdə iş yerlərində qadınların hüquqları pozulduqda belə, onların müdafiə olunmaları barədə müraciətləri çox az olur. Bunlar əksər hallarda, göstərilən sahələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılmamasının nəticəsidir. İşçinin isə məhkəməyə müraciət etməməsi, bir çox hallarda vəsaitin və vaxtın sərfi ilə bağlılığı əməkçinin öz hüquqları barədə məlumatı olmaması və s. ilə izah olunur. Məhz buna görə, AHİK üzv təşkilatlarına (sahə həmkarlar ittifaqı Respublika orqanlarına) tövsiyə etmişdir ki, əməkçilərin fəaliyyət növündən asılı olmayaraq, onları həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi işini davam etdirsinlər.

Həmkarlar ittifaqları qadınlara cəmiyyətdə fəal iştirak etmələri, bilik və dünyagörüşlərinin artırılması, onlarda lider keyfiyyətlərinin formalaşması üçün geniş imkanlar yaradırlar.

Aşağıdakılar bunun əyani sübutudur. Beləki, ötən ilin əvvəlində keçirilmiş AHİK-in II qurultayı nümayəndələrinin 24% (87 nəfər) qadınlar olmuşdur. AHİK-in Məclisinin 19%-i (25 nəfər), sahə həmkarlar ittifaqı Respublika orqanları rəhbərlərinin isə (sədr və müavinləri) 27%-i - qadınlardır.
Həmkarlar ittifaqlarının bilik və bacarıqlarının yüksəldilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə, həmkarlar ittifaqları üçün kadrlar hazırlayan Moskva Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı filialında peşə hazırlığının yüksəlməsi üzrə ixtisaslaşdırma kursları fəaliyyət göstərir, burada müxtəlif istiqamətlər üzrə, o cümlədən gender və qadın problemlərinə aid mövzular üzrə biliklər verilir. Bu təhsil ocağının imkanlarından bundan sonra da geniş istifadə olunmalıdır.

Həmkarlar ittifaqlarının və onların xidmətindəki idarə, müəssisə və təşkilatların balansında olan 64 mədəniyyət müəssisəsi (klub, Mədəniyyət Evi və Sarayı) və 56 kitabxanası qadınların, onların ailə üzvlərinin, xüsusən uşaqlarının asudə vaxtlarının səmərəli keçirilməsinə, onların mədəni və intellektual səviyyələrinin yüksəldirilməsinə xidmət edirlər. Burada görkəmli, müxtəlif sahələrdə ad-san qazanmış qadınlara həsr olunmuş görüşlər keçirilir; gənc qızlara dərzilik, bərbərlik, ilk tibbi yardım edilməsi və s. sənədlər öyrədilir; incəsənətin müxtəlif növləri üzrə özfəaliyyət dərnəkləri fəaliyyət göstərir; uşaq və yeniyetmələrin istedadını üzə çıxarmaq üçün müsabiqələr, viktorinalar, vətənpərvərliyə sövq edən oyunlar və d. tədbirlər təşkil olunur.

Hazırda həmkarlar ittifaqları ölkəmizdə ilk kollektiv müqavilənin («Mazut» müqaviləsinin) imzalanmasının 100 illik yubileyinin qeyd edilməsinə hazırlaşırlar (AHİK-in 13 fevral 2004-cü il tarixli, N 6 b.8 qərarına bax). Belə ki, tarixdən məlum olduğu kimi, XIX əsrin sonlarında Bakı artıq neft sənayesinin mərkəzinə çevrilmişdir. O zaman Bakı fəhləsinin özəyini neftçıxarma mədənləri və neftayırma zavodları fəhlələri təşkil edir, onların iş rejimi olduqca ağır, əmək haqları cüzi, yaşayış - məişət şəraitləri dözülməz olmuşdur. Digər sahələrdə işləyən fəhlələrin də vəziyyəti eynilə acınacaqlı idi. Bu şəraitdə Bakı fəhlələrinin narazılığı artır, onlar öz hüquqlarının müdafiəsinə qalxır, genişmiqyaslı mütəşkkil tədbirlər keçirirdi. 1904-cü ilin dekabr ayında Bakı fəhlələrinin keçirdiyi ümumi tətili nəticəsində neftçi fəhlələrlə neft sahibkarları arasında «Mazut» müqaviləsi kimi tanınmış ilk kollektiv müqavilə imzalandı. Bununla da əməkçilərin sosial- iqtisadi hüquqlarının qorunması işində, indiyədək tətbiq olunan, vacib bir sənədin (əməkçilər ilə işəgötürən arasında bağlanan kollektiv müqavilənin) əsası qoyuldu. Son illər həmkarlar ittifaqları ilə işəgötürənlər arasında bağlanan kollektiv müqavilələrə, sosial partnyorlar arasında imzalanan sazişlərə gender bərabərliyinin gözlənilməsinə və iş yerlərində qadınlara kişilərlə bərabər hüquq və imkanlara nail olmaları üçün şəraitin yaradılmasına dair öhdəliklərin daxil edilməsi bu problemlərə diqqətin çoxalmasına, qadınların cəmiyyətdə nüfuzunun artmasına, onların rəhbər vəzifələrə irəli çəkilməsinə və s. səbəb olmuşdur.

Azərbaycan Həmkarlar İttifaqları gender siyasətinin iqtisadiyyatın bütün sahələrində reallaşması və qadınların hüquqlarının qorunması istiqamətində əldə etdikləri iş təcrübəsini təkmilləşdirərək fəaliyyətlərini davam etdirəcəklərini bildirirlər. Bu arayış hazırlanarkən sahə həmkarlar ittifaqı Respublika orqanlarının (Federasiya, İttifaq, Komitə) gender bərabərliyinin təmin olunması və qadın hüquqlarının qorunması işində fəaliyyətləri barədə AHİK-ə təqdim etdikləri məlumatlarından və illik statistik hesabatlardan (Forma N GS-1 üzrə) geniş istifadə olunmuşdur.

2004-cü il, 01 yanvar tarixinə həmkarlar ittifaqları strukturlarında qadın və kmşilərin vəziyətlərini səciyyələndirən bəzi statistik göstəricilər 1 saylı cədvəldə (əlavə olunur) verilmişdir.

FAYDALI KEÇİDLƏR