AZ | RU | EN

“Freedom House” Azərbaycana qarşı qərəzli xislətini bir daha göstərdi

23 Jan 2013

 

Azərbaycana qarşı hər zaman qərəzli və qeyri-obyektiv mövqe nümayiş etdirən bəzi beynəlxalq qeyri-hökumət təşkilatları arasında “Freedom House” təşkilatı bir qayda olaraq ön sırada gedir. Bu təşkilat ənənəvi olaraq, öz hesabatlarında Azərbaycanla bağlı həqiqəti əks etdirməyən məlumatlara, məqamlara daha çox və geniş yer verir və bununla da Azərbaycana qarşı qərəzli mövqe tutan, ölkəmizin dünyadakı artan nüfuzuna və imicinə qısqanc yanaşan, uğurlarımızı, nailiyyətlərimizi gözü götürməyən daurələrin, beynəlxalq qeyri-hökumət təşkilatlarının mövqeyini ifadə etmiş olur. Həmin qüvvələr isə hər vəchlə  Azərbaycan dövlətini dünya birliyinin, beynəlxalq ictimaiyyətin gözündən salmağa, onun nüfuzuna, imicinə zərbə vurmağa çalışanlardır.

“Beynəlxalq insan haqları təşkilatı” adlanan bu qurum 2013-cü ildə yaydığı hesabatında ənənəsinə sadiq qalaraq növbəti dəfə Azərbaycanı “azad olmayan” ölkələr sırasına daxil edib. Bunun nə dərəcədə əsassız olduğunu sübut etmək üçün bircə fakta diqqət yetirmək kifayətdir. Belə ki, təşkilat erməni separatçılarının əlində olan Dağlıq Qarabağa Azərbaycandan fərqli olaraq “qismən azad” ölkələrin siyahısında yer verib. Sözügedən təşkilatın tanınmamış “Dağlıq Qarabağ” rejimini öz siyahısına salmağı onun Azərbaycana münasibətinin göstəricisi sayıla bilər.

Əslində “Freedom House”nin fəaliyyəti, onun hesabatları bu təşkilatın müəyyən siyasi maraqlara xidmət etdiyini və ayrı-ayrı ölkələrlə, o cümlədən Azərbaycanla bağlı konkret olaraq sifariş yerinə yetirdiyini göstərir. Bu təşkilatı beynəlxalq səviyyəli hüquq-müdafiə təşkilatı adlandırmağın özü insan haqlarına hörmətsizlikdir.

İnsan haqlarının müdafiəsi adı altında gizlənən bu təşkilat, əslində öz məkrli fəaliyyəti ilə insan hüquqlarının aliliyi prinsipinin, insanların təhlükəsiz yaşamaq hüququnun təmin edilməsinə böyük zərbə vurur. Qondarma, işğalçı rejimi “qismən azad” ərazi kimi göstərmək istəyən “Freedom House” həmin rejimin Dağlıq Qarabağdakı erməni əhalisini də qorxu altında saxladığını bilməmiş deyil. Burada insan haqlarından və azadlıqlarından danışmağına dəyməz. Bu ərazi faktiki olaraq Ermənistanın işğalçı rejiminin və ona himayə edən dairələrin bir poliqonudur, narkotik maddələr istehsal edən, quldurluqla məşğul olan, kriminallaşmış bir ərazidir. Burada yaradılmış oyuncaq rejimin başında duranların hamısı demək olar ki, hərbi cinayətkarlar, vaxtilə azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş şəxslərdir. “Freedom House” isə öz hesabatında o qədər ermənipərəst mövqedən çıxış edir ki, Ermənistan kimi bir rejimi də “qismən azad” ölkələr sırasına daxil edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hesabatda Azərbaycan haqqında verilmiş məlumatları qərəzli hesab edir və  ölkəmizdə baş verən müsbət hadisələrə reallıqdan uzaq, qeyri-obyektiv mövqedən yanaşma kimi qiymətləndirir.

Birmənalı şəkildə qeyd edirik ki, bu kampaniyanın arxasında Azərbaycanın beynəlxalq miqyasda getdikcə artan nüfuzuna zərbə vurmaq məqsədi daşıyan ermənu lobbisi və bəzi antiazırbaycan dairələr dayanırlar.

Ancaq heç kim, heç bir qüvvə Azərbaycanı öz tutduğu inkişaf və demokratiya yolundan döndərə bilməz. Bu yol Azərbycan xalqının, Azərbaycan dövlətinin öz seçimidir. Bu yolu biz özümüz şüurlu olaraq seçmişik və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə də inamla gələcəyə doğru irəliləyirik. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz və bu yöndəki cəhdlər də heç bir səmərə verməyəcəkdir.

 

 

Səttar Mehbalıyev

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı

 

"Azərbaycan" qəzeti 22.01.2013

"Xalq" qəzeti 22.01.2013

FAYDALI KEÇİDLƏR