AZ | RU | EN

Əməkdaşlıq əlaqələri yüksək səviyyədədir

03 Dec 2016

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (DMHİ RK) X plenumu olub.
Plenumda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında "2014-2016-cı illər üçün Yolun sosial inkişafı üzrə bağlanmış Sazişin yerinə yetirilməsi haqqında" məsələyə baxılıb. Tədbirdə giriş sözü söyləyən Respublika Komitəsinin sədri Fəzail Bağırov çıxışının əvvəlində bildirib ki, müddəti başa çatmış Sazişdə götürülən öhdəliklərin yerinə yetirilməsi həm Cəmiyyət rəhbərliyi, həm də həmkarlar ittifaqı tərəfindən ciddi nəzarət altında saxlanılıb. Bunun nəticəsidir ki, Sazişin 51 bəndindən 48-i tam yerinə yetirilib. Əməkhaqqı üzrə borclar aradan qaldırılıb və hər ay vaxtlı-vaxtında ödənilməsi təmin edilib.


Sazişin III bölməsinin 8-ci bəndində göstərildiyi kimi, əməkdə xidmətlərə görə aylıq mükafatlar, iş stajından asılı olaraq, aylıq əməkhaqqı ilə birlikdə ödənilir. Bu məqsəd üçün 2014-cü ildə 5 mln. 188 min, 2015-ci ildə 4 mln. 358 min, 2016-cı ilin 9 ayında 3 mln. 338 min manat xərclənib.
Məruzə ilə RK-nın təşkilat şöbəsinin müdiri Samir Böyükzadə çıxış edib. Deyib ki, Sazişdə nəzərdə tutulan ən vacib məsələlərdən biri də əməyin mühafizəsi ilə bağlı olan öhdəliklərdir.

İşçilərin təhlükəsizliyini təmin etmək, onlara sağlam iş və istirahət şəraiti yaratmaq, istehsalatda zədə ilə nəticələnən hadisələrin qarşısını almaq istiqamətində xeyli təmir-tikinti, yenidənqurma işləri aparılıb, əl əməyini yüngülləşdirmək məqsədilə yeni texnikanın və texnologiyanın tətbiqinə geniş yer verilib.

Lokomotiv briqadalarının 12 saatdan artıq işləmələrinə yol verilmir. Müstəsna hallarda bu, baş verirsə, onların əməkhaqqı qanunvericiliyə müvafiq ödənilir.
Məruzədə o da qeyd olunub ki, iş paltarları, iş ayaqqabıları və fərdi mühafizə vasitələri ilə təminatda müəyyən irəliləyişlər var. Sazişin 1-ci bölməsinin 8-ci bəndində nəzərdə tutulan öhdəlik kəsirlə yerinə yetirilir. İşçilərə verilən iş paltarları və iş ayaqqabıları keyfiyyət baxımından tələblərə uyğun olmur.

Ciddi nəzarət nəticəsində əməyin mühafizəsinin vəziyyəti yaxşılaşıb və bədbəxt hadisələrin sayı azalıb.
Belə ki, 2015-ci ildə 2 ölüm, 3 xəsarət hadisəsi olduğu halda, 2016-cı ilin 11 ayı ərzində ölümlə nəticələnən hadisə qeydə alınmayıb.
İşçilərin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən azad edilməsi DMHİ RK-nın müvafiq nəzarət komissiyasının rəyi əsasında həyata keçirilib. 2014-cü ildən bəri tələbimizlə 225 işçi öz iş yerində saxlanılıblar. Bundan əlavə, həmin dövrdə Respublika Komitəsinə 9 dəmiryolçunun Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" və "ç" bəndləri ilə işdən azad olunması ilə bağlı ərizələrinə baxılıb, onların ağır ailə vəziyyəti, ailədə tək işləyən olmaları nəzərə alınaraq iş yerlərinə bərpa ediliblər.

Dəmir Yolunda çalışan əməkçilərin sosial problemlərinin həlli, əmək kollektivlərində sosial gərginliyin azaldılmasını, əmək şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə Respublika Komitəsi tərəfindən Dəmir Yolunun tabeçiliyində olan departament, idarə və müəssisələrdə yoxlamalar aparılıb. Bu yoxlamaların nəticələri RK-nın Rəyasət Heyətinin iclaslarında müzakirə olunub, aşkar olunan nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsi təmin edilib.

Plenumda AHİK sədri, millət vəkili Səttar Mehbalıyev çıxış edib. O, dəmiryolu sisteminin ölkə iqtisadiyyatının ən mühüm sahələrindən biri olduğunu deyib. Bildirib ki, Respublika Prezidenti cənab İlham Əliyev başda olmaqla, dövlətimiz bu sahəyə böyük diqqət yetirir. Qeyri-neft sektorunun aparıcı sahələrindən olan dəmiryolu sistemi böyük perspektivlərə malikdir.

Səttar müəllim qeyd edib ki, sahəyə yeni texnika və texnologiyalar tətbiq olunur. Bu da işçilərin layiqli, təhlükəsiz iş yerləri ilə təmin edilməsi üçün yaxşı şərait yaradır. AHİK sədri dedi ki, işçilərin sosial problemlərinin həlli istiqamətində də irəliləyişlər əldə edə bilmisiniz.

Səttar müəllim çıxışında əmin olduğunu bildirdi ki, bu böhranlarla müşahidə edilən illərdə cəmiyyət rəhbərliyi insan amilini ön planda tutacaq, hər kəsin əməyinin layiqincə dəyərləndirilməsi ənənəsinə sadiq qalacaq.

“Biz imkanımız daxilində işçilərimizin sosial problemlərini həll edirik. Onlar üçün müəssisələrimizin vəsaiti hesabına müasir tələblərə cavab verən iş yerləri yaradırıq. Mənzil problemlərinin aradan qaldırılmasına xidmət edən tədbirlər həyata keçiririk". Bu sözləri plenumda çıxışında “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov söylədi. Dedi ki, cəmiyyət rəhbərliyi ilə həmkarlar ittifaqı arasında etibarlı, səmimi əməkdaşlıq əlaqələri var. Onların çıxardıqları qərarlara hörmət və diqqətlə yanaşırıq. Kollektiv sazişdə üzərimizə düşən öhdəlikləri vaxtında və məsuliyyət hissi ilə yerinə yetiririk.

C.Qurbanov tərəfdaş kimi Hİ Respublika Komitəsinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ülfət qəzeti  03.12.2016 

FAYDALI KEÇİDLƏR