AZ | RU | EN

“Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi”

07 Sep 2017

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə "Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi" mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişaf Mərkəzinin məlumatına əsasən, dünyada iqtisadi fəal əhalinin yarısından çoxu, yəni 1,8 milyard nəfər, əmək müqaviləsi bağlamadan, başqa sözlə, sosial müdafiə ilə əhatə olunmadan çalışır.

Əmək bazarında qeyri-formal əmək münasibətlərinin mövcudluğu, milli qanunvericilikdə dəqiq müəyyən olunan hüquq pozuntusu olaraq, ölkələrdə əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə mənfi təsir göstərir, layiqli əməyin dəstəklənməsi və nəticə etibarilə əmək məhsuldarlığının yüksəldilməsi üçün çətinliklər yaradır. Bunu dərk edərək Azərbaycan hökuməti sosial tərəfdaşları, vətəndaş cəmiyyətinin nümayəndələrini və elmi tədqiqtçıları cəlb edərək, problemin tezliklə aradan qaldırılması üçün birgə səyləri səfərbər edib zəruri addımlar atır: "Qeyd olunan hədəflərə nail olmaq üçün dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə aidiyyəti dövlət orqanlarının, Azərbaycan həmkarlar ittifaqlarının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbərləri səviyyəsində Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Katiblik yaradılıb”.

Nazir bildirib ki, sığorta prinsipinə əsaslanan və iqtisadi fəallığı təşviq edən sosial təminat sisteminin qurulmasını ehtiva edən pensiya islahatları, icbari tibbi sığorta sisteminin tətbiqi, müstəqil işsizlikdən sığorta sisteminin yaradılması əmək münasibətlərinin leqallaşmasına, məşğulluq sahəsində dövlət siyasətinin həyata keçirilməsinə nəzarətin gücləndirilməsinə təkan verdi: "Azərbaycanda 2014-cü ildən fəaliyyət göstərən əmək müqavilələrinin elektron qeydiyyatı sistemi əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə, əmək müqavilələrinin bağlanmasında formal yanaşmaların aradan qaldırılmasına, işçinin hazırkı əmək və gələcək sosial təminat hüquqlarını sual altında qoyan qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınmasına böyük imkanlar yaradıb. Onu da deyim ki, bu sistem Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən "İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2017 Mükafatları" müsabiqəsində İKT-nin tətbiqi üzrə Azərbaycana ilk mükafatı qazandırıb".

Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov dövlətimizin uğurlu sosial-iqtisadi inkişaf strategiyası  nəticəsində əldə olunan nailiyyətlərdən bəhs edib. Bildirib ki, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının qarşısında duran əsas vəzifələrdən biri də qeyri-formal məşğulluq hallarının aradan qaldırılması üçün dövlət orqanları arasında koordinasiya olunmuş siyasət müstəvisində çevik və səmərəli tədbirlərin reallaşdırılmasıdır. Hər bir işçi işəgötürən tərəfindən əmək münasibətlərinə cəlb olunarkən ilk növbədə bu münasibətlərin rəsmiləşdirilməsi təmin edilməlidir. Əks halda qeyri-formal məşğulluq halı yaranır ki, bu da işçinin əmək və ümumən sosial hüquqlarının kobud şəkildə pozulmasına, o cümlədən onun gələcəkdə  pensiya hüququndan məhrum olmasına, işəgötürənin isə işçi qarşısında qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərdən,  vergi, sosial və digər məcburi ödənişlərdən yayınmasına şərait yaradır.

Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı rəylər əsasında yenilənmiş Tədbirlər Planının layihəsi hazırlanaraq, Komissiyanın iclasında təsdiq edilib. Eyni zamanda Komissiyanın qanunvericilik və idarəetmə, iqtisadi fəaliyyət sahələri üzrə işçi qrupu yaradılıb. Komissiya yanında Qeyri-Rəsmi Məşğulluqla Mübarizə Mərkəzinin yaradılması, müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsi də qərara alınıb.

Ə.Əhmədov həmçinin əmək münasibətləri tənzimlənməyən işçilərin aşkar edilməsi və  onların əmək fəaliyyətinin rəsmiləşdirilməsinin təmin edilməsi yönündə görülən işlərdən bəhs edib, sahibkarlarla görüşlər təşkil edildiyini, onlar arasında əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı maarifləndirmə işlərinin aparıldığını bildirib.

O, həmçinin pensiya qanunvericiliyində edilmiş son dəyişikliklərin, eyni zamanda "İşsizlikdən sığorta haqqında" qanunun qəbul olunmasının digər mütərəqqi cəhətləri ilə yanaşı, əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün stimullaşdırıcı rol oynadığını  da bildirib. Ə.Əhmədov hazırda keçirilən konfransın müvafiq sahədə fəaliyyətin qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və mütərəqqi metodlar əsasında təkmilləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

AHİK sədri, millət vəkili Səttar Möhbalıyev əmək bazarında inkişaf meyillərinə zidd olan qeyri-formal əməyə qarşı mübarizənin AHİK-in əsas fəaliyyət istiqamətlərindən biri olduğunu bildirib. O, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin təmin olunması prosesində həmkarlar ittifaqı təşkilatlarının sosial tərəfdaşlıq müstəvisində gördüyü işləri diqqətə çatdırıb.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyri-formal əmək münasibətlərinin əmək məhsuldarlığının artmasına, rəqabətqabiliyyətli məhsul istehsalına  maneə olmaqla, işəgötürənlərin iqtisadi mənafelərinə də ciddi zərbə vurduğunu önə çəkib. O, sahibkarlarla  aparılan işlərdə bu mövzunun həmişə diqqətdə saxlandığını qeyd edib.

Formal məşğulluğun layiqli əməyin başlıca təminat forması olduğunu diqqətə çatdıran BƏT-in Məşğulluq Siyasəti Departamentinin direktoru xanım Azita Berar Avad əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi istiqamətində Azərbaycanda aparılan fəal dövlət siyasətinin BƏT tərəfindən rəğbətlə qarşılandığını,  ölkəmizdə bu sahədə görülən işlərə BƏT-in həmişə yaxından dəstək vermək əzmində olduğunu bildirib.

Konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, BƏT-in mütəxəssisləri Frederik Lapeyre, Fərid Heqazi, habelə AHİK və ASK nümayəndələri çıxış ediblər.

FAYDALI KEÇİDLƏR